RU

Biz hələ də elə bilirik ki, təhsilin “ağası” müəllimlərdir

“Təəssüflər olsun ki, biz hələ də düşünürük ki, təhsilin “ağası” müəllimlərdir, məktəbdir. Valideynin isə borcu sadəcə dünyaya uşaq gətirməkdən ibarətdir. Bu, əlbəttə ki, belə deyil”.

AzEdu.az xəbər verir ki, bu sözləri Təhsil TV-yə müsahibəsində əməkdar müəllim, təhsil tədqiqatçısı Asif Cahangirov deyib.

Onun sözlərinə görə, valideynin təhsildəki marağı və rolu düzgün anlaşılmır:

“Valideynlər istəyirlər ki, övladlarının müəllimi onları daha yaxşı tanısın və maksimum dərəcədə inkişaf etdirsin. Müəllimin istəyi də elə budur: şagirdin inkişaf etməsi. Lakin bunu nə valideyn təkbaşına bacara bilər, nə də müəllim. XXI əsr artıq onu tələb edir ki, müəllim və valideyn münasibətləri düzgün şəkildə birləşsin”.

Hazırda pedaqoji maarifləndirmə və valideynlərin maariflənməsi ən aktual məsələlərdən biridir:

“Əks halda, biz çox böyük fəlakətlərlə üzləşəcəyik. 10-15 il əvvəl kim deyərdi ki, ali məktəbə az bal topladığı üçün qəbul ola bilməyən bir abituriyent axşam nəticələrini öyrəndikdən sonra özünü 20-ci mərtəbədən atacaq? Və ya valideynin övladına kobud davranması, ona ciddi psixoloji təzyiq göstərməsi başqa bir faciəyə yol aça bilər. Əvvəllər bunların heç biri yaşanmırdı”.

Təhsil tədqiqatçısı pedaqoji kadr hazırlığı məsələsinə də toxunub:

“Gəlin baxaq pedaqoji kadr hazırlayan universitetlərə. Gələcək müəllimlərə psixoloji və fizioloji xüsusiyyətlər, eləcə də pedaqoji yanaşmaların incəlikləri tam şəkildə aşılanırmı? Əlbəttə ki, yox. Ümumiyyətlə, bu mövzularda yalnız ötəri məlumatlarla kifayətlənilir”.

Избранный
51
azedu.az

1Источники