
Bakı, 28 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyində bu ölkədəki Azərbaycan icmasının iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə tədbir keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən səfir Elxan Poluxov qarşıdan gələn bayramlar münasibətilə iştirakçıları təbrik edib, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmiş Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların həmrəyliyinə və birgə fəaliyyətinə xidmət etdiyini vurğulayıb, bu həmrəyliyin dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, bütün azərbaycanlıları doğma Vətənimiz ətrafında sıx birləşdirdiyini və milli maraqlarımızın həyata keçirilməsi naminə fikir və əməl birliyimizdə misilsiz əhəmiyyət daşıdığını söyləyib. Hazırda sürətlə dəyişən dünyanın yeni çağırışlarına uyğun olaraq, xarici ölkələrdə yaşayan soydaşlarımızın aktiv olması zərurətinə toxunan E.Poluxov Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında icma üzvlərinin fəaliyyətlərini gücləndirməli olduqlarını qeyd edib, Azərbaycan naminə apardıqları fəal işə görə Misirdə yaşayan azərbaycanlılara təşəkkürünü bildirərək, səfirliyin soydaşlarımıza həmişə dəstək olacağını diqqətə çatdırıb.
E.Poluxov torpaqlarımızın işğaldan azad edildiyini və 2023-cü ilin sentyabr ayında ərazi bütövlüyümüzün tam olaraq bərpa olunduğunu qeyd edərək, bunun Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında məhz milli birlik və vəhdət nəticəsində mümkün olduğunu bildirib. Yola salmaqda olduğumuz ildə Azərbaycan ilə Misir arasında münasibətlərin inkişafına töhfə olmuş hadisələri xatırladan səfir ötən dövrdə əməkdaşlığın daha da gücləndiyini, qarşılıqlı rəsmi səfərlərin sayının artdığını qeyd edib, eyni zamanda, "Heydər Əliyev ili" çərçivəsində səfirliyimiz və icma tərəfindən görülmüş işlərdən söhbət açıb.
Azərbaycan icmasının nümayəndəsi Sədaqət Səmədova bu gün öz tarixinin ən şərəfli dövrlərindən birini yaşayan Azərbaycan Respublikasının sabit və ardıcıl inkişaf yolunda qazandığı uğurların bütün dünya azərbaycanlılarını qəlbən sevindirdiyini vurğulayaraq, dövlətimizin milli mənafelərə uyğun olan müstəqil siyasət yürütməsindən, beynəlxalq aləmdə mövqelərini daha da möhkəmləndirməsindən məmnunluq duyduqlarını söyləyib və belə bir şəraitdə xaricdə yaşayan soydaşlarımızın Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, xalqımız və dövlətimizin mənafeyi naminə müvafiq təbliğatın aparılmasında daha da fəal rol oynayacaqlarına əminliyini bildirib.
Tədbirdən sonra qonaqlara digər mətbəxlərlə yanaşı, Azərbaycan şirniyyatları da təqdim edilib, Azərbaycan musiqisi səsləndirilib.