RU

İnformasiya və kommunikasiya texnologiyalarının inkişafı - Rəqəmsal transformasiyasının əsas dayağı

Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının (İKT) sürətli inkişafı ölkənin iqtisadiyyatında mühüm rol oynamağa davam edir. Son illər ərzində hökumət və özəl sektor tərəfindən həyata keçirilən investisiyalar, müasir infrastrukturun yaradılması və yeni texnoloji həllərin tətbiqi ilə İKT sahəsi əhəmiyyətli dərəcədə irəliləyiş əldə edib. Elektron hökumət xidmətlərinin genişlənməsi, internetin sürətinin artması və rəqəmsal savadlılığın yüksəlməsi, ölkənin qlobal texnologiya bazarında daha rəqabət qabiliyyətli olmasına imkan yaradır. Bu inkişaf həmçinin təhsil, səhiyyə və ticarət sahələrində müsbət dəyişikliklərə səbəb olaraq, vətəndaşların həyatını asanlaşdırır və iqtisadiyyatın rəqəmsallaşmasına təkan verir.


İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev Manset.az-a açıqlamasında bildirib ki, informasiya və kommunikasiya texnologiyalarının inkişafı müasir dövlət idarəçiliyinin və cəmiyyətin rəqəmsal transformasiyasının əsas dayaqlarından biridir. Azərbaycan da bu qlobal prosesdən kənarda qalmamış, son illərdə İKT sahəsində sistemli və məqsədyönlü islahatlar həyata keçirmişdir:


“Dövlət səviyyəsində rəqəmsallaşma strategiyalarının qəbul edilməsi, elektron hökumət infrastrukturunun formalaşdırılması və rəqəmsal xidmətlərin genişləndirilməsi bu sahədə atılan əsas addımlar sırasındadır. Xüsusilə dövlət xidmətlərinin vətəndaşlara daha yaxın və əlçatan formada təqdim olunması əsas hədəf kimi müəyyən edilmişdir. Bu baxımdan ASAN Xidmət modeli Azərbaycanda rəqəmsal və institusional innovasiyanın uğurlu nümunəsi hesab olunur. ASAN Xidmət həm xidmət keyfiyyətini artırmış, həm də korrupsiya risklərinin minimuma endirilməsinə mühüm töhfə vermişdir. Paralel olaraq, myGov platformasının tətbiqi ilə vətəndaşlar müxtəlif dövlət xidmətlərinə vahid rəqəmsal mühitdən çıxış imkanı əldə etmişdir. Bu platforma dövlət-vətəndaş münasibətlərində çeviklik və operativlik yaratmışdır”.

Ekspert qeyd edib ki, hazırda əksər dövlət qurumlarında elektron xidmətlər aktiv şəkildə fəaliyyət göstərir. Bir çox arayışların, qeydiyyatların, sosial və inzibati xidmətlərin onlayn qaydada təqdim olunması vətəndaşların vaxt itkisini azaldır və gündəlik işlərini xeyli asanlaşdırır. Elektron xidmətlər eyni zamanda şəffaflığı artırır, müraciətlərin icra prosesini izləməyə imkan verir və insan faktoru ilə bağlı subyektiv qərarların qarşısını alır:

“Texniki dayanıqlılıq, istifadəçi rahatlığı və qurumlararası məlumat inteqrasiyası təkmilləşdirməyə daimi olaraq inkişafda olmalıdır. Beynəlxalq təcrübə göstərir ki, elektron hökumətin inkişafı yalnız xidmətlərin onlaynlaşdırılması ilə məhdudlaşmamalıdır. Beynəlxalq təcrübədə proaktiv xidmət modeli geniş tətbiq olunur. Süni intellekt və böyük verilənlər əsasında qərar vermək və yeni  sistemlərinin qurulması dövlət xidmətlərinin keyfiyyətini yeni mərhələyə daşıyacaqdır.

Eyni zamanda, kibertəhlükəsizlik və şəxsi məlumatların qorunması məsələləri rəqəmsallaşma prosesində xüsusi əhəmiyyət kəsb edir. Rəqəmsal savadlılığın artırılması, açıq data təşəbbüslərinin genişləndirilməsi və innovativ texnologiyaların etik çərçivədə tətbiqi dayanıqlı inkişaf üçün vacib şərtlərdir. Ümumilikdə, Azərbaycanda İKT-nin inkişafı müsbət dinamika nümayiş etdirir və beynəlxalq təcrübənin mərhələli şəkildə tətbiqi bu sahənin gələcək potensialını daha da gücləndirə bilər” - deyə Bəhruz Əliyev fikirlərinə əlavə edib.

 

Fidan Vəlisoy

6.3.13. informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi;

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb 

 

 

Избранный
43
manset.az

1Источники