Bununla belə, hakimlərin vəsiqələrinin nümunələri Şura tərəfindən təsdiq edilsə də, yuxarıda qeyd edilən Əsasnamə qüvvədə olduğundan faktiki olaraq Şura həmin Əsasnamədə vəsiqələrə dair müəyyən edilmiş tələblərdən kənara çıxa bilməyib. Vurğulanıb ki, məhkəmə instansiyalarından asılı olaraq hakim vəsiqələrinin təqdim edilməsi qaydasında mövcud olan fərqlər aradan qaldırılmayıb. Qeyd olunanlara əsasən, layihədə hakimlərin xidməti vəsiqəsinin nümunəsinin Məhkəmə-Hüquq Şurası tərəfindən təsdiq edilməsi və Məhkəmə-Hüquq Şurasının sədri tərəfindən təqdim edilməsi müəyyən edilir. Buna uyğun olaraq, layihədə "Hakimlərin xidməti vəsiqəsi haqqında" qanunun və həmin qanunla təsdiq edilən eyniadlı Əsasnamənin ləğvi təklif olunur. Xatırladaq ki, qüvvədə olan qanuna əsasən hakimlərin xidməti vəsiqələrinin nümunələri Milli Məclis tərəfindən müəyyən edilirdi. Sənəddə qeyd edilib ki, eyni yanaşma prokurorluq işçilərinin xidməti vəsiqələrinə münasibətdə də tətbiq olunub. Belə ki, "Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında" qanun və həmin sənədlə təsdiq edilən eyniadlı Əsasnamə ləğv edilib, prokurorluq işçilərinin xidməti vəsiqəsinin nümunəsinin Azərbaycanın Baş prokuroru tərəfindən təsdiq edilməsi müəyyən olunub
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.