ain.az, Redaktor.az portalına istinadən məlumat verir.
Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür.
Redaktor.az Milli Məclisin deputatı Hikmət Babaoğlu Prezident İlham Əliyevin dövründə həyata keçirilən və keçirilməkdə olan fəaliyyətləri ilə bağlı fikirlərini bölüşüb:
"Azərbaycan Prezidenti İlham Əliyev öz fəaliyyəti dövründə milli dövlətçiliyimizi və milli inkişafımızı tamamilə yeni tarixi mərhələyə qaldırıb. Prezidentin aldığı qərarlar, atdığı qətiyyətli addımlar xalqımızı qalib xalqa çevirib. Biz, əslində, 44 günlük müharibənin içərisində bir neçə müharibə yaşamışıq. Onlardan ən barizi 2020-ci ildə tarixi zəfərimizdən sonra həyata keçirdiyimiz bir sutkalıq müharibədir. Doğrudur, bu əməliyyat adlandırılsa belə, Azərbaycan xalqının tarixini dəyişən natamam sutkalıq bu müharibə 100 illik problemi həll edib. 1923-cü ildən Azərbaycan dövlətinin təməllərinin altına mina kimi qoyulmuş dırnaqarası "Dağlıq Qarabağ" problemini aradan qaldırıb. Amma, əlbəttə, bu asan olmadı".
Millət vəkili vurğuladı ki, Azərbaycan Prezidenti 2003-cü ildən bu günə qədər davam edən fəaliyyəti dövründə müxtəlif mərhələlərdə məhz bu günlərimizi təmin edəcək qərarların qəbul edilməsini və düzgün addımların atılmasını təmin edib.
"2003-cü ildən sonra, əlbəttə ki, iqtisadi qüdrətimizin artırılması, ölkəmizdə hərbi sənayenin yaradılması, ordu quruculuğu prosesinin aparılması, əhalinin rifahının yüksəldilməsi, ölkəmizin sənayeləşmə dərəcəsinin artırılması kimi məsələlər 2008-ci ildən sonra beynəlxalq münasibətlər sistemində hücum diplomatiyası ilə müşahidə edildi. Bu hücum diplomatiyası nəticəsində biz tarixi torpaqlarımızı işğaldan azad etməyin hüquqi bazasını genişləndirdik, ordumuzu daha da gücləndirdik, özümüzə müttəfiqlər axtardıq, tapdıq və beləliklə, torpaqlarımızın işğaldan azad olunması üçün həm iqtisadi, həm siyasi, hüquqi və diplomatik zəmin yaratdıq. Nəticədə isə bu gün artıq yeni bir mərhələdən danışırıq. Bu mərhələ quruculuq mərhələsidir, "Böyük Qayıdış" mərhələsidir. Bu mərhələ iqtisadiyyatımızın daha da böyüməsi mərhələsidir, qlobal xarakterli kommunikasiyaların açılması mərhələsidir ki, bütün bunlar da gələcəkdə Azərbaycanı daha qüdrətli edəcək",- deyə Hikmət Babaoğlu vurğuladı.
Aytəkin TOFİQQIZI
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.