RU

Azərbaycanda ailələr ərzağa bu qədər pul xərcləyir – ŞOK RƏQƏMLƏR

İqtisadi göstəricilər bəzən uzun hesabatlardan daha aydın danışır. Ailələrin qazancının nə qədərinin gündəlik qidaya xərclənməsi isə cəmiyyətin real sosial rifahını göstərən əsas meyarlardan biridir. 

KONKRET.az xəbər verir ki, iqtisadçı Asif İbrahimov sosial şəbəkə hesabında paylaşım edərək Azərbaycanda əhalinin sosial rifah səviyyəsi ilə bağlı diqqətçəkən məqamları açıqlayıb.

İqtisadçı bildirib ki, Engel qanununa görə ailənin və ya fərdin gəliri artdıqca ərzaq xərclərinin məbləği artsa da, bu xərclərin ümumi büdcədəki payı azalır. Onun sözlərinə görə, bu göstərici dünyada əhalinin sosial rifah səviyyəsinin ölçülməsində geniş istifadə olunur.

Asif İbrahimov qeyd edib ki, beynəlxalq praktikaya əsasən:

• ailə büdcəsində ərzaq xərclərinin 15–20% olması rahat və dayanıqlı rifah deməkdir;
• 25–30% orta rifah səviyyəsi sayılır;
• 30%-dən yuxarı göstərici gəlir çatışmazlığını;
• 40% və daha çox isə artıq sosial rifah problemini göstərir.

İqtisadçının sözlərinə görə, sağlam cəmiyyətdə ailə büdcəsinin 15–25%-i ərzağa xərclənməlidir. Lakin Azərbaycanda bu göstərici 40–45%, aşağı gəlirli ailələrdə isə 50–60%-ə qədər yüksəlir.

“Bu o deməkdir ki, insan qazancının yarısını sadəcə tox qalmaq üçün xərcləyir. Təhsil, sağlamlıq, istirahət və yığım isə artıq ‘imkan olarsa’ kateqoriyasına düşür. Maaş artsa da, süfrə bahalaşır”, – deyə Asif İbrahimov vurğulayıb.

İqtisadçı əlavə edib ki, mövcud reallıqda orta statistik azərbaycanlının rəsmi çıxışlara maraq göstərməməsi və alternativ proqramlara üz tutması təəccüblü deyil və buna görə cəmiyyət qınanmamalıdır.

Sonda Asif İbrahimov ictimaiyyətə müraciət edərək sual ünvanlayıb: “Bəs sizin gəlirinizin neçə faizi ərzaq xərclərinə gedir?”

Natiq Səlim
KONKRET.az

Избранный
46
1
konkret.az

2Источники