RU

Kərkicahan Bir kənd, iki tale

Qafqazinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Kərkicahana köç başlayıb. İlkin mərhələdə 117 nəfərdən ibarət 30 ailə Kərkicahana köçürülüb. Kəndin ilk sakinləri artıq ən ali qonağını – onları dədə-baba yurdlarına qaytarmış Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevi qarşılayıblar.

Kərkicahan adını ilk dəfə 1991-ci ilin elə bu günlərində eşitmişdim. Doğum günümdə - dekabrın 28-də kəndin ermənilər tərəfindən işğal edildiyi rəsmən elan olunmuşdu. Kərkicahan Xankəndini özünə mərkəz seçmiş erməni separatçılarının işğal etdiyi ilk Azərbaycan kəndi idi. Azərbaycan Ordusu ilk şəhidini də məhz bu kənddə dekabrın 11-də vermişdi - Firdovsi Məmmədov.

Bəs kim idi Firdovsi?

Firdovsi Xeyrulla oğlu Məmmədov 1961-ci ildə Zəngilan rayonunun Mincivan qəsəbəsində anadan olub. 1978-ci ildə 36 nömrəli Mincivan qəsəbə dəmiryol orta məktəbini bitirərək hərbi xidmətə gedib. Əsgəri qulluğunu müharibənin tüğyan etdiyi Əfqanıstanda  başa vurduqdan sonra Volqoqrad şəhərində hərbi məktəbə daxil olub, gizir rütbəsi ilə Bakı şəhərinə qayıdıb, hərbi hissələrin birində xidmətini davam etdirib.

Komandiri olduğu batalyonla Xankəndi ətrafında döyüşlərə girib. Bir cox müdafiə və hücum əməliyyatlarında göstərdiyi təşkilatçılıq bacarığı və cəsurluğu ilə tanınıb. 1991-ci il dekabr ayının 11-də Kərkicahan uğrunda döyüş zamanı başından yaralanaraq şəhid olub. Bakıda I Şəhidlər Xiyabanında dəfn edilib. Firdovsi Məmmədov müğənni Təranə Qumralın qardaşıdır.

Qarabağ müharibəsindən bəhs edən “Fəryad” filmi milli kinematoqrafiyamızda hələlik bu mövzuda çəkilmiş ən yaxşı ekran əsəri sayılır. Filmə hekayə olan Qarabağ qazisi Mehman Hüseynovun da döyüş yolu məhz Kərkicahandan keçib.

Mehman Hüseynov Milli Ordumuzun ilk hərbi hissələrindən birində - Şıx batalyonunda döyüşə yollanan birinci könüllülərdən olub. O, adıçəkilən batalyonda tağım komandiri olub. 1991-ci ilin dekabrında Qarabağın Kərkicahan qəsəbəsində Mehmanın tağımı düşmənlə qeyri-bərabər döyüşdə sonacan müqavimət göstərib, silah-sursatları bitən hərbçilərimizin çoxu həlak olub, onun özü isə yaralı vəziyətdə düşmənə əsir düşüb.

Mehman Hüseynovun döyüş yolu və əsir düşdüyü epizodlar sonralar istedadlı rejissor Ceyhun Mirzəyevin ekranlaşdırdığı “Fəryad” filminə salınıb. Bu ekran əsərinin baş qəhrəmanı İsmayılın prototipi Mehman olub. Rejissor Ceyhun Mirzəyev bu ekran əsərində təkcə Mehmanın keçdiyi döyüş yolunu və əsirlik həyatını canlandırmayıb, o, "Fəryad" filminə həm də mərhum komandirin ailəsini – xanımı və övladını da daxil edib.

Diqqətli tamaşaçı “Fəryad” filminin kadrlarını göz önünə gətirsə, yadına düşər ki, əsirlikdə olan qəhrəman bir neçə dəfə xanımı və uşağını xatırlayır. Məsələn, bombardman zamanı İsmayıl ermənilərin qaçıb zirzəmiyə doluşduğu evi yandırmaq istəyir. O, evə od vurandan sonra qonşu otaqdakı tənha erməni uşağının ağlamasını eşidəndə özünün azyaşlı övladı yadına düşür və alovu söndürməklə balaca ermənini xilas edir.

Filmdə bir neçə epizodda baş qəhrəmanın ailəsi ekranda göstərilir. Belə epizodlardan biri İsmayılın müharibəyə yola salınma səhnəsidir. Burada qəhrəmanı xanımı və azyaşlı övladı yola salır. Filmdə baş qəhrəman İsmayılın uşağı oğlan olsa da, onun gerçək həyatdakı prototipi Mehmanın övladı qız idi.

Keçmiş döyüşçü Mehman Hüseynov müharibədən sonra həyat yoldaşından ayrılıb, Bakıxanov qəsəbəsində tənha yaşayıb və 2015-ci ilin mayında ürək çatışmazlığından dünyasını dəyişib.

Mehman Hüseynovun adı ölümündən sonra daha çox hallanmağa başlayıb. Çünki 2016-cı il yanvarın 5-də Bakının Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi-17 ünvanında qətlə yetirilən 1960-cı il təvəllüdlü Məryəm Namədzadə məhz Mehmanın keçmiş xanımı idi. Polis və prokurorluq orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində “Qızıl Məryəm” kimi tanınan Məryəm Namədzadənin qətlinə görə 1988-ci il təvəllüdlü qızı Günel Hüseynova, 1998-ci il təvəllüdlü bacısı oğlu Nicat Eyvazov və 1997-ci il təvəllüdlü Ceyhun Əsgərov həbs olunub. Məhkəmənin hökmü ilə cinayətin təşkilatçısı G.Hüseynova 18 il, icraçılar C.Əsgərov 19 və N.Eyvazov isə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Mehman Hüseynov 1991-ci ilin dekabrında Qarabağın Kərkicahan qəsəbəsində əsir düşəndə onun 1988-ci il təvəllüdlü qızı Günel 3 yaşındaymış.

Rəhmətlik Ceyhun Mirzəyevin yüksək peşəkarlıq və vətənpərvərlik ruhunda ərsəyə gətirdiyi “Fəryad” filminin ən təsirli səhnələrindən biri Xocalının işğalı xəbərinə ermənilərin rəqs etməsidir. Bu səhnə filmdə xalq artisti Məlik Dadaşovun peşəkarlığı sayəsində çox təbii alınmışdı. 28 il yarım sürən işğala ən gözəl cavabı isə Azərbaycan əsgəri Şuşanın azad olunması xəbərinə filmdə səslənən mahnının sədaları altında vermişdi.

Kərkicahanda işıqlarımızın yandığı, ocaqlarımızın alovlandığı bu günlərdə Firdovsini də, Mehmanı da, onlar kimi igid döyüşçülərin həyatını ölümsüzləşdirən Ceyhunu da, bütövlükdə isə şəhid və qazilərimizi ehtiramla yad edirik.

Sağ ol, Əsgər!

Çox sağ ol, Ordu!

Var ol, Komandan!

Cavid İsmayıl,

Tarix üzrə fəlsəfə doktoru

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
44
qafqazinfo.az

1Источники