RU

"Direktorların pul qarşılığında məktəb daxilində repetitorluğa icazə verməsi cinayətdir" - AÇIQLAMA

"Repetitorluq hazırda təhsilin demək olar ki, bütün pillələrində yayılıb. Orta ümumtəhsil səviyyəsi ilə yanaşı, ali təhsil səviyyəsində də repetitorluq mövcuddur. Belə deyim, bu gün ali məktəbi bitirən tələbələr Elm və Təhsil Nazirliyinin mərkəzləşdirilmiş müəllimlərin işə qəbulu (MİQ)imtahanlarına hazırlaşmaq üçün də repetitora müraciət edirlər".

Bu fikirləri Redaktor.az-a repetitorluq haqqında danışan təhsil eksperti Cahid İmanlı bildirdi.

Onun sözlərinə görə, Elm və Təhsil Nazirliyi bu gün repetitorluğu ləğv və ya azaltmaq istəyirsə, özünə sual verməlidir ki, repetitorluğu yaradan səbəb nədir, şagird və valideynlər niyə məktəb qala-qala alternativ pullu təhsilə müraciət edirlər?

"Səbəbləri araşdırmadan bütün günahı müəllimin üzərinə atmaq düzgün deyil. Nazirlik ilk növbədə günahı özündə axtarmalıdır. Əgər nazirlik məktəblərə nəzarət edə bilsə, yuxarı sinif şagirdləri kütləvi şəkildə dərsdən yayınmazlar. Hazırda onlarla müəllim və ya kurs var ki, onların məşğələləri səhər saatlarında olur. Kurslarda və ya fərdi qaydada çalışan repetitorların bir çoxu rəsmi olaraq orta məktəblərdə işləmirlər. Ona görə də nazirliyin onlara təsir mexanizmi yoxdur. Nazirlik öz kontingentinin ən kütləvi hissəsi olan şagirdləri nəzarətdə saxlasa, repetitorluğa ciddi zərbə vura bilər. Burada da əsas halqa məktəb direktorlarıdır. Məktəb direktorunun məktəb daxilində repetitorluğa icazə verməsi, şərait yaratması qəbuledilməzdir. Ümumiyyətlə, bu gün nazirliyin əsas problemlərindən biri məktəb direktoru məsələsidir. Onların şagirdlərə pul qarşılığında icazə verməsi ən böyük cinayətdir".

Digər tərəfdən, siniflərdə uşaqların sayının çox olması, pedaqoji-öyrənmə mühitinin olmaması, hələ ki, metodiki işin tam şəkildə təşkil edilməməsi, uzun prosesin nəticəsi kimi “məktəbin təhsil ocağı kimi funksiyasını itirməsi” stereotipinin davam etməsi də repetitorluğa şərait yaradır. Elə məsələlər var ki, onlarda nazirliyi də günahlandırmaq olmur. Məsələn, güclü urbanizasiya, şəhərlərdə əhalinin kəskin artımı və əksinə, kəndlərdə əhalinin azalması səbəbindən təhsildə onlarla problem yaranır".

Ekspert sonda qeyd etdi ki, müəllimlərin maaşlarının real bazar qiymətlərinə uyğunlaşdırılması və onların əməyinin diferensiallaşdırılması repetitorluğu aradan qaldıracaq əsas faktora çevriləcək.

Nuriyyə NATİQQIZI

Избранный
41
1
redaktor.az

2Источники