Bakı, 19 dekabr, AZƏRTAC
Qlobal bazara çıxmaq potensialı olan startaplar, adətən, innovasiya səviyyəsi, texnoloji dayanıqlığı və miqyaslana bilmə sürəti ilə seçilir. Belə startapların əsas xüsusiyyəti qısa müddətdə geniş auditoriyanı əhatə edə bilən və müxtəlif bazarlarda eyni effektivliklə tətbiq oluna bilən məhsul və ya xidmət təqdim etmələridir. Yəni onların yaratdıqları həll yalnız lokal problemə deyil, universal bir ehtiyaca cavab verməlidir. Bu cür məhsullar daha çox süni intellekt, data analitikası, SaaS platformaları, avtomatlaşdırma və rəqəmsal transformasiya kimi yüksək texnologiyalara əsaslanır ki, bu da qlobal bazarda rəqabət qabiliyyətini artırır. Eyni zamanda, belə startaplar viral yayılma potensialına malik olur. Yəni istifadəçilər məhsuldan məmnun qaldıqca başqalarına tövsiyə edir, beləliklə, məhsul öz-özünə böyümə mexanizminə sahib olur. Bu, həm ümumi xərcləri azaldır, həm də sürətli istifadəçi qazanmağa imkan verir. Komanda strukturu da böyük rol oynayır: qlobal ambisiya ilə düşünən, çevik və texniki bilikləri güclü olan komanda daha qısa müddətdə beynəlxalq səviyyəyə çıxmaq şansı qazanır. Bununla yanaşı, startaplara kommersiyayönümlü investisiyaların cəlb olunması xüsusi əhəmiyyət kəsb edir. Bu cür investisiya mexanizmləri investorların marağını artırır, nəticə etibarilə startapların inkişafı və dayanıqlı dəstək mühitinin formalaşmasına təkan verir.
Bu barədə AZƏRTAC-a SABAH.HUB İnnovasiya Mərkəzinin İdarə Heyətinin üzvü Orxan Abbasov məlumat verib.
O bildirib ki, startap ekosisteminin inkişafı yalnız uğurlu startapların daxili keyfiyyətləri ilə məhdudlaşmır. Bunun üçün ölkə səviyyəsində müəyyən strateji addımların atılması mühümdür:”İlk növbədə, qanunvericilikdə startap fəaliyyətini dəstəkləyən və prosesləri sadələşdirən islahatların aparılması, qeydiyyat, vergi güzəştləri, intellektual mülkiyyətin qorunması kimi sahələrdə daha çevik yanaşmalar ekosistemin inkişafına böyük təkan verə bilər. Digər mühüm məsələ dövlət və özəl sektorun ekosistemə verdiyi dəstəkdir. Şirkətlərin startap həllərindən daha çox istifadə etməsi, onlarla əməkdaşlıq qurması həm innovasiyanı sürətləndirər, həm də startaplara real müştəri mühiti yaradaraq onları daha dayanıqlı edər. Bununla yanaşı, investisiya imkanlarının genişləndirilməsi – mələk investor şəbəkələrinin, vençur fondlarının yaranması və xarici investorların cəlb olunması ekosistemin sürətli inkişafını təmin edən əsas faktorlardandır. Bu baxımdan, “Baku ID” innovasiya festivalı çərçivəsində region ölkələrinin vençur fondlarının eyni tədbirdə bir araya gətirilməsi həm kapital axınını stimullaşdırması, həm də regional əməkdaşlığı dərinləşdirməsi baxımından xüsusi önəm daşıyır. Təhsil və mentorluq mühiti də ekosistemin vacib hissəsidir. Universitetlərdə startap düşüncəsinin təşviqi, gənclərin real həyat problemlərini həll etməyə yönəldilməsi, “bootcamp” və “hackathon”ların təşkili onların ideyalarını daha tez formalaşdırmasına və ilk mərhələdə qarşılaşacaqları çətinlikləri daha az risklə aşmalarına kömək edir. Hazırda SABAH.academy-nin həyata keçirdiyi tədris proqramları və tələbələr üçün təşkil olunan “Demo Day”lər universitet mühitində sahibkarlıq bacarıqlarının gücləndirilməsinə yönəlmiş uğurlu təşəbbüslərdəndir. Nəticə etibarilə, bu addımlar ölkədə qlobal potensialı olan startapların sayını artıracaq və Azərbaycanı regionun aparıcı innovasiya ekosistemlərindən birinə çevirəcək”.