RU

Tərtərdə pambıq yığımının yekunları və gələcək planlar müzakirə olunub

2025-ci il pambıq yığımının başa çatması və növbəti il pambıq əkinlərinin vəziyyəti ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətində müşavirə keçirilib...

Müşavirədə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, başçının birinci müavini Elvin Umudov, Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mehman Babayev, Tərtərçay Hidroqovşağı İstismarı İdarəsinin rəisi Emil Hacıyev, Tərtər Su Melorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Murad Zeynalov, Prime Cotton MMC-nin Qarabağ Regional bölməsinin rəhbəri Amil Rəşidov, Prime Cotton MMC-nin Tərtər filialının müdiri Vilayət Şairov və “Azərpambıq” MMC-nin Tərtər pambıq məntəqəsinin direktoru Fəqani Babışov iştirak ediblər.

Rayon rəhbəri pambıqçılıq sahəsində Tərtərin uzunmüddətli ənənələrindən danışıb, bu il əldə olunan uğurları diqqətə çatdırıb. Bildirilib ki, rayon ərazisində Prime Cotton MMC-nin Tərtər filialı 1089,5 hektar sahədə pambıq əkərək 3953,7 ton məhsul toplayıb. “Azərpambıq” MMC 1323,2 hektar sahədən 4542,4 ton məhsul əldə edib, “Elakoton” MMC isə 384 hektar sahədə 2021,6 ton pambıq yetişdirib. Beləliklə, rayon üzrə ümumi 2796,7 hektar sahədən, 10517,8 ton məhsul əldə edilib, orta məhsuldarlıq isə 37,6 sentner olub.

Müstəqim Məmmədov nəticələri yüksək qiymətləndirərək, növbəti il üçün daha yüksək məhsuldarlığın təmin edilməsi məqsədilə tövsiyələrini verib. Müşavirədə həmçinin növbəti il əkiləcək pambıq sahələri, onların becərilməsi və suvarılmasında qarşıya çıxan məsələlər müzakirə olunub.

Digər iştirakçılar da çıxış edərək sahənin vəziyyəti, məhsuldarlığın artırılması yolları və qarşıya çıxan problemlərlə bağlı fikirlərini bölüşüblər. Qeyd ediblər ki, müasir texnologiyalardan istifadənin genişləndirilməsi və suvarma sistemlərinin səmərəli işlədilməsi məhsuldarlığın artırılmasında mühüm rol oynayır. Həmçinin, əməkdaşlıq və planlı yanaşma sayəsində növbəti il üçün əkin sahələrinin daha yaxşı idarə olunacağı vurğulanıb.

Poliqon.info

Избранный
35
poliqon.info

1Источники