RU

İradə Rizazadə: "Qərbi Azərbaycan mövzusunda QHT-lərin fəaliyyəti 2026-cı ildə də davam edəcək"

“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə QHT.az-a açıqlamasında bildirib ki, 2025-ci ildə 50-dən artıq təşkilat öz layihələrini Qərbi Azərbaycan mövzusuna həsr edib, layihələr uğurla həyata keçirilib, təqdimatlarda geniş iştirak olunub və təcrübələr paylaşılıb.

İradə Rizazadə qeyd edib ki, 2026-cı ildə də Qərbi Azərbaycan mövzusunda birgə fəaliyyət davam etdiriləcək. O, həmçinin 2025-ci ilin qeyri-hökumət təşkilatları üçün uğurlu olduğunu vurğulayıb:

"Düşünürəm ki, 2026-cı ildə də güclərimizi birləşdirərək Qərbi Azərbaycan mövzusunda birgə fəaliyyətimizi davam etdirəcəyik. Ən əsası onu demək istəyirəm ki, 2025-ci ildə qeyri-hökumət təşkilatlarının inkişafına nəzər saldıqda görürük ki, onlar istər Azərbaycanda dövlət qurumları ilə müəyyən məsələləri müzakirə etməkdə, istərsə də təkliflər verməkdə daha fəal iştirak edə bilirlər. Bu, qeyri-hökumət təşkilatlarının inkişafını və gücünü bir daha göstərir. Eyni zamanda, beynəlxalq aləmdə də fəaliyyətləri artıb, daha səviyyəli çıxışlar və təqdimatlar görürük və düşünürəm ki, bu tendensiya getdikcə genişlənəcək".

Prezidentin də çıxışlarında QHT-lərin fəaliyyətinin xüsusilə qeyd edildiyini bildirən İradə Rizazadə təşkilatın layihələr vasitəsilə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq məqsədini daşıdığını qeyd edib.

"Dövlət rəhbərimiz də maraqlıdır ki, Azərbaycan qeyri-hökumət təşkilatları inkişaf etsin və öz haqq-ədalət yolunda gücünü göstərə bilsin. Prezident bütün çıxışlarında və proseslərdə, istər Qərbi Azərbaycan mövzusunda sülh məsələlərində, istər ictimai nəzarət məsələsində QHT-lərin fəaliyyətini xüsusilə qeyd edir. İnanır ki, ictimai birliklər lazımı sahələrdə fəaliyyətlərini genişləndirəcək və inkişafını beynəlxalq ictimaiyyətə göstərəcək. Biz də layihələrimizdə məqsəd qoyuruq ki, onların səmərəliliyini, inkişafını və vacibliyini göstərək və dünya ictimaiyyətinə Azərbaycan həqiqətlərini çatdırmaq üçün öz gücümüzü ortaya qoyaq".

 

Pərvanə Fərhadqızı

QHT.az

Избранный
52
qht.az

1Источники