Son illər Azərbaycanda qeydə alınan seysmik aktivliyin artması cəmiyyətdə narahatlıq doğurur. Bəs bu proses 2026-cı il üçün ciddi risk siqnalı sayıla bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən ekoloq Qorxmaz İbrahimli bildirib ki, Azərbaycan seysmik aktiv zonada yerləşir və bu baxımdan müşahidə olunan proseslər təbiidir:
“Biz Abşeron çökəkliyində yerləşirik. Bu ərazi Ərəbistan platformasının hissələrindən biridir və burada gərginlik mövcuddur. Ümumiyyətlə, Azərbaycan ərazisində müxtəlif dövrlərdə, xüsusilə Şamaxı və Zaqatalada güclü zəlzələlər baş verib. Bunlar gözlənilən seysmik hadisələrdir”.
Ekspertin sözlərinə görə, konkret olaraq zəlzələnin hansı ildə baş verəcəyini demək mümkün deyil:
“2026-cı ildə zəlzələnin olub-olmayacağını demək üçün ərazidə toplanan gərginliyin səviyyəsi dəqiq bilinməlidir. Gündəlik olmasa da, mütəmadi olaraq yüngül titrəyişlər müşahidə olunur. Bu titrəyişlər müəyyən mənada gərginliyin boşalmasına səbəb olur”.
Qorxmaz İbrahimli qeyd edib ki, əsas problem mümkün fövqəladə hallara hazırlıq səviyyəsi ilə bağlıdır:
“Hər halda, biz tam hazır deyilik. Xüsusilə tikinti və yol infrastrukturu baxımından problemlər var. Bakı şəhərində 5 baldan yuxarı zəlzələ hiss olunduqda, bu istər-istəməz panikaya səbəb olur. İnsanlar xaotik şəkildə küçələrə çıxır”.
Ekoloqun sözlərinə görə, hazırkı vəziyyət dağıdıcı zəlzələ gözləntisini göstərmir:
“Aparılan seysmoloji müşahidələr onu göstərir ki, hazırda ciddi seysmik gərginlik gözlənilmir. Azərbaycan ərazisində, xüsusən də Bakı şəhərində dağıdıcı, yıxıcı zəlzələ ehtimalı yüksək deyil. Amma buna baxmayaraq, insanlar fövqəladə hallara qarşı daim hazırlıqlı olmalıdırlar”.
Qeyd edək ki, mütəxəssislər seysmik risklərin azaldılması üçün əsas diqqətin maarifləndirməyə, şəhərsalma və tikinti normalarına ciddi əməl olunmasına yönəldilməsinin vacibliyini vurğulayırlar.
Aynurə İsmayıl
KONKRET.az
