RU

Sahibsiz heyvan sığınacaqlarına dair baytarlıq-sanitariya norma və qaydaları ilə bağlı qərar qəbul edilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 4 dekabr 2025-ci il tarixli 64 nömrəli Qərarı ilə “Sahibsiz heyvan sığınacaqlarına dair baytarlıq-sanitariya norma və qaydaları” təsdiq edilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Ekologiya.az-a verilən məlumata görə, qaydalar sahibsiz heyvanların həyat və sağlamlığının qorunmasını, yoluxucu xəstəliklərin baş verməsinin və yayılmasının qarşısının alınmasını, habelə heyvan rifahının təmin edilməsini nəzərdə tutur.

Sahibsiz heyvan sığınacaqlarına dövlət baytarlıq nəzarəti Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir.

“Sığınacaqlar epizootik cəhətdən sağlam ərazilərdə yerləşdirilməli və yaşayış binalarından, su hövzələrindən, fermalardan və sənaye obyektlərindən qanunvericiliklə müəyyən edilmiş sanitar-mühafizə məsafələri gözlənilməlidir. Sığınacaqlarda karantin, müalicə, sağlam və həssas heyvanlar üçün ayrıca otaq və ya bölmələr, eləcə də baytarlıq preparatlarının və yemlərin saxlanılması üçün xüsusi sahələr təşkil edilməlidir. Heyvanların saxlanma şəraiti onların növünə, çəkisinə və fizioloji ehtiyaclarına uyğun təmin olunmalıdır. Sığınacaqlarda baytarlıq tədbirləri yalnız müvafiq ixtisaslı baytarlıq mütəxəssisi tərəfindən icra edilməlidir”, -deyə məlumatda bildirilir.

Onu da qeyd edək ki, qərar 2026-cı il mayın 4-dən qüvvəyə minir.

Daha ətraflı link vasitəsilə məlumat əldə etmək olar.

Избранный
30
3
ekologiya.az

4Источники