RU

“Qətnamə”, yoxsa siyasi təzyiq aləti: ikili standartlar davam edir

Avropa Parlamentinin hüququ siyasiləşdirmək cəhdi

Azərbaycanla suverenliyə müdaxilə dili ilə danışmaq olmaz!

Hüquq anlayışı dövlətçilik institutlarının əsas sütunlarından biri olmaqla, cəmiyyətin sabitliyini, ictimai münasibətlərin tənzimlənməsini və ədalətin təmin olunmasını şərtləndirən fundamental mexanizmdir. Hüququn mövcudluğu isə yalnız qanunların mövcudluğu ilə deyil, həmin qanunların aliliyinə hörmət, onların tətbiqində obyektivlik və milli yurisdiksiyaya ehtiramla ölçülür. Məhz bu baxımdan hüquqi dövlət anlayışı beynəlxalq hüququn da əsas prinsiplərindən biri kimi qəbul olunur. Azərbaycanda hüququn aliliyi tam təmin edilir - ölkə Konstitusiyasına görə hüquqi, dünyəvi və demokratik dövlət olaraq Azərbaycan qanunun aliliyi prinsipinin hər zaman əsas prioritet kimi görür və dəyərləndirir. Amma bu amil deyəsən hansısa özünü “hüquq monopolisti” elan etmiş beynəlxalq yarlıqlı təşkilatları narahat edir. Qeyd edək ki, müasir beynəlxalq münasibətlər sistemində təəssüf doğuran bir tendensiya müşahidə olunur: bəzi beynəlxalq qurumlar hüquq anlayışını siyasi təsir alətinə çevirməyə, onu selektiv və məqsədli şəkildə tətbiq etməyə çalışırlar. Belə hallarda hüquq normativ çərçivədən çıxarılaraq geosiyasi maraqlara xidmət edən vasitəyə çevrilir. Xüsusilə Avropa Parlamenti kimi qurumların ayrı-ayrı suveren dövlətlərə münasibətdə qəbul etdiyi birtərəfli və siyasi motivli “qətnamə” və “qərarlar” bu tendensiyanın bariz nümunəsidir.

AP-nin selektiv yanaşma “ənənəsi”...

Bunu təsdiq etmək üçün uzağa getmək lazım deyil - Avropa Parlamentinin son illər Azərbaycanla bağlı qəbul etdiyi sənədlərə baxmaq kifayətdir. Bu sənədlərin əksəriyyəti hüquqi yanaşmadan daha çox siyasi təzyiq mexanizmini xatırladır. “Qətnamə” adı altında qəbul edilən “arzu və istəklər toplusu” beynəlxalq hüququn əsas prinsiplərinə - dövlətlərin suverenliyi, daxili işlərinə qarışmama və milli yurisdiksiyaya hörmət prinsiplərinə ziddir. Hüquq adı altında aparılan bu cür manipulyasiyalar yalnız konkret dövlətə deyil, ümumilikdə beynəlxalq hüquq sisteminin etibarlılığına ciddi zərbə vurur.

Qeyd edildiyi kimi, Avropa Parlamenti uzun müddətdir ki, Azərbaycana münasibətdə fərqli və selektiv yanaşma nümayiş etdirir. Bu yanaşma hüquqi meyarlardan çox siyasi gözləntilər və ideoloji mövqelər üzərində qurulub. Son qəbul edilən qətnamə də bu siyasətin davamı olmaqla, beynəlxalq hüququn fundamental prinsipləri ilə açıq ziddiyyət təşkil edir. Sənəddə yer alan iddialar və tələblər Azərbaycanın suveren hüquqlarına, milli yurisdiksiyasına və hüquqi sisteminə hörmətsizlik nümunəsi kimi qiymətləndirilməlidir.

BMT Nizamnaməsi ilə zidd olan “qətnamə”...

İlk növbədə vurğulanmalıdır ki, bu “sənəd” BMT Nizamnaməsi ilə daban-dabana ziddir - Nizamnaməyə  əsasən, hər bir dövlət öz ərazisində ictimai asayişin qorunması, konstitusiya quruluşunun müdafiəsi və milli təhlükəsizliyin təmin edilməsi məqsədilə qanunvericiliyini tətbiq etmək, cinayət təqibi aparmaq və məhkəmə ədalət mühakiməsini həyata keçirmək hüququna malikdir. Avropa Parlamentinin konkret cinayət işləri ilə bağlı “hüquqi nəticə” kimi təqdim etdiyi qənaətlər isə faktiki olaraq məhkəmə səlahiyyətlərinin siyasi qərarlarla əvəzlənməsi cəhdi təsiri bağışlayır.

Bu cür yanaşma Avropa Parlamentinin institusional etibarlılığına ciddi suallar yaradır. Çünki hüquqi qiymətləndirmə yalnız müstəqil məhkəmələrin səlahiyyətində olan məsələdir - bu, Avropa Parlamentinin işi deyil. Siyasi platformadan verilən hökmlər hüququn mahiyyətinə zidd olmaqla yanaşı, beynəlxalq münasibətlərdə təhlükəli presedent yaradır. Hüququn siyasiləşdirilməsi isə nəticə etibarilə həm beynəlxalq hüquqa, həm də həmin qurumların öz reputasiyasına zərər vurur.

AP diktə ritorikasından əl çəkməlidir!

Avropa İttifaqı strukturlarının, xüsusilə Avropa Parlamentinin Azərbaycanla bağlı tez-tez işlətdiyi “siyasi məhbuslar dərhal azad edilməlidir” kimi ifadələr mahiyyət etibarilə diktə ritoikasıdır. Bu cür ritorika suveren dövlətlər arasında bərabərhüquqlu münasibətlərə uyğun deyil və beynəlxalq hüququn əsas prinsiplərini pozur. Heç bir, hətta beynəlxalq statusa malik olan təşkilatların belə  müstəqil dövlətə onun məhkəmə-hüquq sisteminə müdaxilə edəcək şəkildə göstəriş vermək səlahiyyəti yoxdur.

Azərbaycan isə artıq 30 il əvvəlki Azərbaycan deyil. Ölkə regionda yeni siyasi və hüquqi reallıqlar formalaşdıran, milli maraqlarını qətiyyətlə müdafiə edən, güclü dövlət institutlarına malik bir aktordur. Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığa açıqdır, lakin bu əməkdaşlıq yalnız qarşılıqlı hörmət, suverenliyə ehtiram və daxili işlərə qarışmamaq prinsipləri əsasında inkişaf etdirilir.

Faktlara əsaslanmayan “siyasi məhbus” etiketləmələri isə hüquqi anlayış deyil, siyasi manipulyasiya vasitəsidir. Bu cür terminlərin şablon şəkildə dövriyyəyə buraxılması dialoqa deyil, birtərəfli “ittihama” xidmət edir. Azərbaycan hər zaman bəyan edib ki, tərəfdaşlıq münasibətləri ikili standartlar üzərində deyil, beynəlxalq hüququn norma və prinsipləri əsasında qurulmalıdır. Avropa Parlamenti və Aİ-yə üzv dövlətlər isə bu reallığı qəbul etməli, ritorika və praktikanı hüquqi çərçivəyə uyğunlaşdırmalıdır.

30 il susan AP indi niyə “aktivləşir”?

Qətnamədə “siyasi məhbus” anlayışı ilə pərdələnən şəxslərlə bağlı aparılmış istintaq və məhkəmə araşdırmaları Azərbaycan Respublikasının Konstitusiyasına, Cinayət-Prosessual Məcəlləsinə, eləcə də ölkəmizin qoşulduğu Avropa İnsan Hüquqları Konvensiyasına və digər beynəlxalq hüquqi öhdəliklərə tam uyğun şəkildə həyata keçirilib. Cinayət məsuliyyəti həmin şəxslərin konkret, sübuta yetirilmiş qanunazidd əməlləri əsasında müəyyən edilib və bu proseslərdə hüquqi prosedurların pozulması faktı mövcud deyil. Bu mənada, “özbaşına həbs”, “siyasi məhbus” və “akademik azadlıqların boğulması” kimi anlayışların sübutsuz şəkildə dövriyyəyə buraxılması hüquqi qiymətləndirmə yox, məqsədli dezinformasiya xarakteri daşıyır. Bu, Avropa Parlamentinin selektiv yanaşmasının bariz nümunəsidir. Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, eyni qurum uzun illər ərzində Azərbaycan ərazilərinin işğalı dövründə yüz minlərlə azərbaycanlının fundamental hüquqlarının kobud şəkildə pozulmasına ya səssiz qalıb, ya da formal mövqe ilə kifayətlənib.

Etnik təmizləmə, mədəni və dini irsin məhv edilməsi faktlarına qarşı göstərilən bu laqeydlik bu gün səsləndirilən iddiaların səmimiliyini tamamilə şübhə altına alır. Azərbaycan dövlətinin qanunları var və kimliyindən, statusundan asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir. Avropa Parlamentinin isə suveren dövlətə “dərhal azad et” kimi göstəriş vermək ixtiyarı yoxdur və belə cəhdlər hüquqi baxımdan əsassızdır.

Belə yanaşmalar AP-nin özünə ziyan gətirir

Azərbaycan hüquqa və qanunun aliliyinə hörmət edən dövlətdir. Ölkədə məhkəmə-hüquq sistemi milli qanunvericiliyə və beynəlxalq öhdəliklərə uyğun şəkildə fəaliyyət göstərir. Bu baxımdan Avropa Parlamentinin qəbul etdiyi siyasi motivli qətnamələr hüquqi deyil, siyasi xarakter daşıyır. Hüququ təzyiq alətinə çevirmək cəhdləri isə nə Azərbaycanın mövqeyini zəiflədə, nə də ölkəni öz suveren qərarlarından geri çəkdirə bilər. Əksinə, bu cür yanaşmalar beynəlxalq hüquq sisteminin özünə zərər vurur və həmin qurumların etibarlılığını sarsıdır. Suveren dövlətlərin daxili işlərinə müdaxilə, məhkəmə qərarlarının siyasiləşdirilməsi və faktlara əsaslanmayan ittihamlar beynəlxalq münasibətlərdə yolverilməzdir. Azərbaycan öz hüquqi sistemini, milli maraqlarını və suverenliyini qorumaqda qətiyyətlidir və bu mövqedən geri addım atmır.

P.İSMAYILOV

Избранный
23
1
yeniazerbaycan.com

2Источники