RU

“Biz xarici siyasətimizi öz milli maraqlarımıza uyğun müəyyən edirik” - Turki bin Feysəl

Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanının keçmiş kəşfiyyat rəisi Turki bin Feysəl deyib ki, İsrail yaxşı davranmağa başlayanda münasibətləri normallaşdıra biləcəklər.

Hafta.az yazır ki, dünən “Times of Israel” qəzetində dərc olunmuş müsahibədə Feysəl hazırda İsraillə münasibətləri normallaşdırmağı düşünmədiklərini bildirib: “Səudiyyə Ərəbistanı İsraillə normallaşdırma müqaviləsi bağlamağı düşünmür. Əgər İsrail beynəlxalq hüququ normal qəbul edən normal bir ölkə olarsa, Səudiyyə Ərəbistanı normallaşdırmanı nəzərdən keçirəcək”.

1979-2001-ci illərdə Səudiyyə Ərəbistanı kəşfiyyatının rəhbəri vəzifəsində çalışan Feysəl İsrail mediasına verdiyi nadir müsahibədə ikitərəfli münasibətlərin inkişafına ən böyük maneənin Fələstin məsələsi olduğunu vurğulayıb.

O, müstəqil Fələstin dövlətinin qurulması ilə nəticələnəcək bir prosesə başlamaq istədiklərini bildirib və əlavə edib: “İsraillə münasibətlərin normallaşdırılması Fələstin məsələsinə son və ədalətli həll yolu tapmaqdan asılıdır”.

Cənab Feysəl əlavə edib ki, Netanyahunun varisi iki dövlətli həlli qəbul etməlidir.

Ər-Riyadla Təl-Əviv arasındakı normallaşma danışıqları, 7 oktyabr 2023-cü ildə Həmas-ın “Əl-Əqsa” əməliyyatı ilə başlayan Qəzza müharibəsindən sonra dayandırılıb. Prosesə vasitəçilik edən Vaşinqton, münaqişədən əvvəl tərəflərin razılığa çox yaxın olduğunu iddia etmişdi. İsrailin Baş naziri Binyamin Netanyahu da oxşar açıqlamalar vermişdi. Lakin Feysəl Qəzza müharibəsindən əvvəl İsraillə razılığa yaxın olduqları iddialarının həqiqəti əks etdirmədiyini deyib: “7 oktyabrdan əvvəl normallaşma ilə bağlı bütün fərziyyələr əsasən İsrail və ya İsrailpərəst Amerika mənbələrinin xəyallarına əsaslanırdı”.

10 oktyabrda Qəzzada qüvvəyə minən atəşkəs və girov mübadiləsi müqaviləsindən sonra, 16 oktyabrda ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının da İbrahim Sazişlərinə qoşulmasını istədiyini bildirib. Trampın birinci dövründə imzalanan müqavilələr bəzi ərəb ölkələri ilə İsrail arasında münasibətlərin normallaşması üçün yol açıb.

2005-2007-ci illərdə Səudiyyə Ərəbistanının ABŞ-dakı səfiri vəzifəsində çalışan Feysəl, İsrailin Qəzza, Qərb Şəriyə, Livan və Suriyadakı aqressiv davranışının Təl-Əviv administrasiyasına "etibar etməyi" çətinləşdirdiyini bildirib.

Diplomat vurğulayıb ki, Səudiyyə Ərəbistanı bu prosesdə ABŞ və ya digər ölkələrin təzyiqi altında hərəkət etməyəcək. "Biz xarici siyasətimizi başqalarının istək və təzyiqlərinə görə deyil, öz milli maraqlarımıza uyğun olaraq müəyyən edirik", - o deyib.

Избранный
21
hafta.az

1Источники