RU

Azərbaycan dövlətinin humanist siyasəti fonunda Avropa Parlamentinin qərəzli qətnaməsinin heç bir mənası yoxdur

Bakı, 19 dekabr, AZƏRTAC

Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin humanist qərarını yüksək qiymətləndirir, amnistiya aktının on minlərlə insanın həyatını necə dəyişəcəyindən danışır. Dövlətimizin başçısının bu təşəbbüsü vaxtilə səhv etmiş insanların yenidən ailəsinin əhatəsinə qayıtması və cəmiyyətə inteqrasiyası üçün verilən ikinci şansdır. Belə bir vaxtda Prezident İlham Əliyevin humanist qərarına şərik çıxmaq cəhdlərini müşahidə edirik. “Böyük Birliyin” cılız qətnaməsini nəzərdə tuturam. Deməli, Avropa Parlamentinin nümayəndələri toplaşıb Azərbaycan Prezidentinin qərarından necə bəhrələnə biləcəklərini müzakirə ediblər və qərara gəliblər ki, elə bir qətnamə qəbul edək ki, guya bu humanist addım onların təşəbbüsü olub.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Arazxan Balayev bildirib. O deyib: “Maraqlıdır ki, hazırlıqsız yaxalanan Avropa Parlamentinin nümayəndələri bu günün reallıqlarını nəzərə almadan, sanki köhnə sənədlərin birinin üzərində cızma-qara edib, yenisini hazırlayıblar. Üslub da dəyişməyib – “siyasi məhbus”, “söz azadlığı” kimi ifadələrdən həmişəki kimi geniş istifadə edilərək, kimlərəsə azadlıq istəyiblər. Avropa İttifaqı daxilində “kar, kor və lal olub, üç meymunu oynayanlar” Azərbaycanda mikoskopla axtarış edirlər. Bununla nəyə nail olmaq istəyirlər? Cavab çox sadədir. Prezident İlham Əliyevin elan etdiyi amnistiya nəticəsində insanların azad olunmasının məhz Avropa Parlamentində qəbul etdikləri qətnamənin nəticəsi olduğunu deyəcəklər. Amma xalqın gözü tərəzidir. Azərbaycan xalqı kimin nəyi, niyə etdiyini yaxşı bilir.

Azərbaycan Prezidenti isə həmişə olduğu kimi təmkinli siyasətini davam etdirir. Avropa Parlamentinin siyasi riyakarlığına baxmayaraq ittifaq ölkələrinin enerji təhlükəsizliyində əvəzsiz rol oynayır. Ayrı-ayrı Avropa ölkələri ilə ikitərəfli münasibətləri inkişaf etdirir. Nəticədə böyük görünən, cılız ittifaqın qarşısında Azərbaycan Prezidentinin nəhəng addımlarını müşahidə edirik.

Избранный
132
azertag.az

1Источники