“Almaniya Rusiya–Ukrayna müharibəsində qətiyyətli mövqeyi ilə ön plana çıxır. Xüsusən, Rusiya ilə strateji qarşı durmaya yanaşması rəsmi Berlinin daha qətiyyətli görünməsini təmin edir. Hazırda Berlin, Fransadan, İtaliyadan və digər Avropa ölkələrindən fərqli olaraq, Rusiya ilə strateji qarşı durmanı Avropanın əsas missiyası hesab edir və açıq şəkildə bildirir ki, əgər Ukraynada Putin qalib gəlsə, bu, SSRİ-nin yeni formatda yaranması ilə nəticələnə bilər. Bu isə Avropaya birbaşa təhdid yaradır. Bu yanaşma ilə bir çox Avropa ölkələri, hətta Fransa daxil olmaqla, bölüşsələr də, bu strategiyanın hansı addımlarla həyata keçiriləcəyi məsələsində fikir ayrılıqları mövcuddur. Almaniya rəhbərliyi düşünür ki, yalnız qüc balansı yaradaraq Rusiyanı agresiv planlardan çəkindirmək mümkündür. Ukraynaya bütün mümkün vasitələrlə dəstək verilməsi Rusiya potensialını zəiflətmək və onun strateji planlarını puça çıxarmaq üçün vacibdir. Lakin son vaxtlar müşahidə olunur ki, İtaliya və Fransa müəyyən qədər mövqelərini yumşaldıblar. Onlar hesab edirlər ki, Rusiya indiki mərhələdə əldə etdiklərini saxlaya bilər və gələcək strategiya balansı üçün danışıqlar aparmaq vacibdir. Onlara görə, Avropanın mövcud resursları Rusiya ilə strateji qarşı durmanı daha da yüksəltmək üçün yetərli deyil və bu, ölkələrin potensialını zəiflədir. Rusiya ilə strateji balans barədə anlaşmadan sonra Avropa hərbi təzyiqini davam etdirə bilər”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Zaur İbrahimli deyib.
Xatırladaq ki, Almaniya rəhbərliyinin Berlini Avropanın əsas geosiyasi mərkəzinə çevirmək niyyəti Avropa İttifaqı daxilində güc balansının dəyişdiyini göstərir və bu yanaşma Fransa-Almaniya tandemi çərçivəsində yeni rəqabət elementləri yaradır.
Siyasi şərhçi qeyd edib ki, Almaniya rəhbərliyi əks mövqedən çıxış edir və hesab edir ki, indiki mərhələdə cəsarətli addımlar atmaq vacibdir.