RU

Banklara saxta elektron arayışlar təqdim edərək kredit götürən şirkət direktoru ilə bağlı QƏRAR

Ali Məhkəmədə vəzifə səlahiyyətlərindən sui-istifadəyə təhrik etmədə təqsiriləndirilən Ə.Yusibovun barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, protest təmin edilməyib.


İbtidai istintaqın materiallarına görə, Ə.Yusibov bir neçə MMC-nin direktorları ilə qabaqcadan əlbir olaraq rəsmi əmək münasibətləri mövcud olmayan şəxslər barədə bilə-bilə yalan məlumatları “my.gov.az” Elektron Hökumət portalına daxil etməklə vəzifə saxtakarlığı törətməyə təhrik edib. Bu məlumatlar əsasında banklara saxta elektron arayışlar təqdim olunaraq kredit vəsaitləri əldə edilib və həmin vəsaitlər Ə.Yusibov, direktorlar və digər şəxslər arasında bölüşdürülüb.


İstintaqla müəyyən edilib ki, bu sxem üzrə 2021-ci ilin noyabr–dekabr aylarında ümumilikdə 12 nəfər şəxs tərəfindən 53 500 manat, daha sonra isə əlavə olaraq 4 nəfər şəxs tərəfindən 17 600 manat kredit vəsaiti götürülüb. Nəticədə banklara vurulmuş ümumi maddi ziyan 71 100 manat təşkil edib.


Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 32.4, 313-cü maddəsi üzrə epizodlara görə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi əsas götürülərək Ə.Yusibovun cinayət təqibinə xitam verilib. Hökmə əsasən, o, Cinayət Məcəlləsinin 32.4, 308.1-ci maddəsi üzrə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması və 2 il müddətinə rəhbər və maddi-məsul vəzifələri tutmaq hüququndan məhrumetmə cəzasına məhkum edilib.


Həmin hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm qismən dəyişdirilib, cinayətin təkrar törədilməsi cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilib və cəza əvvəlki həddə saxlanılıb. Həmin qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilib.


Qeyd: Ə.Yusibov MMC-lərdən birində direktor vəzifəsində çalışıb. 

Kamal Məmmədov 

Tarix: 23 Dekabr 2025, 09:50   
Избранный
21
pravda.az

1Источники