RU

Ədliyyə nazirinin müavini: Amnistiyanın icrası zamanı ədalətlilik və şəffaflıq prinsipləri əsas meyar olacaq

Bakı, 22 dekabr, Günel Türksoy, foto Orxan Kərimov, AZƏRTAC

Şəffaflığın təmin olunması vacib məsələdir. Amnistiyanın icrası zamanı qanunvericiliyin tələblərinə tam əməl edilməklə, prosesdə ədalətlilik və şəffaflıq prinsipləri əsas meyar olacaq, hər bir iş ayrı-ayrılıqda öyrənilərək, zəruri tədbirlər təxirəsalınmaz qaydada həyata keçiriləcək.

Bu barədə ədliyyə nazirinin müavini Mübariz Əhmədov AZƏRTAC-a müsahibəsində bildirib.

Nazir müavini deyib ki, əvvəlki amnistiya aktlarının icrası zamanı da bu yanaşma tətbiq olunub, media və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə proses geniş şəkildə işıqlandırılıb:”Bu təcrübə göstərdi ki, ictimai nəzarət və şəffaflıq təmin edildikdə həm hüquq qaydası, həm də vətəndaş etimadı güclənir”.

Mübariz Əhmədov vurğulayıb ki, yeni amnistiya aktının icrasında da geniş ictimai maarifləndirmə və məlumatlandırılma həyata keçiriləcək, ictimai iştirak və şəffaflıq prinsipləri tam təmin ediləcək. “Bundan əlavə, əvvəlki aktların icra müddətləri və nəticələrinə əsaslanaraq, bu dəfə prosesin daha da sürətli və çevik həyata keçirilməsi üçün bütün inzibati və texniki resurslar səfərbər edilib. Məqsəd isə Qərarda müəyyən edilmiş vaxtdan da daha tez nəticə əldə etmək, amnistiyanın hüquqi və sosial təsirini maksimum dərəcədə göstərməkdir”, - deyə nazir müavini diqqətə çatdırıb.

Qeyd edək ki, ədliyyə nazirinin müavini Mübariz Əhmədovun müsahibəsi ilə daha geniş şəkildə bu gün AZƏRTAC-da tanış ola biləcəksiniz.

Избранный
88
azertag.az

1Источники