RU

Xankəndi:Böyük hədəflərə söykənən Böyük Qayıdış

İlkin mərhələdə 30 ailə olmaqla, ümumilikdə 115 sakin müvəqqəti məskunlaşdıqları şəhər və rayonlardan öz dədə-baba yurdlarına - Xankəndinin Kərkicahan qəsəbəsinə qayıdıb

Xankəndinin yeni siması daha çox yenidənqurma, inkişaf və Böyük Qayıdış layihələri ilə bağlıdır. Çünki bölgə 2023-cü ildə Azərbaycanın suverenliyinə qaytarıldıqdan sonra yeni infrastrukturların qurulması, şəhərin bərpası və sosial-iqtisadi inkişafın başlanması əsas gündəmdir. İnfrastruktur – yollar, su, elektrik, qaz və rabitə xətləri yenilənib, bütün yaşayış və qeyri-yaşayış fonduna texniki baxış keçirilib. İstifadəyə yararsız tikililər sökülüb, şəhərin yeni Baş planına uyğun müasir layihələr icra olunmağa başlayıb. Xankəndidəki əsas binaların əksəriyyəti — Zəfər Muzeyi, Prezidentin Xüsusi Nümayəndəliyinin binası və “Qarabağ” hoteli vaxtilə dövlət büdcəsi hesabına və azərbaycanlı memarların layihələri əsasında inşa olunub. Eləcə də meydanda yerləşən Mədəniyyət Mərkəzinin binası “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutunun memar və konstruktorları tərəfindən hazırlanmış müasir layihələr əsasında bərpa edilərək yenidən şəhər həyatına qaytarılır. Biznes Mərkəzi tam təmir olunaraq müasir ofis və xidmət məkanına çevrilib. Xankəndi şəhər stadionu yenilənərək idman tədbirləri üçün tam yararlı vəziyyətə gətirilib. Şəhərin mədəni yaddaşını yaşadan Dövlət Dram Teatrında da bərpa ardıcıl şəkildə aparılır. Bu layihələr sırasında Zəfər Parkı xüsusi əhəmiyyət daşıyır. Bu gün Xankəndi ilə yanaşı, Ağdərənin, Xocalının kəndlərində də bərpa və infrastruktur layihələri icra olunur. Kəndlərdə yollar salınır, mühəndis-kommunikasiya xətləri yenilənir, fərdi yaşayış evləri sakinlərin qayıdışı üçün tam şəkildə bərpa edilir.

Dekabrın 23-də Prezident İlham Əliyev Xankəndiyə səfər edib. Dövlət başçısı şəhərinin Kərkicahan qəsəbəsində olub. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına qəsəbədə görülmüş işlər barədə məlumat verib. Bildirilib ki, qəsəbədə bir sıra sosial infrastruktur layihələri də icra olunub. Fərdi evlərin yerləşdiyi ərazidə su, elektrik və qaz xətləri yoxlanılıb, 2 kilometr yeraltı optik kabel, 510 metr elektrik xətti çəkilib, işıq dirəkləri quraşdırılıb, küçə işıqlandırılması təmin olunub, daxili yollar asfaltlanıb. Eyni zamanda, 60 çarpayılıq 1 nömrəli körpələr evi-uşaq bağçası və 624 şagird yerlik tam orta məktəbdə əsaslı təmir işləri aparılıb. Təmir işlərinə bu ilin may ayında başlanılmış qəsəbədə hazırda 33 yaşayış binası və 1037 fərdi ev mövcuddur. Onlardan 247-si yararsız, 790-ı isə qismən yararlıdır. Bu ilin sonunadək 40, 2026-cı ildə isə 280 evin təmiri nəzərdə tutulur. Artıq 30 evdə təmir işləri başa çatdırılıb. İlkin mərhələdə 30 ailə olmaqla, ümumilikdə 115 sakin müvəqqəti məskunlaşdıqları şəhər və rayonlardan qəsəbəyə - öz dədə-baba yurdlarına qayıdıb.

Böyük Qayıdış Proqramı bu gün dünya miqyasında ən uğurla icra edilən qayıdış proqramıdır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Kərkicahan qəsəbəsində sakinlərlə görüşündə deyib. Dövlət başçısı sakinləri doğma torpağa 34 ildən sonra qayıdışı münasibətilə təbrik edərək qeyd edib: "Şükür Allaha, torpaqlarımız işğalçılardan azad olundu və bütün keçmiş köçkünlər yavaş-yavaş öz dədə-baba torpaqlarına qayıdırlar, o cümlədən bu gün Kərkicahan qəsəbəsinə də keçmiş köçkünlər qayıdıb və bu qayıdış prosesi davam edir. Yəni "Böyük Qayıdış" Proqramı bu gün dünya miqyasında ən uğurla icra edilən qayıdış proqramıdır. Siz isə uzun illər çətin şəraitdə, həm fiziki, həm mənəvi əzablar içində yaşamısınız. Artıq buna son qoyuldu və 34 ildən sonra doğma Kərkicahana qayıdırsınız. Böyük xoşbəxtlikdir, həm sizin üçün, həm də xalqımız üçün".

Prezident İlham Əliyev diqqətə çatdırıb ki, 1991-ci il dekabrın sonunda Ermənistan dövləti sizi öz dədə-baba torpağınızdan didərgin salmışdı: "Dekabrın sonu idi və indi 2025-ci il dekabrın sonunda ədalət burada da, bu torpaqda da tam bərqərar olur. Əlbəttə, təsəvvür etmək çətin deyil ki, bu illər ərzində necə əzab-əziyyət içində yaşamısınız. Həm ev şəraiti, həm mənəvi əzab, ədalətsizlik hissi. Amma əminəm, siz də bütün xalqımız kimi inanırdınız ki, gün gələcək və biz buraya qayıdacağıq. İki il bundan əvvəl antiterror əməliyyatı nəticəsində Kərkicahan qəsəbəsi Xankəndi şəhəri ilə birlikdə işğalçılardan azad edilmişdir və artıq burada həyat yenidən qurulur".

Sonra dövlət başçısı Xankəndi şəhərində Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlini qoyub. Qeyd edək ki, Qarabağ Universitetinin Mühəndislik fakültəsi müasir texnoloji çağırışlara cavab verən, innovasiya və tətbiqyönümlü mühəndis kadrların hazırlanmasını hədəfləyən əsas akademik struktur bölmələrdən biridir. Fakültədə hazırda 19 professor-müəllim, inzibati və texniki heyət üzvü fəaliyyət göstərir. Burada ümumilikdə 314 tələbə təhsil alır. Fakültədə bakalavriat səviyyəsində elektrik və elektronika, inşaat, mexatronika və robototexnika, logistika və nəqliyyat texnologiyaları, kompüter mühəndisliyi, data analitika və riyaziyyat daxil olmaqla 7 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir. Gələcəkdə mühəndislik istiqaməti üzrə yeni ixtisasların açılması nəzərdə tutulur. Yeni binanın müasir standartlara uyğun inşa edilərək qısa müddətdə istifadəyə verilməsi planlaşdırılır. Həmçinin ölkə başçısı Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin yeni inşa olunmuş binasının açılışında iştirak edib. Məlumat verilib ki, Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsi müasir akademik mühitin formalaşdırılması istiqamətində ardıcıl şəkildə inkişaf edən əsas struktur bölmələrdən biridir. Fakültədə hazırda 20 professor-müəllim, inzibati və texniki heyət üzvü fəaliyyət göstərir. Burada ümumilikdə 505 tələbə bakalavriat səviyyəsində 7 ixtisas - iqtisadiyyat, maliyyə, mühasibat uçotu, menecment, dövlət və bələdiyyə idarəetməsi, beynəlxalq ticarət və logistika, turizm işinin təşkili üzrə təhsil alır.

Səfər çərçivəsidə Prezident İlham Əliyev “AzərEnerji” ASC-nin 110/35/10 kV-luq “Xankəndi-1” elektrik yarımstansiyasının açılışında da iştirak edib. Qeyd edək ki, Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərin dayanıqlı elektrik enerjisi təchizatı infrastrukturunun yaradılması ilə bağlı tapşırıqlarına əsasən, Xankəndi şəhərində müasir şəhər şəbəkəsi modelinə uyğun 110/35/10 kilovoltluq qapalı tipli yarımstansiya tikilib. Xankəndi və ətraf ərazilərin ölkə enerjisisteminə qoşulması üçün Şuşa şəhərindən Xankəndiyə çətin dağlıq və meşəlik relyefdən keçməklə 1,8 kilometri yeraltı kabel olan, ümumilikdə 11 kilometrlik yüksəkgərginlikli ötürmə xətti çəkilib. Bu yarımstansiya işğaldan azad edilmiş ərazilərdə 110 kV-luq gərginlik sinfi üzrə tikilmiş ilk qapalı tipli yarımstansiyadır. Diqqətə çatdırıldı ki, “AzərEnerji” ASC tərəfindən Qarabağda və Şərqi Zəngəzurda rekord müddətdə - cəmi 5 il ərzində 1000 kilometr uzunluğunda yüksəkgərginlikli ötürmə xətləri çəkilərək 12 yeni yarımstansiya ilə zəncirvari şəkildə əlaqələndirilib, 330 və 110 kV-luq ikipilləli dairəvi elektrik təchizatı yaradılıb.

Göründüyü kimi, azad ərazilərin sosial-iqtisadi inkişafı get-gedə sürətlənir, daha geniş miqyas alır. Əlbəttə, bütün bunlar onu göstərir ki, biz yaxın illərdə bu rayonları, kəndləri tam olaraq inkişaf etmiş görəcəyik və onların sosial həyata, ölkə iqtisadiyyatına verdiyi töhfələri müşahidə edəcəyik. Regionların sosial iqtisadi inkişaf strategiyasının azad rayonlarda geniş intişar tapması burada gələcək böyük inkişafın müjdəsini verir.

Sevinc Azadi, “İki sahil”

Избранный
38
ikisahil.az

1Источники