RU

Paşinyan əl çəkdi, KTMT əl çəkmir...


Abutalıb Səmədov: "Faktiki olaraq müttəfiqi deyil, ancaq gələcəkdə yenidən KTMT-nin işində aktiv iştirakı istisna olunmur"

Ermənistan Kollektiv Təhlükəsizlik (KTMT) Müqaviləsi Təşkilatında təmsil olunmaqdan imtina edib və qurumun iclaslarına, tədbirlərinə qatılmır. Təşkilat isə Ermənistanın yenidən geri dönəcəyinə, iştirakını davam edəcəyinə ümid edir.

KTMT-nin baş katibi İmanqali Tasmaqambetov TASS agentliyinə verdiyi müsahibədə bildirib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) müttəfiq olub və olaraq qalır və respublikanın tam iştirakı üçün qapılar açıqdır. "Ermənistan bizim müttəfiqimiz olub və belə də qalır. Ümid edirik ki, Ermənistan yaxın gələcəkdə KTMT-də tam hüquqlu iştiraka qayıdacaq. Bunun üçün bütün şərtlər və ilkin şərtlər mövcuddur: biz inanırıq ki, erməni xalqı Avrasiyada ortaq təhlükəsizlik məkanı yaratmaqda maraqlıdır. Bundan əlavə, noyabr ayında Ermənistan Xarici İşlər Nazirliyi respublikanın KTMT-dən çıxması məsələsinin masada olmadığını bildirdi", - deyə o, Ermənistanın təşkilatdan çıxma ehtimalı ilə bağlı suala cavab verərkən bildirib.

“Məlum olduğu kimi, Ermənistan Respublikası təşkilat daxilində fəaliyyətini dayandırıb və bu, Ermənistanın siyasi rəhbərliyinin KTMT ilə bağlı hazırkı mövqeyini əks etdirir. Bu, müstəqil və suveren bir dövlətin qərarıdır və heç bir başqa dövlət və ya təşkilat buna təsir edə bilməz”, - deyə KTMT-nin baş katibi bildirib.

Nəzərə alsaq ki, Paşinyan onun heç bir tədbirinə germir. Ermənistan indi həqiqətən KTMT-nin müttəfiqi sayıla bilərmi?

"Paşinyan dəfələrlə bəyan edib ki, Ermənistanın KTMT-dən çıxmaq ehtimalı onun KTMT-nin işində iştirak etmək ehtimalından dəfələrlə çoxdur"

"Alyans" SAM-ın rəhbəri Abutalıb Səmədov "Bakı-Xəbər"ə bildirdi ki, Ermənistan rəsmi şəkildə hələlik KTMT-nin müttəfiqidir. "Faktiki olaraq müttəfiqi deyil, ancaq gələcəkdə yenidən KTMT-nin işində aktiv iştirakı istisna olunmur. Ermənistanın tam hüquqlu müttəfiq olmaq ehtimalı, çox təəssüf ki, var" - deyə A.Səmədov bildirdi.

A.Səmədov vurğuladı ki, Ermənistanın KTMT ilə münasibətləri 2018-ci ildən, Nikol Paşinyanın hakimiyyətə gəlməsindən dərhal sonra pozulmağa başladı. A.Səmədovun sözlərinə görə, Paşinyan Moskva ilə hesablamadan KTMT-nin Ermənistandam olan baş katibini həbs etdi. "Ermənistan 44 günlük müharibə dövründə və ondan sonrakı hadisələr zamanı dəfələrlə KTMT-nin Ermənistana kömək edəcəyini gözlədi, amma arzuladığı köməyi ala bilmədi. Müxtəlif əsaslarla, arqumentlərlə Paşinyanı başa saldılar ki, KTMT Ermənistanla Azərbaycan arasında olan hadisələrə müdaxilə edə bilməz. Paşinyan bunu qəbul etmədi və 2024-cü ilin fevralından artıq KTMT-də fəaliyyətini dayandırmaq xətti götürdü. Ermənistanın KTMT-dəki nümayəndəsi geri çağırıldı və yeni nümayəndə təyin olunmadı. Ermənistan üzvlük haqqını ödəməkdən imtina etdi. KTMT-nin sammitlərinə qatılmadı, təlimlərinə iştirak etmədi. Əvəzində Ermənistanın KTMT-dəki müttəfiqi Rusiyanın əsas düşməni və NATO-nun aparıcı üzvü ABŞ-la birlikdə təlimlər keçirdi. Bundan sonra 2024-cü ilin oktyabrında Rusiyanın müəyyən vəzifəli şəxsləri açıq şəkildə erməni əhalisinə müraciət edərək Paşinyanı devirməyə çağırdılar. O hadisələrdən sonra Paşinyan açıq şəkildə dedi ki, artıq Ermənistanın KTMT-yə dönmək ehtimalı yoxdur, geriyə qayıtma nöqtəsi keçilib. Ancaq rəsmi şəkildə KTMT-ni tərk etmək barədə müraciət etmədi. Bu proses bu gün də davam edir. Ermənistan KTMT-nin fəaliyyətində iştirak etmir, iştirak etməsə də orada qəbul olunan qərarlara dolayısı ilə səs verir, yəni etiraz etmir. Ancaq əvvəlki münasibətini davam etdirir - üzvlük haqqı ödəmir, nümayəndə vermir, təlimlərə qatılmır, sammitlərdə iştirak etmir. Paşinyan dəfələrlə bəyan edib ki, Ermənistanın KTMT-dən çıxmaq ehtimalı onun KTMT-nin işində iştirak etmək ehtimalından dəfələrlə çoxdur. Bütün bunlara baxmayaraq, KTMT-nin baş katibi Ermənistanın müttəfiq olduğunu və gələcəkdə onun KTMT-nin işində iştirak etmək ehtimalının mümkünlüyünü söyləyir. Bu təkcə Ermənistanın rəsmi olaraq KTMT-dən çıxmaması ilə əlaqədar deyil".

A.Səmədov təəssüflə qeyd etdi ki, Ukrayna müharibəsi və son aylarda baş verən hadisələr Rusiyaya və KTMT-yə münasibəti yavaş-yavaş dəyişməyə başlayıb. "Son aylarda məlum olub ki, Ermənistanın israrla üzv olmaq istədiyi Avropa İttifaqı o qədər də nüfuzlu təşkilat deyil. Onun da yaxın illərdə dağılmaq ehtimalı kifayət qədər yüksəkdir. Ermənistan elə güman edirdi ki, Avropa İttifaqına üzv olmaq ona iqtisadi dividendlər gətirəcək, həm də təhlükəsizliyinə təminat verəcək. Bu halda təbiidir ki, KTMT-yə, Avrasiya İqtisadi Birliyinə heç bir ehtiyac yoxdur. Ancaq indi məlum olur ki, Avropa İttifaqının lider dövlətlərinin özləri təhlükəsizlikləri barədə kifayət qədər narahatlıq keçirirlər. O da aydın olur ki, Paşinyanın bu qədər ümid bəslədiyi dövlətlər əslinə qalsa köməksiz vəziyyətdə olan dövlətlərdir, bütün ümidlərini ABŞ-a bağlamış və ABŞ-ın onların təhlükəsizliyinə təminat verəcəyini düşünmüş dövlətlərdir. Ancaq ABŞ və onun prezidenti dəfələrlə onlara başa salmağa çalışır ki, ABŞ Avropanın təhlükəsizliyi üçün onların düşündüyü "fədakarlığı" göstərməyəcək. NATO-nun 5-ci maddəsi də əslinə qalsa onların düşündüyü kimi təhlükəsizlik təminatı vermir. Çünki orada yazılıb ki, NATO üzvlərinin birinə olan hücum digər üzvlərə də edilmiş hücum kimi qiymətləndiriləcək. NATO üzvləri işğalçıya qarşı birgə fəaliyyət göstərəcəklər. Ancaq burada hərbi əməliyyatlara hər bir üzvün qoşulacağı göstərilməyib. Yəni mümkündür ki, NATO üzvlərinin böyük əksəriyyəti yalnız cüzi silah, yaxud maliyyə yardımı ilə kifayətlənsin.

Avropa ölkələrinin indiyə qədər güvəndiyi həmin o 5-ci maddə onların düşüncəsinə görə ABŞ-ın müharibəyə qoşulacağını ifadə edirdi. Ancaq Tramp açıq şəkildə deyir ki, əgər Avropa ölkələrinin hər hansı birinə hücum olarsa ABŞ o əməliyyatlara qoşulmadan müəyyən yardım göstərə bilər ki, bu qətiyyən kifayət deyil. Bu şəraitdə Ermənistan kimi dövlətlərin təhlükəsizliyindən və Avropa İttifaqının belə bir təhlükəsizlik təminatı verməsindən danışmaq mümkün deyil. NATO günü-gündən zəifləyir, hətta ABŞ-ın NATO üzvlüyündən çıxmaq ehtimalı da artıq dilə gətirilir. Bu şəraitdə təbiidir ki, KTMT daha monolit bir hərbi blok kimi görünür. Rusiyanın da Ukrayna müharibəsində nail olduğu uğurlar həm Avropa dövlətlərini, həm də Avropaya yaxınlaşmaq xətti götürən Ermənistan kimi dövlətləri ciddi şəkildə narahat edir.

KTMT-nin baş katibi də ümid edir ki, bu proseslər NATO-nun zəifləməsinə və KTMT-nin gücünün, nüfuzunun artmasına gətirib çıxaracaq və Ermənistan da KTMT-yə münasibətdə tutduğu xətti yenidən nəzərdən keçirmək məcburiyyətində qalacaq".

A.Səmədov bildirdi ki, son nəticədə Ermənistan KTMT-nin işində aktiv şəkildə iştirak etməyə davam edəcək, Baş katibin iddiası, ümidləri də bununla bağlıdır. "Çox təəssüf ki, bu müəyyən qədər reallığı əks etdirən ümidlərdir. Bu gün Avropa Rusiya qarşısında köməksiz durumda olduğunu anlayır və mümkün qədər Ukraynada müharibəni uzatmağa çalışır ki, heç olmasa 2028-ci, 2029-cu ilə Rusiya qarşısında dayana biləcək gücü təmin etsin. Bu gün Avropanın elə gücü yoxdur. Avropanın ən böyük, ən güclü ordusu Ukrayna ordusudur. Ondan sonra ən çoxsaylı ordu Polşaya məxsusdu. ABŞ-a ümid bağlayan Avropa dövlətləri öz təhlükəsizlikləri barədə indiyə qədər düşünmək istəməyiblər və o siyasətin acı nəticələrini indi dadmaqda davam edirlər. Bu vəziyyət təbiidir ki, KTMT-nin rəhbərlərinin belə nikbin bəyanatlar verməsinə gətirib çıxarır"-deyə A. Səmədov qeyd etdi.

İradə SARIYEVA

Избранный
82
baki-xeber.com

1Источники