RU

Universitetlərdə təhsil 3 ilə edirilir? - “Təhsil müddətinin 1 il azaldılması mümkündür”

Türkiyədə uğurlu tələbələrin ali təhsilini 3 ildə başa vurmasına imkan verən yeni model region ölkələrində, o cümlədən Azərbaycanda maraq doğurub. 

“Hazırda müəyyən ixtisaslarda təhsil müddətinin 1 il azaldılması mümkündür. Lakin bu təcrübənin tətbiqi üçün, ilk növbədə, qanunvericilikdə müəyyən dəyişikliklər edilməlidir. Eləcə də dəyişikliyin elmi-pedaqoji əsaslandırılması aparılmalı, texniki-maliyyə məsələləri aydınlaşdırlmalı və optimal proqnozu verilməlidir”.

Bunu “Yeni Sabah”a təhsil eksperti Cahid İmanlı bildirib.

Onun sözlərinə görə, müəyyən ixtisaslarda, Türkiyə modelinə uyğun olaraq, tətbiqi, yəni tədris müddətinin 4 ildən 3 ilə endirilməsi prinsipcə təhsilin keyfiyyətinə mənfi təsir göstərmir:

 “Bu gün Azərbaycan təhsilində diferensiallaşma geniş tətbiq edilir, 3 illik ali təhsilin yaxşı oxuyan tələbələrə aid edilməsi də müzakirə mövzusu ola bilər, amma buna hazır olduğumuzu düşünürəm. Halbuki tədris proqramından müəyyən qeyri-ixtisas fənlərinin çıxarılması və fənnin tədrisinə yeni baxış sayəsinə təhsil müddətini qısaltmaq, son nəticədə, tələbələr daha tez, daha effektiv şəkildə əmək bazarına daxil ola bilər”.

Milli Məclisin elm və təhsil komitəsinin üzvü Elnarə Akimova mövzuya daha ehtiyatlı yanaşıb.

Onun fikrincə, Türkiyədə tətbiq olunan təcrübənin Azərbaycanda geniş şəkildə tətbiqi məqsədəuyğun deyil:

"Azərbaycan ali təhsil sistemi struktur və məzmun baxımından hələ də 4 illik tədris üzərində formalaşıb və bu müddət təsadüfi seçilməyib. Tədris proqramları, fənlərin ardıcıllığı, nəzəri və praktik biliklərin balansı məhz bu zaman çərçivəsinə uyğunlaşdırılıb.

Mövcud reallıq göstərir ki, ali təhsil müəssisələrində kredit sisteminin tam funksional işləməsi, tələbənin fərdi təhsil trayektoriyasının qurulması və dərindən ixtisaslaşma imkanları hələ istənilən səviyyədə deyil”.

Deputatın sözlərinə görə, əksər hallarda 4 il əvəzinə 3 il oxumaq təhsilin keyfiyyətinə mənfi təsir göstərə bilər:

“Bu, biliklərin səthi mənimsənilməsinə gətirib çıxara bilər. Ali təhsil sadəcə diplom əldə etmək prosesi yox, intellektual, peşəkar və dünyagörüşü baxımından formalaşma mərhələsidir. Bununla belə, nəzəri baxımdan belə bir imkanın yalnız çox yüksək akademik göstəricilərə malik tələbələr üçün istisna hal kimi tətbiqinin müzakirəsi mümkündür. Bu halda söhbət kütləvi mexanizmdən deyil, ciddi seleksiya və nəzarət sistemi ilə seçilmiş, davamlı yüksək nəticə göstərən tələbələrdən gedə bilər. Bu yanaşma həm motivasiya yaradardı, həm də ali təhsilin ümumi səviyyəsinə xələl gətirməzdi.

Dörd il əvəzinə üç il oxumaq əksər hallarda təhsilin keyfiyyətinə mənfi təsir göstərə bilər. Çünki elmi düşüncə, tədqiqat vərdişləri, analitik yanaşma və peşə bacarıqları zaman tələb edir. Bu mərhələlərin süni şəkildə sıxlaşdırılması ali təhsilin mahiyyətini zəiflədə bilər. Nəticə etibarilə, Azərbaycan üçün hazırda daha vacib məsələ təhsil müddətini azaltmaq deyil, mövcud 4 illik ali təhsilin məzmununu və keyfiyyətini gücləndirməkdir”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Избранный
71
yenisabah.az

1Источники