Dekabrın 18-də Avropa Parlamenti Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı yeni qətnamə qəbul edib.
NOCOMMENT.az xəbər verir ki, qətnamədə siyasi motivlərlə həbs olunan şəxslərin sayı, o cümlədən jurnalistlər, akademiklər və insan hüquqları müdafiəçiləri qeyd olunub, xüsusilə AXCP sədri Əli Kərimlinin həbsinə etiraz ifadə edilib. Parlament Azərbaycan hökumətini bütün siyasi məhbusları azad etməyə və ədalətli məhkəmə təmin etməyə çağırıb, həmçinin gələcək tərəfdaşlıq sazişlərinin insan hüquqları və hüququn aliliyi sahəsində real irəliləyişlərdən asılı olacağını vurğulayıb. Sənəd, eyni zamanda, Azərbaycan sərhədlərindən kənarda həyata keçirilən hədəfli qətl planları və destabilizasiya kampaniyalarını da tənqid edirb.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Cavanşir Abbaslı qeyd edib ki, indiki mərhələdə Avropa Parlamentinin belə bir qərar qəbul edəcəyi gözlənilən idi: “Hazırda Avropa institutları Azərbaycana təzyiq göstərmək üçün müxtəlif yollar axtarırlar, bəhanələr tapırlar və qərəzli münasibətlərini bu formada ifadə edirlər. Konkret olaraq, onların bəyanatında adı çəkilən şəxslərə gəldikdə isə məlumdur ki, həmin şəxslər arasında dövlətə xəyanət ittihamı ilə həbs olunan var. Belə bir şəxs, siyasi məhbus kimi təqdim olunur. Bu isə birbaşa başqa bir dövlətin daxili işlərinə müdaxilədir. Azərbaycanın daxili işlərinə zaman-zaman bu cür yollarla qarışırlar və müəyyən nəticələr əldə etməyə çalışırlar. Amma bu tip qətnamələrin heç bir nəticəsi olmadığı da göz qabağındadır”.
Abbaslı qeyd edib ki, konkret olaraq bir ölkədə siyasətçi, partiya sədri hakimiyyətə gəlmək yolunu başqa bir ölkənin dəstəyi ilə təmin etməyə çalışırsa və həmin şəxs dövlət çevrilişi ittihamı ilə həbs olunursa, cinayətləri dolayısı ilə sübut olunursa, biz başa düşmürük ki, Avropa Parlamenti necə ola bilər ki, belə şəxsin azadlığa buraxılmasını tələb etsin: “Onlar öz aləmlərində insanları kateqoriyalara bölür, siyasətçi toxunulmazdır. Halbuki qanun qarşısında hər kəs bərabərdir: siyasətçi, dövlət rəhbəri və ya iri ranqlı məmur da sıravi vətəndaşdır. Əsas olan şəxsin cinayətinin sübut olunmasıdır. İndi bir şəxs həbs olunub, istintaq prosesi gedir, məhkəmə prosesləri keçiriləcək və yekun qərar veriləcək. Məhkəmənin qərarı olmadan belə bir qətnamə qəbul etmək birbaşa qərəzdən irəli gəlir. Düşünürəm ki, Azərbaycan tərəfi buna o qədər də əhəmiyyət verməməlidir”.
Şərhçinin sözlərinə görə, bəzən deyilir ki, Azərbaycanda dörd yüzdən çox siyasi məhbus var. Bu, ölkəmiz üçün kifayət qədər böyük rəqəmdir. Lakin, indiyə qədər olan təhlillər göstərir ki, son illərdə siyasi motivli həbslərin sayı kəskin şəkildə azalıb. Belə olan halda, siyahının daha çox artması yalnız bəzi beynəlxalq qurumların Azərbaycana qarşı qərəzli yanaşmasından irəli gəlir. Azərbaycanın müstəqil və balanslı siyasət yürütməsi onları qane etmir: “Hesab edirəm ki, biz bundan sonra da belə qətnamələrin şahidi olacağıq. Buna baxmayaraq, siyasətimizi səmərəli şəkildə davam etdirməliyik. Problemlərimizi milli maraqlarımızı nəzərə alaraq hissə-hissə həll etməliyik. Daxildə kifayət qədər böyük problemlər mövcuddur və biz onları aradan qaldırmaq üçün çalışmalıyıq. Biz, Cənubi Qafqazın lider ölkəsi olaraq, öz dövlətimizi qoruyub, kimlərsə müdaxilə etməyə çalışarsa layiqli cavab verməliyik”.