RU

Ağadadaş Ağayev amnistiyaya düşürmü?

ain.az, Bizimyol saytına istinadən bildirir.

Üzərində məhkumluğu olan məşhurlardan biri də Xalq artisti Ağadadaş Ağayevdir. Bu ilin martında onun haqqında ittiham hökmü çıxarılıb. Hökmə əsasən, müğənni “MedEra Hospital”ın mühafizəçisi Nurəddin Cəlilova balta atdığına görə, Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsi ilə təqsirli bilinib. Ağadadaş Ağayevə 2 il azadlıqdan məhrumetmə cəzası təyin olunub. Lakin Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilməklə, ona təyin olunan cəza şərti hesab edilib və 1 il sınaq müddəti təyin olunub.

Bizimyol.info xəbər verir ki, Ağadadaş Ağayevin təqsirli bilindiyi maddə az ağır cinayətlər kateqoriyasına aiddir.

“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin qərarına nəzər salanda görünür ki, Cinayət Məcəlləsinin 221.3 maddəsinə bu aktın təsir dairəsinə düşməyib. Lakin amnistiya qərarının 2.12 bəndində göstərilib ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətdiklərinə görə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş və ya bu növ cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, yaxud bu növ cəzanın çəkilməsi təxirə salınmış şəxslərə amnistiya tətbiq olunacaq.

Ağadadaş Ağayevə də şərti cəza verilib və o, qərarın 2.12 bəndində nəzərdə tutulan şəxslər kateqoriyasına daxildir.

Xatırladaq ki, Ağadadaş Ağayevin mübahisə etdiyi Nurəddin Cəlilovla yanaşı, müğənninin atdığı baltanın dəydiyi xadimə Nəzakət Paşayeva da Xalq artistinin məhkəməsində zərərçəkən qismində tanınmışdı. Onlar əvvəl şikayətçi olsalar da, məhkəmə prosesinin gedişində tərəflər arasında barışıq oldu. Zərərçəkmişlər müğənnidən şikayətçi olmadıqlarını bildirdilər. Lakin həmin insidentə görə Ağadadaş Ağayevlə yanaşı, Nurəddin Cəlilov barəsində də cinayət işi başlanmış, eyni maddə ilə ona da ittiham verilmişdi. Müğənni də ondan şikayətçi olmadı. Nurəddin Cəlilov haqqında şərti cəza hökmü çıxarıldı.

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
109
bizimyol.info

1Источники