Bakı, 19 dekabr, AZƏRTAC
Avropa Parlamenti Azərbaycan dövlətinə, qanunvericiliyinə qarşı növbəti böhtan xarakterli sənəd qəbul edib. Əlbəttə ki, bu təşkilatın 2025-ci il 18 dekabr tarixli Qətnaməsinin heç bir hüquqi əsası yoxdur. Həqiqəti əks etdirməyən və saxta iddialar əsasında hazırlanmış bu sənəd Azərbaycan dövlətinə, dövlətçiliyinə, xalqına qarşı törədilmiş konkret cinayət əməllərinə siyasi don geyindirməyə çalışır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.
Komitə sədri bildirib ki, Avropa Parlamenti ölkəmizin suverenlik hüququna hörmətsizlik edir, hüququn aliliyini pozur. Bu Qətnamə Azərbaycanın daxili işlərinə kobud müdaxilədir.
“Otuz ildən artıq müddətdə Azərbaycanın əraziləri işğal altında qalıb. Yüzlərlə şəhər və kəndimiz viran edilib, tarixi və mədəni irsimiz məqsədli şəkildə dağıdılıb. Bir milyondan artıq Azərbaycan vətəndaşının ən fundamental hüquqları pozulub. Lakin həmin dövrdə Avropa Parlamenti bu faktlarla bağlı heç bir sənəd qəbul etmədi. Əksinə, Azərbaycanı mövcud reallığı qəbul etməyə çağırdı. Təəssüf ki, Avropa Parlamentinin qərəzli mövqeyi 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən sonra da davam edib və biz bununla bağlı bir neçə dəfə ədalətsiz qətnamələrin qəbulunun şahidi olmuşuq. Bu cür qərarlar Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir. Hər bir dövlət kimi Azərbaycan da öz təhlükəsizliyini və milli maraqlarını qorumaq hüququna malikdir. Qəbul edilən bu sənəd bir daha sübut edir ki, Avropa Parlamenti hüququ deyil, öz siyasi maraqlarını müdafiə edir. Bu, açıq siyasi riyakarlıqdır. Biz növbəti dəfə böhtan xarakterli və heç bir hüquqi əsası olmayan bu qətnaməni qətiyyətlə pisləyir, onun qəbuledilməz olduğunu bildiririk. Belə qərarlar Azərbaycanın inkişafına və daha da güclənməsinə əsla mane ola bilməz”, – deyə Hicran Hüseynova vurğulayıb.