RU

Əmək qanunvericiliyində ailə vəzifələri olan işçilərlə bağlı yeni tənzimləmələr nəzərdə tutulur

Bakı, 19 dekabr, AZƏRTAC

Əmək qanunvericiliyində ailə vəzifələri olan işçilərin hüquqlarının daha effektiv qorunması ilə əlaqədar dəyişikliklər nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov DOST TV-də yayımlanan “Onlayn müfəttiş” verilişində bildirib.

Onun dediyinə görə, qanunvericilikdə “ailə vəzifələri olan işçi” anlayışı tibbi rəyə əsasən qulluğa və ya köməyə ehtiyacı olan ailə üzvünə – ərinə (arvadına), valideynlərinə, övladlarına, o cümlədən övladlığa götürülmüş uşaqlara, qəyyumluğunda və ya himayəsində olan digər şəxslərə, həmçinin himayədar ailə (valideyn) olaraq ona verilmiş uşağa qulluq göstərilməsi ilə əlaqədar əmək fəaliyyətinə başlamaq, əmək funksiyasını yerinə yetirmək və ya işdə irəli çəkilmək imkanları məhdudlaşan işçi kimi müəyyən edilir.

Fuad Heydərov bildirib ki, Əmək Məcəlləsinin 16-cı maddəsinin 1-ci hissəsinə edilən dəyişikliklə əmək münasibətlərində ailə vəzifələrinə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqların məhdudlaşdırılması qadağan olunub.

Qeyd edilib ki, Beynəlxalq Əmək Təşkilatının “Ailə öhdəlikləri olan işçilər: kişi və qadın işçilər üçün bərabər rəftar və bərabər imkanlar haqqında” 165 nömrəli Tövsiyəsinin 19-cu bəndinə əsasən, növbəli iş rejimi təşkil edilərkən və gecə növbəsinə işə təyin olunarkən işçilərin xüsusi ehtiyacları, o cümlədən ailə öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı tələbləri əsaslandırıldığı və praktiki cəhətdən mümkün olduğu hallarda nəzərə alınmalıdır.

Həmin çərçivədə milli qanunvericiliyin beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə Əmək Məcəlləsinin 98-ci maddəsinə yeni məzmunda tənzimləmə gətirildiyi vurğulanıb. Belə ki, növbəli iş vaxtı rejimi tətbiq edilərkən və gecə növbəsinə işə təyinat zamanı işçilərin xüsusi, o cümlədən ailə vəzifələrinin icrası ilə bağlı ehtiyaclarının nəzərə alınması nəzərdə tutulur.

Избранный
39
azertag.az

1Источники