RU

Qəbələdə peşə təhsili mərkəzləri və əmək bazarı arasında əlaqələr gücləndirilir

Qəbələ, 22 dekabr, Mustafa Dadaşov, AZƏRTAC

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Peşə təhsili və əmək bazarı əməkdaşlığının gücləndirilməsi” mövzusunda regional konfrans keçirilib.

Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri, Qəbələ, İsmayıllı, Oğuz, Qax və Şəki Peşə Təhsil mərkəzlərinin direktorları, regionda fəaliyyət göstərən işəgötürənlər və sahibkarlar iştirak ediblər.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, konfrans çərçivəsində əvvəlcə peşə təhsil mərkəzlərinin təşkil etdiyi sərgiyə baxış olub. Sərgidə təhsilalanların hazırladığı iş nümunələri və praktiki bacarıqları nümayiş olunub.

Konfransın açılışında Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev çıxış edərək mərkəzin fəaliyyəti, inkişaf yolu və gələcək hədəfləri barədə məlumat verib. Direktor peşə təhsilinin əmək bazarının tələblərinə uyğunlaşdırılmasının vacibliyini vurğulayıb.

Konfrans panel müzakirələrlə davam etdirilib. Regionda işəgötürənlərin tələbləri və peşə təhsili müəssisələri üçün yeni çağırışlar, işəgötürən - peşə təhsili mərkəzləri əməkdaşlığı, dual təhsil, birgə layihələr, startap təşəbbüslər panellərin əsas müzakirə mövzusu olub.

Tədbir çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə “Tatun Travel” MMC arasında əməkdaşlıq memorandumu da imzalanıb.

Qeyd edək ki, bu kimi regional konfranslar peşə təhsili ilə əmək bazarı arasında əlaqələrin möhkəmlənməsinə, gənclərin məşğulluq imkanlarının artırılmasına və regionlarda dayanıqlı insan kapitalının formalaşmasına mühüm töhfə verir.

Избранный
29
azertag.az

1Источники