Mefdiada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin (MİTDİB) sədri və media eksperti Müşfiq Ələsgərli QHT.az-a açıqlamasında bildirib ki, 2025-ci il Azərbaycan QHT-ləri üçün uğurlu və aktiv il olub.
Onun sözlərinə görə, Azərbaycan QHT-ləri Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunu Bakıda təşkil edərək TDT-nin QHT platformasının yaradılmasında təşəbbüskar rolunu oynayıb:
"QHT-lərə Dövlət Dəstəyi Agentliyinin xətti ilə təşkil olunan forumda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasından 500-dən çox təmsilçi iştirak edir. Bu, indiyədək baş verməmiş bir hadisədir. Qlobal təşəbbüslərlə yanaşı, Azərbaycan QHT-ləri sülh gündəliyinin təşviqi, postmünaqişə dövrünə keçid, humanitar diplomatiya, ekoloji maarifləndirmə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq prosesində də fəal iştirak etdilər. Bütün bunlar Azərbaycan QHT-lərinin instutlaşdığını, peşəkarlaşdığını, qlobal müstəviyə daşındığını sübut edən faktlardır".
QHT sədri həmçinin bildirib ki, 2025-ci il mənim rəhbərlik etdiyim təşkilat-Mefdiada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) üçün də kifayət qədər uğurlu, aktiv fəaliyyətlə yadda qaldı. MİTDİB yuxarıda adını çəkdiyim bütün regional və qlobal platformaların işində iştirak etdi, tədbirlərə qatıldı. Azərbaycanımız üçün önəm daşıyan və QHT-lər tərəfindən icra olunan proseslərin içində oldu:
"Bununla yanaşı, MİTDİB öz təyinatına, missiyasına uyğun olaraq, ölkədə söz, ifadə azadlığının inkişaf etdirilməsi, sağlam media mühitinin, informasiya mühitinin qurulmasına töhvələr verdi. Təşkilatımız bu il ərzində “Sosial şəbəkələrdə informasiya təhlükəsizliyi və tənzimləmə modelləri” adlı layihəni icra etdi. Sosial şəbəkələrdə informasiya tənzimlənməsinə dair 6 dövlətin təcrübəsini araşdıraraq ölkə auditoriyasına təqdim etdi. Yeri gəlmişkən, bu layihənin icrasına dəstək verdiyi üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə öz təşəkkürümü bildirirəm. Ümumilikdə götürsək, 2025-ci ili həm ölkənin vətəndaş cəmiyəti institutları, həm də rəhbərlik etdiyim qurum üçün uğurlu bir il kimi dəyərləndirirəm".
Pərvanə Fərhadqızı