RU

Güclü lider, siyasi qətiyyət və iqtisadi müstəqillik

Bu həqiqətlər Azərbaycanın uğurlarının əsas səbəbləridir

Azərbaycan beynəlxalq sülh, sabitlik və əmin-amanlığın təminatına yüksək töhfə verməklə regional siyasətin formalaşdırılmasında mühüm rol oynayan dövlətə çevrilib. Bu, Prezident İlham Əliyevin zəngin liderlik bacarığı, praqmatik xarici siyasətinin nəticəsidir. 

Azərbaycan xalqı hər zaman Prezident İlham Əliyevi dəstəkləyib. Belə ki, 2003-cü il oktyabrın 15-də prezident seçkilərində seçicilərin 76 faizindən çoxu,  2008-ci il oktyabrın 15-də 88,73 faizi,  2013-cü il oktyabrın 9-da 84,54 faizi,  2018-ci il aprelin 11-də keçirilən seçkilərdə isə 86,02 faizi məhz cənab İlham Əliyevin lehinə səs verib.

2024-cü il fevralın 7-də ilk dəfə müstəqil həyatımızda bütün ərazilərimizdə keçirilmiş Zəfər seçkisində də seçici fəallığı 76,43 faiz olmuşdur. İlham Əliyev seçicilərin 92,12 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra İlham Əliyevin rəhbərliyi ilə xalqımız misilsiz nailiyyətlərə imza atmışdır. Ötən dövrdə həyata keçirilmiş ardıcıl və məqsədyönlü siyasi kurs ölkəmizin sürətli və dayanıqlı inkişafını, güclü iqtisadi potensialının formalaşmasını, müasir cəmiyyət quruculuğunu, vətəndaşların rifahının yüksəlməsi, təhlükəsizlik və müasir ordu quruculuğu kimi məsələlərin effektiv həllini təmin etmiş, ölkəmizin beynəlxalq nüfuzu yüksəlmiş, dünyada strateji əhəmiyyəti artmışdır.

İqtisadi gücünü, siyasi nüfuzunu, hərbi qüdrətini artıran, beynəlxalq mövqeyini möhkəmləndirən Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini tam bərpa etməklə regionun lideri, eyni zamanda qlobal aktor kimi qəbul olunur. Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş müzəffər orduya çevrilmişdir.

Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilmiş Zəfər paradı, həmçinin 2025-ci il noyabrın 8-də Qələbənin beşinci ildönümünə həsr olunmuş möhtəşəm hərbi parad təkcə xalqımız üçün deyil, bütün türk dünyası üçün mühüm hadisə oldu.

Azərbaycanda hərbi sənaye kompleksinin yaradılması ölkənin hərbi qüdrətini daha da artırmaqdadır. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. 

Ümumiyyətlə, son 22 il müasir Azərbaycanın inkişaf tarixində tam yeni mərhələ kimi xarakterizə olunur. Belə ki, Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli təqdim edən Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın daha da güclənməsinə xidmət edib. 

Ölkəmiz qlobal əhəmiyyətli təşəbbüslərin müəllifi kimi də etimad qazanıb. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsini, bölgədəki əməkdaşlığın dərinləşməsini şərtləndirib.  BMT, Qoşulmama Hərəkatı, TDT kimi nüfuzlu təsisatlarda yüksəksəviyyəli  təmsilçilik ölkəmizin beynəlxalq miqyasda nüfuzunu daha da artırıb.  D-8 kimi təşkilata yekdilliklə üzv qəbul olunması ölkəmizə bütün beynəlxalq platformalarda, o cümlədən islam dünyasında olan etimadın göstəricisidir.

Ötən il BMT-nin ən nüfuzlu platforması olan COP29-a Azərbaycanın sədrliyi ölkəmizin iqlim dəyişmələri, qlobal əməkdaşlıq kimi məsələlərdə liderlik bacarığını, beynəlxalq dialoq və fəaliyyətdə rolunu bir daha nümayiş etdirdi.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin gələcəyə xidmət edən strategiyası sayəsində regionun beynəlxalq statusu dəyişib. 2025-ci ilin avqustunda Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən Birgə Bəyannamə imzalanıb. Vaşinqton görüşünün nəticələrinə dair Birgə Bəyannamənin imzalanması Azərbaycanın irəli sürdüyü sülh gündəliyini təsdiq edib. "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş" layihəsinin paraflanması ilə bağlı müddəa çərçivəsində sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün əlavə tədbirlərin görülməsinə ehtiyac olduğu təsbit edilib. Bu kontekstdə Azərbaycan tərəfi sazişin imzalanması üçün Ermənistan konstitusiyasında dəyişiklik edilərək, Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasını gözləyir. 

Birgə Bəyannamədə xüsusi əhəmiyyət kəsb edən daha bir müddəa iki ölkə arasında nəqliyyat kommunikasiyalarının açılmasına dair bənddir. Sənəddə Ermənistan ərazisində xüsusi bağlantı layihəsi - "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun" həyata keçiriləcəyi təsbit olunub. Bu müddəa Ermənistan ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi məqsədilə ABŞ tərəfindən həyata keçiriləcək layihəni nəzərdə tutur.

"Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş" layihəsi paraflanıb və rəsmi Bakının haqlı tələbinə uyğun olaraq, ATƏT-in Minsk qrupu və əlaqəli strukturlarının bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinin ünvanına birgə müraciət məktubu imzalanıb. 2025-ci ilin dekabrında Minsk qrupu və onun əlaqədar strukturlarının bağlanması yekunlaşdı.

"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" də müasir inkişaf ideologiyasına əsaslanan yeni sosial-iqtisadi artım modelinin bazasında həyata keçiriləcəkdir. Bu model ölkənin bütün resurslarını və nailiyyətlərini səfərbər etməklə, onları uzunmüddətli dövrdə qarşıya qoyulan strateji vəzifələrin reallaşmasına yönəldəcək.

Yeri gəlmişkən, Ermənistan-Azərbaycan münaqişəsinin həlli regionun təhlükəsizliyi və investisiya cəlbediciliyi baxımından strateji əhəmiyyətə malikdir. Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verməkdədir.

Uğurla həyata keçirilən Böyük qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionda yeni inkişaf modelini yaratmaqdan ibarətdir.

İrimiqyaslı infrastruktur layihələri azad olunmuş əraziləri regionun ən inkişaf etmiş bölgəsinə çevirməkdədir.  İşğaldan azad olunmuş ərazilərin bərpası, soydaşlarımızın öz doğma yurduna qayıtması son 5 ildə əsas prioritetdir.

"Böyük Qayıdışa dair I Dövlət Proqram"ının icrası uğurla davam etdirilir. İşğaldan azad olunmuş ərazilərə Böyük qayıdışın davamlılığının təmin edilməsi məqsədilə Prezident İlham Əliyev 2025-ci il  30 may tarixində imzaladığı sərəncamla "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı" layihəsinin hazırlanmasını tapşırmışdır.

Görülən işlər nəticəsində hazırda dövlət və özəl sektorlarda işləyənlər, həmçinin təhsil alanlar da daxil olmaqla, işğaldan azad edilmiş ərazilərdə 62 mindən çox insan yaşayır və fəaliyyət göstərir. 

Qalib dövlət, beynəlxalq nüfuz, təhsilli cəmiyyət, böyük iqtisadi potensial və yüksələn rifah ölkənin sosial-iqtisadi inkişaf nailiyyətlərini xarakterizə edir. 

Bu gün tam qürurla deyə bilirik ki, 22 il öncə müəyyən olunmuş bütün vəzifələr icra edilib. Cənab Prezidentin də söylədiyi kimi, Azərbaycanda aparılan islahatlar, düşünülmüş siyasət ölkəmizin hərtərəfli inkişafına təkan verib. Azərbaycanın uğurlarının əsas səbəbi isə güclü lider, iqtisadi müstəqillik və siyasi iradədir.

Könül NURULLAYEVA,

Milli Məclisin deputatı

Избранный
30
1
azerbaijan-news.az

2Источники