RU

İşğaldan azad olunmuş ərazilərdə bərpa prosesi ilə davamlı iqtisadi inkişaf arasında fərqin nəzərə alınması vacibdir

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Azad olunmuş ərazilərin iqtisadi potensialı Azərbaycan üçün həm regional inteqrasiyanın dərinləşməsi, həm də milli iqtisadi inkişafın yeni mərhələsinin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Bu ərazilərin bərpası və iqtisadi fəaliyyətə cəlb edilməsi dövlət siyasətində prioritet istiqamətlərdən biri kimi müəyyən olunub. Burada əsas məsələ yalnız dağıdılmış infrastrukturun yenidən qurulması deyil, eyni zamanda bu infrastruktur üzərində hansı iqtisadi modelin formalaşacağıdır”.

Bu barədə Bizimyol.info xəbər portalına iqtisadçı Əli Səlimov danışıb. İqtisadçı qeyd edib ki, son illər azad olunmuş ərazilərə yönəldilən dövlət investisiyaları göstərir ki, ilkin mərhələdə diqqət əsasən infrastrukturun yaradılmasına yönəlib: “İnfrastruktur iqtisadi aktivliyin başlanması üçün zəruri baza rolunu oynayır. Eyni zamanda müasir infrastruktur gələcəkdə özəl sektor üçün cəlbedici mühitin formalaşmasına şərait yarada bilər. Bununla yanaşı, iqtisadi baxımdan əsas məsələ ondan ibarətdir ki, yaradılan infrastrukturun növbəti mərhələdə real iqtisadi fəaliyyətlə necə tamamlanacağı düzgün planlaşdırılsın”.

Əli Səlimov

“Azad olunmuş ərazilərin iqtisadi potensialı dəyərləndirilərkən kənd təsərrüfatı mühüm istiqamətlərdən biri kimi ön plana çıxır. Geniş torpaq sahələri və əlverişli təbii şərait bu regionların aqrar istehsal üçün əlverişli olduğunu göstərir. Kənd təsərrüfatının inkişafı qısa müddətdə məşğulluğun artırılmasına və qayıdış prosesinin sosial-iqtisadi baxımdan dəstəklənməsinə töhfə verə bilər. Bununla yanaşı, uzunmüddətli perspektivdə daha yüksək iqtisadi nəticələrin əldə olunması üçün aqrar fəaliyyətin emal sənayesi ilə uzlaşdırılması vacib hesab olunur. Bu yanaşma əlavə dəyərin artırılmasına və istehsal zəncirinin genişlənməsinə imkan yarada bilər”-deyən iqtisadçı bildirib ki, bir digər istiqamət, azad olunmuş ərazilərin “yaşıl enerji zonası” kimi inkişaf etdirilməsidir. Bu konsepsiya qlobal enerji meyilləri ilə uyğunluq təşkil edir və uzunmüddətli dövrdə həm iqtisadi, həm də ekoloji baxımdan müsbət nəticələr vəd edir.

İqtisadçı hesab edir ki, bərpa olunan enerji mənbələrinin tətbiqi enerji təminatında davamlılıq yarada və regionun ekoloji yükünü azalda bilər. Bununla yanaşı, bu potensialın iqtisadi baxımdan səmərəli reallaşdırılması üçün layihələrin mərhələli şəkildə və iqtisadi məqsədəuyğunluq prinsipləri əsasında həyata keçirilməsi əhəmiyyətlidir.

“Azad olunmuş ərazilərin coğrafi mövqeyi və nəqliyyat imkanları da iqtisadi inkişaf baxımından mühüm üstünlüklər sırasındadır. Yeni yol və kommunikasiya xətlərinin çəkilməsi bu regionların ölkədaxili iqtisadi sistemə inteqrasiyasını asanlaşdırır. Bununla belə, nəqliyyat infrastrukturunun iqtisadi dəyər yaratması üçün həmin ərazilərdə istehsal və ticarət fəaliyyətinin mərhələli şəkildə formalaşması vacibdir. Bu baxımdan nəqliyyat imkanları iqtisadi fəaliyyətlə paralel inkişaf etdikdə daha effektiv nəticələr verə bilər. Bu prosesdə dövlətin rolu mühüm əhəmiyyət daşıyır. İlkin mərhələdə əsas investisiya yükünün dövlət tərəfindən qarşılanması təbii qəbul olunur. Eyni zamanda uzunmüddətli perspektivdə əsas hədəf iqtisadi fəaliyyətin tədricən özəl sektorun iştirakı ilə genişlənməsi kimi müəyyən edilə bilər. Bu yanaşma iqtisadi dayanıqlığın təmin olunması baxımından mühüm hesab olunur. Buna görə də investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlığın təşviqi və risklərin idarə olunması məsələləri xüsusi diqqət tələb edir”-deyə iqtisadçı bildirib.

Əli Səlimov hesab edir ki, ümumilikdə, azad olunmuş ərazilərin iqtisadi potensialı mövcuddur və bu potensial mərhələli yanaşma ilə reallaşdırıla bilər. Lakin bərpa prosesi ilə davamlı iqtisadi inkişaf arasında fərqin nəzərə alınması vacibdir. Əgər yaradılan infrastruktur və imkanlar planlı şəkildə iqtisadi fəaliyyətə inteqrasiya edilərsə, bu ərazilər ölkənin ümumi iqtisadi inkişafına əhəmiyyətli töhfə verə bilər.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
58
bizimyol.info

1Источники