Mənim könlüm müəllimdir, dizim üstü dəbistanı,
O şagirdəm ki, öyrəndim sükut ilə əlifbanı.
Nə hər dizdən olar məktəb, nə hər şagird əzbərxan.
Nə hər qətrə olar nisan, nə hər dərya sədəf kanı.
Xaqani Şirvani
Bu fikir artıq ədəbiyyatda çoxdan kök salıbdır... Hər bir sənətkarın, şairin poeziyada yerini müəyyənləşdirən onun sənətkarlıq meyarıdır. Sözün həqiqi mənasında, şeirləri ilə ürəklərə yol tapanlar, hətta bir misrası ilə belə yaddaşlara həkk olanlar poeziyada iz qoyanlardır. Səmimi poeziya özünü oxucusuna sevdirir, səmimi şairlər xalqın yaddaşında qalır. Bu fikirlərin mahiyyətini ədəbiyyat və poeziya müstəvisindən asanlıqla digər müstəviyə – alim, elmi-tədqiat, böyük elmi araşdırmalar müstəvisinə keçirmək olar. Bütün ömrünü elmi laboratoriyaların divarları arasında ciddi elmi araşdırmalara həsr etmiş alimlər də sözün həqiqi mənasında yaradıcı insanlardır.
(Əvvəli bu linkdə:https://hurriyyet.az/az/post/goy-qursaginin-rengleri---eli-zalov-yazir--ikinci-hisse-463879)
Azərbaycan Tibb Universitetinin “Tibbi mikrobiologiya və immunologiya kafedrasının” və “Ümumi və toksikoloji kimya kafedrasının” əməkdaşları ilə sintez olunmuş yeni bioloji aktiv maddələrin antimikrob xassələrinin öyrənilməsi və bitkilərdən alınmış təbii birləşmələrin quruluşlarının müasir fiziki üsullarla təyin edilməsi sahəsində tədqiqat işlərinin aparılmasında iştirak edir.
Eldar müəllim Gəncə Dövlət Universitetinin kimya fakültəsinin əməkdaşları ilə yeni azot və oksigen tərkibli norbornen törəmələrinin sintezi və xassələrinin öyrənilməsi və Katalitiz və Qeyri-üzvi Kimya İnstitunun əməkdaşları ilə birlikdə yeni metal-üzvi komplekslərin alınması sahəsində elmi-tədqiqat işlərinin aparılmasında rəhbərlik və iştirak edir.
Ferrosen və simantrenin birli, ikili, tsiklik karbinolların və onların bəzi törəmələrinin sintezi və xassələrinin öyrənilməsinə dair elmi işlər aparılmışdır. Alınmış birləşmələrin bioloji aktiv maddələr, dizel yanacaqları üçün tüstüazaldıcılar və benzin fraksiyasının əlavə komponent kimi sınaqdan keçirilmişdir.
AMEA və Rusiya EA-nın arasında bağlanan sazişin (2005) tematik planına E.Məmmədbəylinin iki elmi işi daxil edilmişdir. Bu Saziş çərçivəsində AMEA-nın NKPİ ilə REA-nın EÜBİ və KFİ-nın arasında professor Eldar Məmmədbəylinin elmi kordinatoru və məsul icraçısı olmuş ikitərəfli elmi-texniki müqavilələr bağlanmışdır (2007-2015). Bu müqavilələr əsasında asimmetrik sintez, Azərbaycan neftlərinin optiki aktivliyinin öyrənilməsi, Azerbaycan Sənaye bitkilərinin mikrokapsullaşma üsulu ilə becərilməsi, tərkinində azot, kükürd, fosfor saxlıyan müxtəlif yenu birləşmələrin sintezi və faydalı xassələrinin öyrənilməsi sahələrində tədqiqat aparılmışdır.
EÜBİ və NKPİ-nin arasında uzun müddətli elmi texniki müqavilə bağlanmış (2018) və alınmış elmi nəticələr birgə dərc olunur.
***
Professor Eldar Məmmədbəylinin 680-dən çox elmi əsəri, o cümlədən SSRİ müəlliflik şəhadətnaməsi (12), Azərbaycan patenti (5), monoqrafiya (4) dərc olunmuşdur. Məqalələrinin bir çoxu “Tetrahedron”, “Green Chemistry”, “ЖOpX”, “ЖОX”, “ЖПХ”, “Нефтехемия”, “Катализ в промышленности”, “Известия РАН, “Сер. Хим.”, “Аналитическая химия”, “Azərbaycan kimya jurnalı”, “Neft kimyası və neft emalı prosesləri”, “Kimya problemləri” kimi dünyada məşhur olan yüksək reytinqli jurnallarda dərc olunmuşdur.
Eldar Məmmədbəylinin rəhbərliyi ilə doqquz fəlsəfə doktoru, üç elmlər doktoru dissertsiya işləri müdafiə olunmuşdur. Hazırda onun rəhbərliyi altında bir neçə əməkdaş fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsini almaq üçün dissertasiya işi üzərində işləyir.
Professor Eldar Məmmədbəyli Bakı Qızlar Seminariyasında, Azərbaycan Beynəlxalq Universitetinin Tibb fakültələrində “Biokimya”, “Formakologiya” fənnlərini tədris etmişdir.
Azərbaycan Tibb Universitetinin buraxılış işlərinin müdafiəsi üzrə komissiyanın (2009) və Lənkəran Dövlət Universitetinin dövlət imtahan komissiyasının sədri olmuşdur (2016).
AR Səhiyyə Nazirliyinin Əczaçılıq müəssisələrinə nəzarət edən daimi komissiyanın üzvüdür (1999).
Professor Eldar Məmmədbəyli qayğıkeş ailə başçısı olmaqla bərabər, həm də vətəndaş, vətənpərvər insan və sadiq dost üçün lazım olan bütün yüksək keyfiyyətlərə malikdir. Belə ki, onun daxili dünyası təkcə onun şəxsi həyatı ilə deyil, həm də ölkəsi və xalqı ilə bağlı hadisələrin təsiri ilə formalaşıb. O, öz xalqının tarixinə, mədəniyyətinə, adət və ənənələrinə böyük hörmət və ehtiramla yanaşan bir insandır. Bu, onun yüksək əxlaqi potensialından və mənəvi zənginliyindən xəbər verir.
Elmin işıqlı dünyasında yaşamaq, onun bəxş etdiyi səadətlə nəfəs almaq və bunu özünə vəzifə hesab etmək bir insan üçün şərəfdir. Peşənin zirvəsinə asanlıqla qalxmaq mümkün deyil. Ürəkdəki inam və mübarizlik duyğusu insana bunu yaşada bilər. Yeni bir yol açmaq, başqalarının da ardınca gələ bilməsi üçün bu yolu daş-kəsəkdən təmizləmək yüksək mənəviyyatdan xəbər verir. Alim əlində bir şam tutur və onun işığıyla neçə-neçə gəmilər limanlarda məskən tutur və ya alim elə həmin limandır – ardınca gələnlərin üz tutduğu işıqlı dünya.
Həyatda yolunu sapmadan enişli-yoxuşlu yolları şərəflə və müvəffəqiyyətlə keçən, ləyaqəti hər şeydən üstün tutan, geniş həyat təcrübəsinə malik olan Eldar Məmmədbəyli çox optimist bir insan olmaqla Azərbaycanın və elmimizin parlaq gələcəyinə böyük əminliklə inanır. O, respublikamızın və elmimizin sabahının etibarlı təminatını praqmatik düşüncəyə və geniş erudisiyaya malik olan Prezident İlham Əliyevin düzgün siyasəti və çevik diplomatiyası sayəsində artıq bərqərar olmuş qüdrətli dövlətimizdə, respublikamızda hökm sürən siyasi sabitlikdə, güclü iqtisadiyyatımızda, gündən-günə peşəkarlaşan kadr potensialımızın olmasında görür.
Professor Eldar Məmmədbəyli dövlət, cəmiyyət, elmi və pedaqoji ictimaiyyət tərəfindən birmənalı şəkildə qəbul olunan bütöv bir şəxsiyyətdir. Eldar Məmmədbəyli ömrünü vətənə, xalqa xidmət uğrunda girov qoyan müəllimdir.
Professor Eldar Məmmədbəyli ömrünün 85-ci ilinin zirvəsindən elmimizə, təhsilimizə işıq saçan günəş, nur yağdıran fədakar ağsaqqal... Zaman sevdiklərini öz kürəsində bişirərək, düşünən, danışan fikir yükünə malik, bütün ölçü-biçiləri, əzabları, sərtlikləri, fərəhləri ilə öz cizgilərində görünə bilən insanın heykəlini yaradır, həm də zamanında... Professor Eldar Məmmədbəyli əqidəsinin bütövlüyü, ehtibarı, sədaqəti, yurd yerlərinə bağlılığı, elmi və dünyagörüşü ilə zamanın möhtəşəm əsəridir... vaxtında yaradılmış əsəri... həm də keçmişdən gələcəyə yol alıb gedən, nəsillərin yaddaşında uzun illər qalacaq şah əsəri. Professor Eldar Məmmədbəyli şöhrətinin, ad sanının elə bir ucalığındadır ki, bir çoxları o ucalığa baxanda papaqları başında durmaz, boynunun arxasından sürşüb yerə düşər.
Dağların yaranması yerin daxilində gedən mürəkkəb tektonik prosesin nəticəsidir. Min kilometrlərlə dərinlikdə bişən qaynar lava yerin müəyyən hissəsini elə silkələyir ki, ya böyük çuxurlar, ya da başı göylərə dirənən qarlı dağlar yaranır... Sizin bu illər ərzində cəmiyyətə verdiyiniz fayda dağlar əmələ gətirən qaynar vulkan gücünün yarada biləcəyi enerjinin işi ilə ölçülə bilər.
Böyük alim və müdrik ağsaqqal professor Eldar Məmmədbəyli cəmiyyətin mənəvi mühitinə təsirinə görə də təqdir olunur, etiraf edilir...
Yetişdirdiyi mütəxəssislər, onun parlaq düşüncə məhsulu kimi ərsəyə gələn dərs dediyi tələbələrinin ölkəmizin inkişafında göstərdikləri parlaq fəaliyyət sübut edir ki, Eldar müəllim xalqımızın yetirdiyi böyük şəxsiyyətdir...
Professor Eldar Məmmədbəylinin 85 yaşı tamam olur... Bu illərin ən azı 80 ilini öyrənməyə, öyrətməyə və xalqa xidmət etməyə sərf etmisiniz... Uzun illərin tədqiqat zəhmətlərinə dözmək, ağır, çətin həyat sərtliklərinə davam gətirmək kimsəyə asan gəlməsin... Bu yaş ömrün kamillik mərhələsi adlanır... Sizin yüksək elmi ilhamla yazılmış müxtəlif səpgili əsərlərinizdə bu kamillik özünü göstərir.
Professor Eldar Məmmədbəyli ziyalı ləyaqəti, inadlı tədqiqatçı iradəsilə kimya, daha doğrusu üzvi kimya tariximizin sistemli tədqiqatçısı kimi tarixin yaddaşına yazılacaqsınız... Əsərlərinizə şöhrəti dünyanı tutan elmi məktəblərin nümayəndələri istinad edir. Nəşr olunan əsərləriniz göstərir ki, siz bu gün yaradıcı ziyalıların ön cərgəsindəsiniz...
Eldar müəllimin fəliyyətinin iki böyük təməl daşı – doğma Azərbaycana və ana dilinin bütün incəliklərinə bələdlilikdir... Bu iki təməl üzərində hər gün yorulmadan, usanmadan zirvəsinə çoxlarının əli çatmadığı, amma hamının görə bildiyi başı qarlı dağlar timsalı... ömür kitabını yazır. Onun dilinin əlvanlığı, şirinliyi, oynaqlığı, poetik müşahidələrin dərinliyi və itiliyi, bəzən gümrah, bəzən ağrılı-acılı düşüncələrin, bəzən fərəhli, bəzən küskün hisslərin vədətindən yaranmış bu kitabın mayası vətən eşqi, vətəndaşlıq amalıdır...
O, ictimai həyatda fəal mövqeyi... öz təvazökarlığı, ədəb ərkanını ilə hörmət və nüfuz sahibi olub... Onun pedaqoji fəliyyəti, elmi yaradıcılı çox dəyərlidir... Azərbaycan Elm aləmində - ali məktəb auditoriyalarında professor kimi fəaliyətini çox önəmlidir...
Professor Eldar Məmmədbəylinin müəllifi olduğu kitablar onun adını tarixdə yaşadacaqdır. Bu kitablar çox qiymətli əsərlərdir. Alim doğrudan da mayasına, sümüyünə, iliyinə qədər alimdirsə, onun müxtəlif illərdə - 40 yaşında, 50 yaşında, 70 yaşında yazdığı əsərlər arasında fərq olacaq, böyük, çox böyük fərq olacaq. Amma bu fərq qocaman bir palıdın yarpaqları ilə, həmin ağacın çox əsrlər bundan qabaqkı pöhrə vaxtının yarpaqları arasındakı fərq kimidir. Ağac həmin ağacdır, fəqət yaşı, görkəmi başqadır. İlləri bir-birinin üstünə qalamış alim həmin alimdir... Əsərlərinin alın qırışları çoxalıb, yazılarının saçları bəyazlaşıb, misralarının müdrükliyi zamanın ağır dəyirmanını altında artıb, çoxalıb, ancaq alimin sifəti həmin sifətdir. Haqq insanının bir üzü olur, bu üz dəyişir, amma başqalaşmır.
Hər kəs inanır ki, halal adamların haqqı bir gün güzgü kimi üzünə tutulur... Professor Eldar Məmmədbəylinin açdığı insanlıq yolu ilə övladları inamla, onunla fəxr edərək gedə bilərlər...
Hörmətli professor, 85 yaşınız mübarək... Çox yaşayın... çox yaşayın ki, insanlıq da yaşasın..