RU

2012-də 26 milyard, 2024-də 7 milyard dollar - iqtisadi investisiyamız 3,5 dəfə azalıb...


Fuad İbrahimov: “Təəssüf ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı işlər yetərincə səmərəli deyil”

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunda kəskin azalma müşahidə olunur. Bu isə iqtisadi fəallığın aşağı düşməsinə, əhalinin gəlirlərinin azalmasına, yeni iş yerlərinin artmamasına təkan verir. Azalan investisiyalar ölkə iqtisadiyyatının yan sahələrinin inkişafını tormozlayır.

Müqayisə üçün qeyd edək ki, 2012-ci ildə Azərbaycan iqtisadiyyatına 25,8 milyard dollar investisiya qoyulduğu halda, 2024-cü ildə qoyulan investisiyanın məbləği 7 milyard dollar olub. Məlum olur ki, ötən müddət ərzində ölkədə investisiya qoyuluşu 3,5 dəfə azalıb.

Bütün bunlar nə deməkdir? Belə vəziyyət ölkəni hara aparır? Azərbaycanda neft hasilatının, gəlirlərinin azaldığı bir dövrdə sərmayə qoyuluşunu artırmaq üçün nə etmək lazımdır, çıxış yolu nədədir?

“Əfsuslar olsun ki, investisiyaların azalmasının səbəbləri ilə bağlı hesabat verilmir”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən iqtisadçı-ekspert Fuad İbrahimovun fikrincə, statistik rəqəmlər arasında yaranan bu fərqin bir neçə səbəbi var: “Məsələ ondadır ki, həmin dövrlərdə həm neft hasilatı yüksək idi, həm də onun qiyməti. Ölkəyə böyük neft gəlirləri daxil olurdu. Eyni zamanda, neft-qaz sektoruna, infrastruktur layihələrinə böyük sərmayələr qoyulurdu. Bəlli səbəblərdən indi bunlar olmadığı üçün və yaxud da əvvəlki səviyyədə olmadığından sərmayə qoyuluşu azalıb. Onu da nəzərə almaq lazımdır ki, həmin sərmayələr əsasən enerji sektoruna qoyulurdu. Bəlli bir müddətdən sonra həmin sahələrdə sərmayə qoyuluşunun azalması təbiidir. 2012-ci ildə Azərbaycanın investisiyaya olan tələbatı ilə indiki daxili maliyyə dayanıqlığı bir deyil. Bu gün Azərbaycanın strateji valyuta ehtiyatları 83 milyard dollardan çoxdur. Əvvəlki illərdə Azərbaycan investisiya tələb edən ölkə statusunda idisə, bu gün investisiya qoyan ölkə statusundadır. Belə göstəriciləri də nəzərə almaq lazımdır. Azərbaycanda neft erası bitməyə doğru gedir. Ona görə də çıxış yolu qeyri-neft sektoruna, alternativ enerji sektoruna, tranzit-nəqliyyat sektoruna daha çox sərmayə cəlbindən keçir. Söhbət bərpa olunan enerji sektorundan gedir. Xüsusən də xarici sərmayə qoyuluşu stimullaşdırılmalıdır. Ümumilikdə, qeyri-neft sektoru sahəsində, baxmayaraq ki, ölkə başçısı tərəfindən bütün göstərişlər, sərəncamlar verilib, işlər yaxşı getmir. Bunu icra edən dövlət nəzarət orqanları üzərlərinə düşən işi layiqincə görə bilmir. Söhbət əsasən İqtisadiyyat Nazirliyindən gedir. Hesab edirəm ki, lazımı nəticənin olmamasının səbəbini İqtisadiyyat Nazirliyi açıqlamalıdır. Nəyə görə rəqabətyönümlü müəssisələr açılmır? Nədir bunun problemi? Biz iqtisadçılar bilirik problem nədədir. Ancaq onlar bunun səbəbini açıqlamırlar. Əfsuslar olsun ki, investisiyaların azalmasının səbəbləri ilə bağlı hesabat verilmir. Halbuki, Azərbaycan kifayət qədər əlverişli mövqedə yerləşir. Təəssüf ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı işlər yetərincə səmərəli deyil”.

Vidadi ORDAHALLI

Избранный
36
baki-xeber.com

1Источники