RU

"Prezident üçün siyasət söz deyil, konkret əməllərdir" - Aydın Mirzəzadə

"Prezidentin gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan daha da qüdrətlənib, qarşıda duran problemlər ardıcıl şəkildə həll olunub və ölkənin beynəlxalq aləmdə mövqeləri möhkəmlənib".

Redaktor.az xəbər verir ki, bunu deputat  Aydın Mirzəzadə parlamentin bu gün keçirilən plenar iclasında dedi.

Deputat bildirib ki, Prezidentin gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan daha da qüdrətlənib, qarşıda duran problemlər ardıcıl şəkildə həll olunub və ölkənin beynəlxalq aləmdə mövqeləri möhkəmlənib.

Aydın Mirzəzadənin sözlərinə görə, Prezident İlham Əliyev Azərbaycan xalqının və cəmiyyətinin yetirməsidir, milli dəyərlərimizin, tariximizin, mədəniyyətimizin və müstəqillik ideyalarının daşıyıcısıdır:

"Dövlət başçısı ulu öndər Heydər Əliyev siyasi məktəbinin uğurlu məzunudur və hər zaman ulu öndərin yanında olub, onunla çətin və məsuliyyətli dövrlərdə çiyin-çiyinə fəaliyyət göstərib".

Deputat vurğulayıb ki, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə İlham Əliyev ölkə üçün strateji əhəmiyyət daşıyan sahələrdə, xüsusilə neft strategiyasının formalaşdırılmasında fəal iştirak edib, mühüm neft kontraktlarının bağlanmasında danışıqlar prosesində birbaşa rol oynayıb. Sonrakı mərhələdə isə ölkədə islahatların hazırlanması və həyata keçirilməsinə rəhbərlik edib.

Aydın Mirzəzadə bildirib ki, Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyəti onun Azərbaycanın tarixini, problemlərini və bu problemlərin həlli yollarını dərindən bildiyini təsdiqləyir:

"Prezident üçün siyasət söz deyil, konkret əməllərdir".

Onun sözlərinə görə, İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü təmin edilib, ölkənin neftdən asılılığı mərhələli şəkildə azaldılıb, regionların inkişafına xüsusi diqqət yetirilib, vətəndaşların hüquq və azadlıqlarının qorunması istiqamətində mühüm addımlar atılıb, Azərbaycan beynəlxalq birlikdə layiqincə təmsil olunub.

"İlham Əliyev bu gün dünyada tanınan nüfuzlu dövlət liderlərindən biridir. Azərbaycan xalqı öz prezidenti ilə fəxr edir və hər zaman onun yanındadır,” – deyə Aydın Mirzəzadə yekunlaşdırıb.

Aminə ŞAHSUVARQIZI

Избранный
74
1
redaktor.az

2Источники