RU

Ən mühüm hadisə Xankəndi Zəfəridir - Nəsiman Yaqublu

Tanınmış araşdırmaçı və tarixçi, professor Nəsiman Yaqublu hafta.az-a müsahibəsində, artıq tarixə qovuşmaqda olan 2023-cü ildə Azərbaycanda və dünyada baş verən önəmli hadisələr, onların tarixi-siyasi əhəmiyyəti, növbədənkənar prezident seçkiləri, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranma tarixi, irsini araşdırmağa, demək olar ki, ömrünü həsr etdiyi Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi və s. mövzulardan bəhs etdi...
– Daha bir ilimiz tarixə döndü. Bir tarixçi kimi ötən 2023-cü ilə necə qiymət verirsiniz? Azərbaycan üçün ötən ildə tarixi-siyasi baxımdan ən yaddaqalan və önəmli hadisə hansı oldu?
– 2023-cü il bütün Azərbaycan xalqı üçün önəmli bir il oldu. Doğma Qarabağımız erməni işğalçılarından tamamilə azad edildi və insanlarımız  Xankəndi zəfərinin şahidi oldular. Əslində, böyük bir dövrü əhatə edən işğaldan xalqımız, nəhayət ki, xilas ola bildi. Əgər biz bu işğalın tarixini XIX əsrdən – Kürəkçay, Gülüstan, Türkmənçay müqavilələrindən başlasaq, onda əldə etdiyimiz uğurların miqyasının daha geniş olduğunu görərik. Unutmayaq ki, keçmiş SSRİ məkanında bu, yeganə hadisədir ki, dondurulmuş problem həll edilir, onda bu hadisənin miqyasının daha da genişliyi aydın nəzərə çarpır. Məsələn, Rusiya-Ukrayna savaşı davam edir, Gürcüstan Abxaziya  və Osetiyanı itirib və hələ geri qaytara bilməyib, Moldovada Dnestryanı bölgə geri qaytarılmayıb və s.
– Bəs dünya üçün 2023-cü ildə ən yaddaqalan olay hansı oldu?
– Dünyanın yaddaqalan hadisələri çox olub. Bizim üçün isə öncə dediyim kimi, ən mühüm hadisə Xankəndi zəfəridir, orada hərbi paradın keçirilməsidir və s. Təəssüflər olsun, yaddaşımızda qalan xoş hadisələr çox azdır. Dünyada Rusiya–Ukrayna savaşı bitməyib və davam etməkdədir, günahsız insanlar bu müharibədə həlak olur. İsrail-Fələstin savaşı da 2023-cü ildə yaddaşımızda acı bir hadisə kimi yaşamaqdadır və təəssüflər olsun, bu savaş da bitmədi və hələ davam etməkdədir. İnsanlar isə özlərinin yaratdıqları problemlərin narahatlığını daha çox hiss etməyə başlayıb...
– Növbədənkənar prezident seçkilərinə münasibətiniz necədir? Bir seçici kimi  həmin seçkilərdə iştirak edəcəksinizmi?
– Seçkilərin keçirilməsinin əleyhinə deyiləm. Özüm 4 dəfə Milli Məclisin seçkilərində iştirak etmişəm. Əslində, seçkilər cəmiyyəti demokratikləşdirir, gücləndirir, idarəçilik sisteminin şaquli deyil, üfüqi istiqamətdə genişlənməsinə şərait yaradır. Təbii ki, bu, demokratik seçkilərin keçirilməsi ilə birbaşa əlaqəlidir...
Düşünürəm, bu seçkilərdə cənab İlham Əliyevin qalib gəlmək imkanları genişdir. Bu, hər şeydən əvvəl onun Qarabağ problemini həll etməsi, torpaqlarımızı işğaldan azad etməsi ilə bağlıdır. Hesab edirəm, cənab İlham Əliyev bu imkanlarından istifadə edib cəmiyyətdə mövcud problemlərin ədalətli həllinə, ciddi  quruculuq proseslərinə də  təsir göstərə bilər. Zənnimcə, cəmiyyət quruculuğu prosesinə bütün təbəqələrin cəlb edilməsi də vacibdir. Eyni zamanda, prezident seçkilərindən sonra parlament və bələdiyyə seçkilərinin keçirilməsi də önəmlidir. Bu, həm də o baxımdan zəruridir ki, işğaldan azad edilmiş bölgələrimizin də tədricən seçki sisteminə qoşulmasını sürətləndirəcək...
– Bir neçə gündən sonra qeyd edəcəyimiz Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsasının qoyulduğu 31 dekabr 1989-cu il hadisələrini, yəni İran ərazisindəki Güney Azərbaycanla sərhədlərimizin xalq kütlələri tərəfindən dağıdılıb-sökülməsi  hərəkatını necə xatırlayırsınız?
– Əslində, bütün o dövr hadisələrini əhatə edən “Azərbaycan Milli Azadlıq Hərəkatı Ensiklopediyası” kitabımda bəhs edilən tarixi olaylardan da geniş bəhs etmişəm... Bilirsiniz, 1988-1989-cu illərdən başlanan xalqımızın apardığı azadlıq mübarizəsini  tariximizdən kənarda saxlamaq mümkün deyildir.
– Elə o dövrdən bəri belə bir versiya səslənir ki, guya 31 dekabr 1989-cu il hadisələri xalq kütlələrini qızışdıraraq Bakıda öncədən planlaşdırılan Qanlı Yanvar faciəsinə, yəni Azərbaycan paytaxtına qoşun yeritmək üçün bəhanə yaratmaq, həmçinin Azərbaycan Xalq Cəbhəsinin hakimiyyətə gəlməsinin qarşısını almaq üçün sovet “KQB”si tərəfindən törədilib. Necə yanaşırsınız belə fikirlərə?
– SSRİ dövlətinin gücü onun hərbi sistemində və dediyiniz “KQB”(Dövlət Təhlükəsizlik Komitəsi) sistemində olub. Bu təşkilatın, yəni “KQB”nin əsası isə 1917-ci ildə Rusiyada bolşeviklərin hakimiyyət gəldiyi dövrdə qoyulub. İlk yaradıcısı V.İ.Lenin, ilk sədri isə Feliks Edmundoviç Dzerjinski olub. İlk proqramında bilirsinizmi nə yazılıb? Yazılıb ki, bu təşkilatın əsas vəzifəsi “xalq arasında düşmən axtarmaqdır”. Yəni olmasa belə, kimisə düşmən etməlisən. SSRİ dövləti dağılanda 150 mindən çox insanın bu təşkilatla birbaşa əlaqəsi olduğu qeyd edildi. Söhbət rəsmi işçilərdən getmir. Yəni əslində sualınıza cavab sual verirəm ki, 1989-cu il 31 dekabr hadisələri kimi, 1990-cı ildə Bakıdakı 20 Yanvarı da, 1986-cı ildə Alma-Atada tələbə qırğınlarını da və s. “KQB”siz təsəvvür etməkmi olar?
– Sizcə, növbəti 2024-cü ildə Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanacaqmı?
– Düşünürəm ki, 2024-cü ildə Azərbaycan-Ermənistan arasında sülh sazişi imzalanacaq. Bu sənədin imzalanması, əslində, Ermənistan üçün də olduqca faydalıdır. Ermənistanda müəyyən bir toplum anlamaqdadır ki, əsassız ərazi iddialarından ciddi dövlət quruculuğu prosesinə başlamaq lazımdır. Qonşu dövlətlərlə sülh şəraitində yaşamaq Ermənistan üçün vacibdir. Yəni gələcəyə baxanda yalnız bunu görmək mümkündür. Digər tərəfdən, sülh sazişi imzalanmasa da, Ermənistan Azərbaycanla qonşuluqda sülh şəraitində yaşamağa məhkumdur...
– Bəs Rusiya-Ukrayna və İsrail–“HƏMAS” savaşların bitəcəyini gözləyirsinizmi?
 2024-cü ildə Rusiya-Ukrayna savaşının bitəcəyinə inanmıram. Hər iki tərəfin həm itkiləri, həm mövqeləri, həm də mövcud situasiyanın özü bu savaşın bitəcəyini göstərmir. Bu savaş bəzi göstəricilərinə görə, hər iki dövlətin nəzarətindən də çıxıb...
 İsrail–“HƏMAS”(Fələstin) savaşının isə “iki dövlət” formulu ilə yekunlaşacağını düşünürəm. Yəni Fələstin dövlətinin yaradılması mütləq bir vəziyyətə gəlməkdədir...
– Gələn il xalqımız üçün daha bir əlamətdar hadisə gözlənilir: sizin irsini araşdırmağa, demək olar ki, ömrünüzü həsr etdiyiniz Məhəmməd Əmin Rəsulzadənin yanvarın 31-də tamam olan 140 illiyi... Bu yubileyə rəsmi səviyyədə hazırlıq işləri gedirmi?
– M.Ə.Rəsulzadənin  anadan olmasının 140 ili tamam olur. Bu münasibətlə Azərbaycan Prezidenti cənab İlham Əliyevə rəsmi müraciət ünvanlamışam. Düşünürəm, Prezidentin bununla bağlı müvafiq sərəncamı olacaq. Bunu onunla əsaslandırıram ki, ölkə başçısı görkəmli mütəfəkkir və ziyalılarımızla bağlı sərəncamlar verib və bu, cəmiyyətdə məmnunluqla qarşılanıb. Tariximizdə önəmli rol oynamış şəxsiyyətləri də, tarixi hadisələri də yaşatmağı bacarmalıyıq. Bu, əslində, milli-mənəvi dəyərlərə söykənən cəmiyyət quruculuğunun əsasını təşkil edir... 
Sonda  qəzetiniz və saytınız vasitəsilə qarşıdan gələn Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə redaksiya kollektiviniz də daxil olmaqla, bütün xalqımızı təbrik edirəm...

Избранный
657
50
hafta.az

10Источники