RU

Avropa Parlamentinin qətnaməsi sülh gündəliyi prosesinə maneə yaratmaq məqsədi güdür - ŞƏRH

Bakı, 19 dekabr, AZƏRTAC

Avropa Parlamentinin (AP) Azərbaycana qarşı qəbul etdiyi qətnamə son illərdə qurumun ölkəmizin əleyhinə yürütdüyü qərəzli siyasətin mahiyyətini dəqiq əks etdirir. AP-nin Ermənistanın 30 illik işğal dövründ, azərbaycanlıların fundamental hüquqlarının pozulmasına, məscidlərimizin dağıdılmasına səssiz qalaraq, indi hansısa adlar altında qətnamələr qəbul etməsi klassik ikili standartdır. Bir sözlə, Avropa Parlamentinin qətnaməsi sülh gündəliyi prosesinə maneə yaratmaq məqsədi güdür.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov söyləyib.

Deputat bildirib ki, Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi növbəti qərəzli qətnamə bu qurumun artıq obyektivliyini tamamilə itirdiyinin və erməni lobbisinin əlində bir alətə çevrildiyinin bariz sübutudur.

“Suverenliyimizin tam bərpa olunduğu, bölgədə sülh gündəliyinin irəli aparıldığı bir vaxtda belə sənədlərin qəbulu sülh prosesinə xidmət etmir, əksinə, revanşist qüvvələri stimullaşdırır. Biz bu kağız parçalarını ölkəmizin daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirir və qətiyyətlə rədd edirik. Azərbaycana qarşı irəli sürülən bu haqsız ittihamlar müqabilində Avropanın hansı dəyərlərə söykəndiyini sual etməyə bilmərik. Sənədin mətnində yer alan “siyasi məhbuslar”, “siyasi təqiblər”, “akademik azadlıqların pozulması” və “mədəni hüquqların məhdudlaşdırılması” kimi ifadələr tamamilə əsassızdır, heç bir fakta söykənmir və aşkar qərəz nümunəsidir. Sənədin hazırlanması zamanı yol verilən hüquqi və siyasi səhvlər isə birbaşa olaraq qətnamənin tərtib edilməsi və qəbulu zamanı avroparlamentarilərin beynəlxalq hüquq, ədalət, obyektivlik kimi anlayışlardan nələrinsə müqabilində uzaq olduqlarını göstərir”, - deyə A.Məmmədov vurğulayıb.

Deputat diqqətə çatdırıb ki, Azərbaycanda heç kim siyasi baxışlarına və ya fəaliyyətinə görə təqib olunmur. Qanun qarşısında hamı bərabərdir. Cinayət törətmiş şəxslərin “Siyasi məhbuslar” adı altında “siyasi fəal” libasında təqdim edilməsi cəhdi Azərbaycanın müstəqil məhkəmə sisteminə təzyiq göstərmək məqsədi daşıyır. Digər tərəfdən Azərbaycanda multikulturalizm dövlət siyasətidir. Ölkəmizdə bütün etnik və dini qrupların mədəni hüquqları Konstitusiya ilə qorunur. Akademik mühit isə tamamilə azaddır və beynəlxalq standartlara uyğundur. Belə olduğu təqdirdə AP-nin bu cür uydurma ittihamları ölkəmizin daxili birliyinə kölgə salmaq cəhdindən başqa bir şey deyil. Avropa Parlamentinin qərarları nəinki Avropa İttifaqının üzvü olmayan Azərbaycan, hətta Avropa İttifaqı ölkələri üçün də xüsusi əhəmiyyət kəsb etmir. Heç kimə sirr deyil ki, insan hüquqları çoxdan spekulyasiya və manipulyasiya alətinə çevrilib, onların mühitində insan hüquqları anlayışı da demokratiya anlayışı kimi artıq dəyərini itirib. Bu gün Avropa İttifaqının özündə həm insan haqları, həm də sivil tolerantlıq sahəsində vəziyyət çox acınacaqlıdır. Hər gün Avropa İttifaqı ölkələrinin müxtəlif şəhərlərində antisemit, islamofob və irqçi elementlərin olduğu hadisələr baş verir. Ən çox hiddət doğuran faktlar isə hüquq-mühafizə orqanlarının buna biganə münasibətidir. Yaxşı olardı ki, Avropa Parlamenti öz daxilində baş verən hadisələri, prosesləri izləsin və qiymətləndirsin.

“Heç bir xarici qüvvə, heç bir qərəzli qətnamə Azərbaycanı seçdiyi müstəqil yoldan döndərə bilməz. Biz öz konstitusion haqlarımızı, suverenliyimizi və milli maraqlarımızı qorumaqda qətiyyətliyik. Avropa Parlamentini reallığı qəbul etməyə və Azərbaycanın suveren hüquqlarına hörmətlə yanaşmağa çağırırıq. Prezident İlham Əliyevin rəhbərliyi ilə biz milli maraqlarımızı qoruyaraq beynəlxalq arenada daha güclü və sayılan tərəfdaş olmağa davam edəcəyik. Belə sənədlər Avropa Parlamentinin öz dəyərlərinə sadiq olmadığını və beynəlxalq hüququn normalarını yalnız maraqlarına uyğun şəkildə şərh etdiyini göstərir. Azərbaycan xalqı olaraq bilirik ki, milli mənafeyimizi qorumaq yolunda bütün çətinlikləri dəf edəcək gücə sahibik. Bizi heç bir qərəzli sənəd və qurum öz haqq yolumuzdan geri döndərə bilməz”, - deyə Anar Məmmədov bildirib.

Избранный
104
azertag.az

1Источники