Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və fasiləsiz şəkildə təmin olunması məqsədilə 29 dekabr – 4 yanvar tarixlərində respublikanın bütün avtovağzal və avtostansiyaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Doğru.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumata görə, şəhərlərarası və rayonlararası marşrutlar üzrə fəaliyyət göstərən daşıyıcılara sərnişinlərin təhlükəsiz və fasiləsiz daşınmasının təmin edilməsi, kassalarda biletlərin tariflərə uyğun və qanunamüvafiq satışı, sərnişin sıxlığının qarşısının alınması, həmçinin avtobusların təsdiqlənmiş hərəkət cədvəlinə ciddi riayət olunması ilə bağlı tapşırıqlar verilib.
Bayram ərəfəsində və bayram günlərində sərnişin axınına uyğun olaraq marşrut xətlərində avtobusların intervalına, sürücülərin təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət ediləcək. Bu məqsədlə AYNA əməkdaşları Bakı Beynəlxalq Avtovağzal Kompleksinə, eləcə də digər şəhər və rayonların avtovağzal və avtostansiyalarına cəlb olunacaqlar.
Sərnişin sıxlığının qarşısını almaq üçün xətlərə əlavə avtobusların buraxılması da təmin ediləcək.
Qeyd olunub ki, biletləri avtovağzal və avtostansiyaların kassalarından, həmçinin “biletim.az” portalı vasitəsilə onlayn qaydada əldə etmək mümkündür. Hazırda portalda 56 məntəqə, 86 istiqamət üzrə bilet satışı həyata keçirilir, sistemə 347 reys üzrə 395 nəqliyyat vasitəsi qoşulub.
AYNA vətəndaşlara daha rahat və təhlükəsiz səyahət üçün biletləri onlayn qaydada “biletim.az” portalı üzərindən almalarını tövsiyə edir.
DOĞRU.AZ