İlham Əliyev liderliyi və güclü Azərbaycan
Doğum günləri hər kəsin həyatında əlamətdar səciyyə və xüsusi məna daşıyır. Həyat düsturuna çevrilmiş bu cümləyə xüsusi ahəng qatan məqamlar və anlar var. O məqamlar və anlar ki, onları nəzərdən keçirəndə ömrün həm də hesabat mahiyyətini düşünürsən. Həyat hesabatı isə o zaman ictimai dəyərə çevrilir ki, yaşanan ömür xalq və dövlət naminə mücadilə və mübarizəyə həsr olunur.
Prezident, Ali Baş Komandan İlham Əliyev mənalı ömrünü xalq və dövlət naminə zəfərlər hesabatına çevirmiş liderdir. Həm də şanlı tariximizə adını yazdırmış, Azərbaycan dövlətinə və dövlətçiliyinə əbədilik statusu qazandırmış, Ulu öndər Heydər Əliyevin mənəvi və siyasi irsindən qidalanmış böyük lider! Elə bir lider ki, nəbzi daim xalqla birgə döyünür.
Bu il 44 günlük Vətən müharibəsindəki Zəfərimizin beşinci ildönümünü qeyd etdik. 5 il əvvəl yaşanan sevinc və təntənələri yada saldıq. Əlbəttə, ən parlaq obraz kimi duyğu-düşüncələrimizə İlham Əliyevin liderliyi hakim kəsildi. Təkcə ona görə yox ki, cənab Əliyev Prezident və Ali Baş Komandan kimi müqəddəs mübarizəmizin bayraqdarı idi. Ən başlıcası o səbəbdən ki, Bayraqdarımız dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı üçün ata, qardaş, əmi və dayıya çevrilib. İlham Əliyev həmin çətin, məsuliyyətli və şərəfli dövrdə yalnız bir ölkənin lideri yox, hər kəsin doğması olub. Tam qətiyyətlə demək olar ki, onun ömür yolunda, xalqa xidmət amalında doğmalıq anlayışı ön plandadır.
Bu il Azərbaycan xalqı önəmli tarixi nailiyyəti olan milli mətbuatının 150 illik yubileyini qeyd etdi. Prezident İlham Əliyev 20 fevral 2025-ci il tarixli fərmanı ilə “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalını təsis etdi, 25 aprel 2025-ci il tarixdə isə “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzaladı. Dövlətimizin başçısının 21 iyul 2025-ci il tarixli sərəncamı ilə həmkarılarmızın böyük bir qrupu da dövlət təltiflərinə layiq görüldü.
Bütün bunlar, ümumən, Azərbaycan dövlətinin mediaya, jurnalistikaya xüsusi diqqət və qayğı ilə yanaşması onu deməyə əsas verir ki, cənab İlham Əliyevin liderliyinin seçilən xüsusiyyətlərdən biri də həssaslıqdır. Onun bu münasibətini hiss edən isə təkcə jurnalistlər deyil, ən müxtəlif peşə sahibləridir. Ötən bir ildə, ötən dövrdə olduğu kimi, Prezidentin lider həssaslığının çoxsaylı, rəngarəng nümunələrinə şahidlik etdik. İl boyu uğurlar yolunda sevinc və öyünclə birgə addımladıq.
İlham Əliyev şəxsiyyətinin mükəmməlliyini iradə edən önəmli amillərdən biri də ali bir qətiyyətdir. Əgər 5 il əvvəlin 44 günlük müharibə dönəmində dövlətimizin başçısı Ali Baş Komandan kimi özünün bacarıqlı çağdaş sərkərdə məharətini göstərmişdisə, bu onun müdrikliyindən və möhkəm iradəsindən qaynaqlanmışdı. İlham Əliyevin məhz bu liderlik keyfiyyəti ilə Azərbaycanın savaş meydanında qazandığı qələbəni diplomatik müstəvidə də gerçəkləşdirməyi, Zəfərimizin dönməzliyini qorumağı bacarıb.
Tam əminliklə demək olar ki, İlham Əliyev müdrikliyinin, qətiyyətinin və iradəsinin xalqımıza bəxş etdiyi Zəfər təntənəsi tariximizin ən böyük hərbi-siyasi qələbəsinin nümayişi oldu. 2025-ci il isə qələbənin 5 illik öyünclü təəssüratı ilə 2020-ci ildə tarixə qızıl hərflərlə yazılmış bu ümumxalq əminliyinə yeni çalarlar gətirdi.
Bəli, Prezident İlham Əliyev yaşadığımız coğrafiyaya sülh gətirən liderdir. Böyük əminliklə yola salmaqda olduğumuz ilin bu baxımdan şanlı tariximizə çevrildiyini vurğulaya bilərik. Elə bir tarixə ki, təkcə Azərbaycan deyil, bütövlükdə yaşadığımız coğrafiya üçün önəmlidir. Hesab edirəm ki, Prezident İlham Əliyevin sülhyaratma missiyasına əlahəzrət zaman daha əhatəli qiymətini verəcək. Nəsillərə miras qalacaq qiymətini. Nəzərə alaq ki, bu, həm də qətiyyətli siyasətə, sarsılmaz iradəyə və dövlət-xalq birliyinə veriləcək, bu dəyərləri qədirbilənlik nümunəsinə çevirəcək qiymətdir.
Bu gün xalqımız işğaldan azad olunmuş torpaqlarımızın dirçəlişi və “Böyük Qayıdış” dövrünü yaşayır. Sürətlə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, müasir infrastrukturun yaradılması, şəhər və kəndlərin yeni simasının formalaşması Azərbaycan dövlətinin gücünü və iradəsini bütün dünyaya nümayiş etdirir. Qeyd etdiklərimiz fonunda yenə ön planda dayanan, gözlərimiz önündə canlanan İlham Əliyev obrazı var. Prezident İlham Əliyev doğma yurdu xilas etməyin, el-obaya sahib çıxmağın ən yüksək örnəyini formalaşdırıb. Ötən bir ilin bununla bağlı yaşantıları isə saysız-hesabsızdır.
İlham Əliyevin çıxış və müsahibələrində tarixə istinad, milli yaddaş və identiklik mövzuları mühüm yer tutur. Bunun xarici siyasətdə arqument bazası rolunu oynadığından xəbərdarıq. Amma ölkəmizin liderinin ayrı-ayrı çıxışlarının daxilə hesablanmış aktuallıq çəkisi xüsusi qeyd edilməlidir. Bu baxımdan dövlətimizin başçısının noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi ilə bağlı yığıncaqdakı nitqi bir çox məqamları ilə diqqət çəkir. Ən başlıcası isə onun Azərbaycan dilinin saflığının qorunmasının vacibliyinə dair səsləndirdiyi mesajlardır. Prezident İlham Əliyev ana dilimizin milli yaddaşımızın qorunmasına yönələn identiklik cəhətinə ali qiymətini verdi ki, bu amil həm də dövlətə və xalqa dəyərdir. Xalq o zaman dövlətinə sahibdir ki, onun heç bir kənar təsirlərə məruz qalmayan ahəngdar dili, bu yaşatdığı və yeni nəsillərə ötürdüyü ənənə var.
Şübhəsiz, Prezident İlham Əliyev şəxsiyyətini bir yazı ilə açıb göstərmək olmaz. Onun liderliyinin bütün təfərrüatlarını vurğulamaq üçün cild-cild kitablara, romanlara, hətta çoxsaylı bədii və sənədli filmlərə ehtiyac duyulur. Bu yazı isə daha çox vətəndaşlıq hisslərindən doğan vəfa borcudur. Liderin doğum gününün əvvəldə haqqında söz açdığımız əlamətdarlığını vurğulayan vəfa borcu.
“Xalq qəzeti”nin kollektivi hesabatı xalq və dövlət olan Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, müstəqil, suveren Azərbaycanı dünyada yüksəldən tarixi missiyasında yeni-yeni uğurlar və müvəffəqiyyətlər arzulayır.
Əflatun AMAŞOV,
“Xalq” qəzetinin baş redaktoru