Çillə bayramı xalq təqvimində qış mövsümünün ən sərt dövrünün başlanğıcı ilə əlaqəli mərasim anlayışıdır. Bu mərasimin özünəməxsus adətləri, süfrəsi olur. Dekabr ayının son həftəsi bayram həftəsi olaraq keçirilir. Ta qədimdən xalq arasında, xüsusən Cənub zonasında maraqla qeyd olunub.
Amma təəssüf ki, Çillə bayramı rəsmi bayram kimi qeyd olunmur.
Bu mənada Güney Azərbaycanda milli irsimizin yaşadılması baxımından daim nümunəvi addımlar atılır. Bir çox şəhərlərdə festivallar keçirilir, xüsusi, milli geyimlərdə rəqslər, tamaşalar təşkil olunur.
Folklorşünasların fikrincə, Çillə bayramı rəsmi bayram statusu daşımamasına baxmayaraq, xalq yaddaşında mühüm yer tutur. Bu mərasimlər vasitəsilə insanlar təbiət hadisələrinə münasibətini ifadə etmiş, soyuq qış günlərinə psixoloji və sosial hazırlıq görürmüşlər.
Folklorşünas, filologiya üzrə fəlsəfə doktoru Kəmalə Hümbətova Bizim.Media-ya mövzuyla bağlı fikirlərini bölüşərkən bildirib ki, ənənəvi olaraq Çillə gecələrində ailə üzvlərinin, yaxın qohumların bir yerə toplaşması, süfrə açılması inanclara görə, qışın daha mülayim, ilin daha uğurlu, sağlam keçməsinə ümid yaradır.
“Müasir dövrdə Çillə bayramı əvvəlki qədər geniş qeyd olunmasa da, onunla bağlı anlayışlar, ifadələr və inanclar folklor yaddaşında yaşamaqda davam edir. Bəlkə də ilin başqa dövrünə düşsəydi insanlarımız Çillə bayramını qeyd edərdilər. Amma yeni il ərəfəsində bütün diqqət miladi təqvimin dəyişməsinə yönəlir, ab-hava, dekorasiya başqadır.
Məsələnin sosial tərəfi də var, əhalinin müəyyən qismi ancaq bir bayramı qeyd edə bilir. Çillə isə ənənəvi yemək və tərəvəz çeşidləri ilə bol olan bayramdır. Qədimdə nişanlı qızlara çillə xonçası aparılırdı. Bütün bunlar həm də maddiyat tələb edir. Amma istənilən halda milli adət-ənənəlirimiz yaşatmağa borcluyuq. Ən azından təqvim bayramı kimi rəsmiləşdirilə bilər”.
Folklorşünasın sözlərinə görə milli ruhun yaşadılması və qədim adətlərimizin xatırlanmasında medianın, eləcə də mədəni-ədəbi sahədə formalaşmış qurumların da rolu böyükdür.
Şəfiqə Şəfa, Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта