"Ukrayna savaşının çözülməsində kim lider rolunu oynaya bilər?.."
Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibəni yalnız taktiki deyil, strateji - imperiya məqsədləri çərçivəsində aparır və geri çəkildiyini göstərən heç bir əlamət yoxdur.
Moderator.az xəbər verir ki, bu barədə "Atlantic Council" nəşri yazıb.
Putinin məqsədləri və təhlükə dairəsi
Nəşr bildirir ki, dayanıqlı sülh yalnız bu sərt reallıq üzərində qurula bilər. Kremlin potensial maraq dairəsi təkcə Ukrayna ilə məhdudlaşmır; Finlandiya, Polşa, Baltik ölkələri, Moldova, Gürcüstan, Ermənistan, Azərbaycan və Mərkəzi Asiya dövlətləri risk zonasındadır.
17 dekabr çıxışında Putin Ukraynaya müdaxilənin "maksimalist məqsədlərlə" davam edəcəyini bəyan edib. Nəşr vurğulayır ki, Rusiyanın irəliləyişindəki çətinliklər Kremlin zəifliyindən deyil, Ukrayna cəmiyyətinin müqavimətindən qaynaqlanır. Lakin bu müqavimət sonsuz deyil və Ukraynanın süqutu Avropanı hazır olmadığı təhlükə ilə üz-üzə qoyar.
ABŞ və Avropanın zəif mesajı

ABŞ-ın sabiq təhlükəsizlik müşaviri Con Bolton qeyd edir ki, Avropanın parçalanmış mövqeyi Putinə "vaxt onun xeyrinə işləyir" mesajını verir. Rusiyanın dondurulmuş aktivlərinin Ukraynanın xeyrinə istifadəsi ilə bağlı razılığın əldə olunmaması Qərbin zəifliyini göstərir. Tramp administrasiyası təhlükəsizlik məzmunundan çox, sürətli razılaşma və şəxsi siyasi dividendlər axtarır ki, bu da həm Ukrayna, həm də Avropa üçün ciddi risk yaradır.
Sülh mümkündürmü?

Hər iki nəşrin ortaq qənaəti ondan ibarətdir ki, Putin sanksiyaların yumşaldılması və ya məhdud güzəştlər üçün geri addım atmayacaq. O, artıq "geri dönüş nöqtəsini" keçib. Sülh yalnız o halda mümkündür ki, Kreml Ukraynada real məğlubiyyətdən və daxili siyasi nəticələrdən qorxmağa başlasın. Bu isə Qərbdən, xüsusilə ABŞ və Avropadan strateji birlik və siyasi iradə tələb edir.
Boşluğu doldura biləcək fiqur
"The Washington Post" yazır ki, Avropada Trampın yanaşması fonunda yaranan boşluğu doldura biləcək lider çox azdır. NATO baş katibi Mark Rütte nadir fiqurlardan biridir. Onun Tramp ilə təcrübəsi, Vaşinqtonla şəxsi əlaqələri və Avropadakı NATO üzvləri ilə qurduğu münasibətlər bu rolu oynamağa imkan verir.
Normal şəraitdə NATO rəhbərinin belə bir siyasi liderlik missiyasını üzərinə götürməsi qeyri-adi olardı, amma Qərbin zəif olduğu indiki mərhələdə Rüttenin vasitəçi və koordinasiyaedici rolu Ukrayna və Avropa təhlükəsizliyi üçün həlledici ola bilər.