Cənab Prezident İlham Əliyevin fəaliyyətindən bəhs edərkən ilk növbədə belə bir danılmaz faktı nəzərə almaq lazımdır ki, dövlət başçımızın ilk dəfə 2003-cü ildə bu ali vəzifəyə gəlməsi sadəcə seçki hadisəsi kimi deyil, artıq formalaşmış bir liderin öz xalqının rifahı naminə yüksəlişi kimi baş verdi. Azərbaycan xalqının 22 ildən artıq müddət ərzində cənab Prezident İlham Əliyevə göstərdiyi davamlı və sarsılmaz dəstək də bu liderliyin təsadüfi olmadığını əyani şəkildə sübut edir.
Bütün bu illər ərzində Ölkə Prezidenti cənab İlham Əliyev öz xalqına arxalanaraq Azərbaycanı inamla və uğurla inkişafa doğru aparır. Son bir neçə ildə dünyanı bürüyən iqtisadi böhranlara, planetin ən müxtəlif nöqtələrində yaranan və böyük insan tələfatına, dağıntılara səbəb olan hərbi qarşıdurmalara, bəzi qlobal güclər tərəfindən göstərilən təzyiqlərə rəğmən möhtərəm dövlət başçımızın nümayiş etdirdiyi yüksək peşəkarlıq, qətiyyət, sarsılmaz siyasi iradə, prinsipiallıq və ən əsası, xalqa arxalanma siyasəti Azərbaycanı güclü və nüfuzlu dövlətə çevirmiş, ölkədə yaşanan ümumxalq birliyini son dərəcə möhkəmləndirmişdir.
Qeyd olunmalıdır ki, 2024-cü il fevralın 7-də keçirilmiş Prezident seçkiləri isə sözün əsil mənasında Zəfər seçkisi oldu. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə seçkilər ölkə ərazisinin istisnasız hər bir yerində keçirildi. Cənab Prezident özü, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində səs verdilər. Əlbəttə ki, müstəqil dövlətçiliyimizin möhkəmlənməsi, suverenliyimizin tam bərpası və Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazisində təmin edilməsi Azərbaycan xalqının taleyində müstəsna əhəmiyyət kəsb edən tarixi nailiyyətdir.
Əlbəttə ki, cənab Prezident İlham Əliyevin fəaliyyətinin prioritet istiqamətlərindən biri də ordu quruculuğu ilə bağlıdır. Silahlı qüvvələrimizin modernləşdirilməsi, ordunun gücləndirilməsi hər zaman möhtərəm dövlət başçımızın yürütdüyü siyasət kursunun strateji əsaslarından biri olub. 2003-cü ildən etibarən planlı və ardıcıl şəkildə görülmüş işlər Azərbaycan ordusunu dünyanın ən güclü 50 ordusu sırasına yüksəltdi. 2020-ci ilə qədər davam edən dövrdə Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə cənab Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət ayrılıb və bu tendensiya indi də davam etdirilir.
Dövlət başçımızın gələcəyə xidmət edən strategiyası sayəsində bu gün təkcə Azərbaycanın deyil, ümumilikdə Cənubi Qafqazın beynəlxalq statusu dəyişmiş və region ölkələrinin inkişafı üçün yeni imkanlar açılmışdır. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 2020-ci ildə apardığı 44 günlük Vətən müharibəsində əldə olunmuş parlaq tarixi Qələbə və bu qələbədən doğan möhtəşəm nəticələr bütün regionun təhlükəsizliyi və kommersiya cəlbediciliyi baxımından strateji əhəmiyyətə malikdir. Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan vermiş oldu. Əlbəttə ki, parlaq qələbələrimizdən daha biri kimi 2023-cü ilin sentyabr ayında keçirilmiş bir günlük antiterror əməliyyatının nəticələri göstərilməlidir. Bu tədbir nəticəsində Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi.
Bu gün zəngin enerji resurslarına malik olan və eyni zamanda da müstəqil xarici siyasət, o cümlədən stabil enerji siyasəti yürüdən Azərbaycanda hökm sürən dayanıqlı ictimai-siyasi sabitlik ölkəmizi bütün dost dövlətlər üçün ən etibarlı tərəfdaşa çevirib. Bütün bu uğur və nailiyyətlər cənab Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik və uzaqgörən siyasətinin, Azərbaycanın daha güclü və inkişaf etmiş ölkəyə çevrilməsinə dəqiq hesablanmış strategiyasının bariz nəticələridir.
Fərid Ramazanov, YAP Zaqatala rayon təşkilatının sədri.