RU

Azərbaycan dövlətçilik diskursunda siyasi dilin leksik semantik modeli: Heydər Əliyev və İlham Əliyevin çıxışları əsasında

ain.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Azərbaycan tarixində dil heç vaxt sadəcə ünsiyyət vasitəsi olmayıb. Dil hər zaman dövlətçilik düşüncəsinin, milli kimliyin və siyasi iradənin əsas ifadə forması olub. Bu baxımdan Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin çıxışlarına diqqət yetirdikdə, siyasi dilin necə sistemli və məqsədyönlü şəkildə qurulduğunu aydın görürük.

Ümummilli Lider Heydər Əliyevin siyasi dilində politologiya, diplomatiya və ölkədə mövcud hərbi-siyasi proseslərlə bağlı terminoloji leksika mühüm yer tutur. Bu leksik fonda politologiya elminə aid anlayışlar, diplomatik terminlər, siyasi təşkilatların ad və qısaltmaları, eləcə də antroponim və toponimlər sistemli şəkildə təmsil olunur. Politoloji terminlər Heydər Əliyevin həm sovet dövründə formalaşmış siyasi baxışlarını (kommunist, bolşevik, beşillik, Ali Sovet və s.), həm də 1990-cı illərdə müstəqil Azərbaycan dövlətinin quruculuğu mərhələsində işlətdiyi leksik vahidləri (hüquqi cəmiyyət, beynəlxalq aləm, aparıcı qüvvələr, siyasi partiyalar və s.) əhatə edir.

Heydər Əliyevin dilində diplomatiyaya aid terminlər də geniş şəkildə təmsil olunur və bu terminlər onun beynəlxalq münasibətlər sistemində fəal siyasi xadim kimi çıxış etdiyini göstərir. Bu leksik qatın əsasını attaşe, bərabərhüquqlu, beynəlxalq hüquq, de-fakto, de-yure, diplomat, diplomatik addım, diplomatik əlaqə, diplomatik korpus, diplomatik missiya, diplomatik münasibətlər, diplomatik nümayəndəlik kimi terminlər təşkil edir. Sözügedən terminlər Ulu Öndərin beynəlxalq hüquq normalarına əsaslanan, dövlətin suverenliyini və milli maraqlarını qorumağa yönəlmiş siyasi diskursunun dil vasitəsilə ifadəsidir.

Heydər Əliyevin siyasi dilində çoxmənalılıq da diqqəti cəlb edir. Məsələn, “vətəndaşlıq” anlayışı onun nitqlərində həm insanla dövlət arasında hüquqi münasibətlər sistemi kimi, həm də mənəvi-əxlaqi keyfiyyətləri ifadə edən anlayış kimi işlədilmişdir. Yaxud “təminat” termini bir tərəfdən sosial-iqtisadi məzmun daşıyaraq əhalinin maddi təminatı, sosial müdafiəsi anlamında işlədilir, digər tərəfdən isə siyasi və hüquqi kontekstdə zəmanət, etibarlılıq və təhlükəsizlik amili kimi çıxış edir.  Onun siyasi dili leksik-semantik baxımdan zəngin olmaqla yanaşı, çoxmənalılıq xüsusiyyəti ilə də səciyyələnir. Bu isə Ümummilli Liderin siyasi nitqini yalnız inzibati idarəetmə dili deyil, dövlətçilik fəlsəfəsini ifadə edən konseptual diskurs səviyyəsinə yüksəldir.

Ulu Öndər Heydər Əliyevin siyasi dilində politologiya, diplomatiya və ölkədə mövcud hərbi-siyasi proseslərlə bağlı terminoloji leksika mühüm yer tutur. Bu leksik fonda politologiya elminə aid anlayışlar, diplomatik terminlər, siyasi təşkilatların ad və qısaltmaları, eləcə də antroponim və toponimlər sistemli şəkildə təmsil olunur (Bax: Xədicə Heydərova. Heydər Əliyevin siyasi dilinin lüğəti. Bakı: “Elm və təhsil”, 2023, 272 səh.). Heydər Əliyevin siyasi nitqlərində formalaşan bu terminoloji sistem dilin yalnız ünsiyyət vasitəsi deyil, dövlət idarəçiliyinin və siyasi düşüncənin elmi əsaslarla ifadə forması olduğunu göstərir. Məhz bu yanaşma Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinə həsr olunmuş çıxışında vurğuladığı kimi, dilin dövlətçilik düşüncəsinin ayrılmaz tərkib hissəsi olması ideyasının tarixi əsaslarını təşkil edir.

Heydər Əliyevin siyasi dilinin əsas xüsusiyyətlərindən biri uzaqgörənlik semantikasıdır. Onun nitqlərində qələbə anlayışı emosional çağırış kimi deyil, zamanla və siyasi hazırlıqla əlaqələndirilir. “Zəmin”, “şərait”, “tədbirlər planı”, “strateji məqsəd” kimi leksik vahidlər bu diskursun əsasını təşkil edir. Heydər Əliyevin siyasi dilində Qarabağ məsələsi xüsusi yer tutur. O, çıxışlarında torpaqların itirilməsi faktını müvəqqəti vəziyyət kimi təqdim edir və bu məsələnin həllini tarixi zərurət kimi dəyərləndirirdi. Bu yanaşma xalqın kollektiv şüurunda məğlubiyyət psixologiyasının dərinləşməsinin qarşısını almışdır. Məhz bu siyasi dil nəticəsində Azərbaycan dövləti dağılmaq təhlükəsindən xilas edilmiş, münaqişənin genişlənməsi dayandırılmış və gələcək qələbə üçün real siyasi, iqtisadi və hərbi zəmin hazırlanmışdır. Heydər Əliyevin nitqlərində formalaşan bu ideoloji xətt sonradan real tarixi nəticələrini vermişdir. Onun siyasi dilində qurulan ideoloji xətt Prezident İlham Əliyevin fəaliyyətində praktik reallığa çevrilmişdir. 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə edilən tarixi qələbə və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri bu siyasi varisliyin ən bariz təzahürləridir.

İlham Əliyevin çıxışlarında Heydər Əliyevin siyasi dilində formalaşmış “qayıdış”, “ədalət”, “tarixi haqq” anlayışları artıq tarixi fakt kimi təqdim olunur. Bu, siyasi dilin idarəetmə və strateji planlaşdırma aləti olduğunu bir daha təsdiqləyir. Belə ki, Ali Baş Komandanın dilində dövlətçilik anlayışı mərkəzi yer tutur. “Müstəqillik”, “suverenlik”, “ərazi bütövlüyü”, “milli maraqlar”, “dövlət təhlükəsizliyi”, “konstitusion əsaslar” kimi terminlər onun çıxışlarında ardıcıl şəkildə işlədilir. Xüsusilə Qarabağ mövzusu ilə bağlı çıxışlarında bu leksik vahidlər hüquqi və tarixi əsaslarla təqdim olunur. Prezidentin 2020-ci il Vətən müharibəsindən sonrakı çıxışlarında “tarixi ədalət”, “beynəlxalq hüquq”, “BMT Təhlükəsizlik Şurasının qətnamələri” anlayışları siyasi arqumentin əsas dayağı kimi çıxış edir (Zəfər müraciətləri, 2020).

Prezident İlham Əliyevin siyasi dilinin mühüm qatını hüquqi terminologiya təşkil edir. “Hüquqi dövlət”, “qanunun aliliyi”, “konstitusiya islahatları”, “institusional inkişaf”, “idarəetmə mexanizmləri” kimi terminlər onun siyasi nitqlərində elmi dəqiqliklə işlədilir. Bu xüsusiyyət onun siyasi diskursunu emosional ritorikadan fərqləndirərək rasional-hüquqi əsaslı idarəetmə modeli kimi təqdim edir. Bu leksik qat xüsusilə iqtisadi və inzibati islahatlara həsr olunmuş çıxışlarda (regional inkişaf proqramlarının təqdimatı, 2004-2023) aydın müşahidə olunur.

İlham Əliyevin siyasi dilində diplomatik terminologiya geniş yer tutur. “Beynəlxalq hüquq”, “bərabərhüquqlu əməkdaşlıq”, “strateji tərəfdaşlıq”, “enerji təhlükəsizliyi”, “regional sabitlik”, “çoxtərəfli əməkdaşlıq” kimi anlayışlar onun xarici siyasət diskursunun əsasını təşkil edir. Prezidentin beynəlxalq forumlardakı çıxışlarında (BMT Baş Assambleyası, Münhen Təhlükəsizlik Konfransı, Davos İqtisadi Forumu) diplomatik dil normativ hüquq və real siyasi maraqların sintezi kimi təqdim olunur.

Prezident İlham Əliyevin siyasi dilinin mühüm istiqamətlərindən biri də dil və milli kimlik məsələləridir. Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinə həsr olunmuş çıxışında Prezident açıq şəkildə vurğulamışdır ki, “Azərbaycan dilinin saflığının qorunması milli varlıq məsələsidir” (AMEA, 3 noyabr 2025). Bu yanaşma dilin sırf filoloji obyekt deyil, azərbaycançılıq ideologiyasının əsas sütunu kimi dərk edildiyini göstərir. Prezidentin 2018-ci il “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilinin tətbiqinin daha da təkmilləşdirilməsi haqqında” sərəncamı da bu diskursun hüquqi ifadəsidir.

İlham Əliyevin çıxışlarında “xalq-dövlət birliyi”, “milli həmrəylik”, “sosial ədalət”, “inkişaf modeli”, “gələcəyə baxış” kimi anlayışlar xüsusi yer tutur. Bu leksika siyasi lider-xalq münasibətlərini ideoloji müstəvidə möhkəmləndirir. Xüsusilə müharibə və postmüharibə dövründə Prezidentin müraciətlərində bu anlayışlar milli səfərbərlik və kollektiv məsuliyyət ideyasını gücləndirən dil vasitələri kimi çıxış edir (Xalq müraciətləri, 2020-2023).

Prezident İlham Əliyevin siyasi dilinin diqqətçəkən xüsusiyyətlərindən biri elmi terminologiyaya verdiyi önəmdir. Onun çıxışlarında anlayışların semantik dəqiqliyi qorunur, terminlər kontekstindən kənarlaşdırılmadan işlədilir. AMEA-dakı çıxışında elmi terminlərin, xüsusilə dilçilik və humanitar sahələrə aid anlayışların sistemli və məsuliyyətlə işlədilməsi tələbi irəli sürülür. Bu yanaşma siyasi dilin elmlə qarşılıqlı əlaqədə inkişaf etdiyini göstərir.

İlham Əliyevin çıxışlarında rəsmi-institusional diskursla yanaşı, situativ şəkildə kolloquial (danışıq üslublu) elementlər də aktivləşir; “Nə oldu, Paşinyan?”, “cəhənnəmə getdi status”, “dovşan kimi qaçdı”, “iti qovan kimi qovduq” kimi ifadələr siyasi ritorikada strateji xəlqiləşdirmə vasitəsi olaraq qarşı tərəfin diskursiv nüfuzunu zəiflətməyə və ictimai emosional konsolidasiyanı gücləndirməyə xidmət edir.

Beləliklə, Prezident İlham Əliyevin siyasi dili dövlətçilik, hüquq, diplomatiya, milli kimlik və elmi diskursun sintezindən ibarət kompleks bir sistemdir. Bu sistem Heydər Əliyevin formalaşdırdığı siyasi dil modelinin müasir dövrdə davamı olmaqla yanaşı, qloballaşma və beynəlxalq münasibətlər şəraitində yeni semantik qatlarla zənginləşdirilmişdir. İlham Əliyevin siyasi dili Azərbaycan dövlətçiliyinin ideoloji sabitliyini və strateji inkişaf xəttini dil müstəvisində təmin edən əsas amillərdən biridir.

Xədicə Heydərova,

filologiya üzrə fəlsəfə doktoru, dosent

AMEA Nəsimi adına Dilçilik İnstitutu,

Azərbaycan dili tarixi şöbəsinin müdiri

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
21
1
yeniazerbaycan.com

2Источники