RU

Baş katib: Bu ili Azərbaycan atıcılığı üçün müsbət və inkişaf mərhələsi kimi qiymətləndirirəm - AÇIQLAMA

Bakı, 19 dekabr, AZƏRTAC

Bu ili Azərbaycan atıcılığı üçün müsbət və inkişaf mərhələsi kimi qiymətləndirirəm.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Atıcılıq Federasiyasının (AAF) baş katibi Emin Cəfərov ilin yekunlarını dəyərləndirərkən deyib.

O, idmançıların 2025-ci ildə ümumilikdə 25 medal qazandığını bildirib: “İl ərzində idmançılarımız beynəlxalq və regional yarışlarında mütəmadi iştirak ediblər. Medal sayımız AAF üçün cari təqvim ili üzrə rekord göstəricidir. Xüsusilə sevindirici məqam ondan ibarətdir ki, bu medalların böyük əksəriyyəti gənc idmançılarımız və yeni formalaşan nəsil tərəfindən əldə olunub. Bu nəticələr seçilmiş inkişaf strategiyasının düzgünlüyünü və gənclərin hazırlanmasına yönəlmiş siyasətin real nəticələr verdiyini təsdiqləyir. Eyni zamanda, yarışların təşkili, beynəlxalq əməkdaşlıq və institusional inkişaf istiqamətində atılan addımlar qurumun gələcək fəaliyyəti üçün möhkəm baza formalaşdırıb”.

Onun sözlərinə görə, qarşıya qoyulan hədəflər ümumilikdə planlaşdırılan istiqamətdə icra olunub: “Bununla yanaşı, mövcud təcrübə göstərdi ki, bəzi sahələrdə əlavə təkmilləşdirmələrə ehtiyac var. Mövsüm ərzində beynəlxalq yarış təqviminin intensivliyi və hazırlıq prosesinin optimallaşdırılması ilə bağlı müəyyən məsələlər üzə çıxdı. Bu məqamlar federasiya tərəfindən dəyərləndirilmiş və növbəti mərhələdə daha səmərəli yanaşmanın tətbiqi üçün müvafiq addımlar müəyyən edilib”.

Baş katib vurğulayıb ki, 2026-cı il Azərbaycan atıcılığı üçün strateji baxımdan mühüm mərhələ olacaq: “Əsas prioritetlərimiz idmançıların beynəlxalq yarışlara daha planlı və məqsədyönlü hazırlanması, gənclər və ehtiyat heyətinin gücləndirilməsi, məşqçi və hakim korpusunun peşəkar inkişafının davam etdirilməsidir. Eyni zamanda, 2028-ci il Los-Anceles Olimpiya Oyunlarına hazırlıq əsas strateji hədəf kimi müəyyən edilib. Bu çərçivədə seçilmiş idmançıların nəticələrinin sabitləşdirilməsi, Olimpiya lisenziyalarının qazanılması və medal uğrunda real mübarizə aparacaq heyətin formalaşdırılması əsas gözləntilərimiz sırasındadır”.

Избранный
39
azertag.az

1Источники