RU

“Kupca”sız evlərin problemləri: Qeydiyyat yox, vergi yox, sığorta yox...

“Kupça”sı olmayan evlər minlərlə vətəndaş üçün gündəlik həyatda ciddi çətinliklər yaradır. 

Rəsmi mülkiyyət sənədi olmadığından, insanlar faktiki yaşadıqları ünvanda qeydiyyata düşə bilmir, əvvəlki ünvanlarında və ya qohumlarının evində qeydiyyatda qalmağa məcbur olurlar. Bakıda yaşayan bir çox sakin sənədlərdə hələ də rayon qeydiyyatında görünür və bu uyğunsuzluq müxtəlif problemlərə yol açır. 

Qeydiyyat uyğunsuzluğu seçki hüququndan başlayaraq sosial xidmətlərə çıxışa qədər bir sıra sahələrdə məhdudiyyətlər yaradır. Vətəndaş yaşadığı ərazidə səs verə bilmir, sosial yardımlar, tibbi xidmətlər və digər dövlət dəstəkləri ilə bağlı çətinliklərlə üzləşir. 

“Kupca”sı olmayan evlər üçün sığorta müqaviləsi bağlamaq mümkün olmur. Bu, evləri təbii fəlakətlər, yanğın və digər risklər qarşısında qorunmasız qoyur. Vətəndaşlar həm maddi itkilərlə üzləşir, həm də hüquqi müdafiədən məhrrum qalır. Evini kirayə verən vətəndaşın evində “kupça”sı olmadığından, kirayə gəlirləri düzgün vergiyə cəlb edilmir və ya vergi ödəmələrində problemlər yaranır. Həmçinin, “kupça”sı olmayan evlərdə kommunal xidmətlərin çəkilməsi də mümkün olmur. 

Rəsmi mülkiyyət sənədi olmadığı üçün qaz, su, işıq və kanalizasiya xətlərinin həmin ünvana rəsmi şəkildə qoşulmasına icazə verilmir.

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında əmlak eksperti Anar Nəsirov bildirib ki, Sovet sistemi dağılandan sonra Mənzil Məcəlləsində müvafiq dəyişikliklər edilmədiyi üçün təxminən 1990-cı ildən 2025-ci ilə kimi bir çox tikililər inşa edildi: 

“Bunların bir hissəsi pərakəndə olsa da, qeyri-qanuni, qadağan olunmuş ərazilərdə tikilsə də, çox hissəsi bələdiyyənin və ya müvafiq orqanların ayırdığı torpaqlarda tikilmiş evlərdir. Yəni məcəlləyə həmin dövrlərdə yeni əlavələr edilmədiyi üçün vətəndaşların bir çoxu evinə çıxarış ala bilmədi. Bu evlər qeyri-qanuni tikili hesab edildi. Amma bunların 95%-i qeyri-qanuni tikili deyil. 

Bu evlər tikilərkən müvafiq orqanlardan sifahi də olsa icazələri olub. Hazırda qeyri-yaşayış və yaşayış sahələrinə 14% vergi verilir. Dəyişiklikdən sonra, yəni gələn ildən evini evini kirayə vermiş vətəndaşlar 10% vergi ödəməlidir. Bir çox vətəndaş mənə müraciət edib ki, bizim əmlakımız var, biz hansı sənədlə kirayə verək, necə müqavilə bağlayaq, necə vergi verək? Bunun özü böyük problemdir”. 

Onun sözlərinə görə, sənədsiz evlərin kirayə verilməsi və satışı böyük problem yaradır: 

“Təəssüf ki, bu problem illərdir öz həllini tapmır. Mən hələ 2024-cü ildə Türkiyədə gördüyüm “Memar Əfvi” modelindən nümunələr göstərirəm. Belə qərar çıxarmaq olar. Bütün sənədsiz evlər və tikililər sənədləşdirilib vergiyə cəlb oluna bilər. Həmin sənədləşmə zamanı simvolik rəqəmlərlə bunu həyata keçirmək olar.

Beləliklə, az xərclə vergi hesabına milyonlarla vəsait əldə etmək mümkündür. Çünki çıxarışı olmayan evlər alqı-satqı zamanı heç bir rüsum ödənilmir, amma çıxarış olsa, alqı-satqı zamanı vergi ödəyə bilərlər. Həmçinin əmlak vergisi, torpaq vergisi və digər vergilər vaxtında ödənmiş olar. 

Yəni sənədləşdirmənin büdcəyə xeyri çox faktlarla təsdiqlənir. Bu problem həll olunsa, büdcəyə milyonlarla vəsait daxil olar. Konkret olaraq, çıxarışı olmayan evlərə kommunal xidmətlərin verilməsi dayandırılıb. Bu isə çoxlu problemlər yaradıb. Həmçinin, həmin yerdə qeydiyyata düşmək də mümkün deyil, bu da bir çox problemlərə səbəb olub. Əgər insan illər öncə evini satıb, başqa yerdə ev tikibsə və həmin evin çıxarışı yoxdursa, bu insan “havada qalır” və ya rayon qeydiyyatındadır. 

Bu gün Bakıda ev tikibsə, öz evinə qeydiyyata düşə bilmir. Bunun nəticəsində seçki hüququ, tibbi sığorta, unvanlı sosial yardım və digər imtiyazlardan istifadə edə bilmir. Məsələn, vətəndaş Hövsanda yaşayır, amma qeydiyyatı Binədədirsə, arayış və sənəd almaq üçün məcbur olub qeydiyyatda olduğu əraziyə getməlidir. 

Bu, bir çox insan üçün çətinlik yaradır. İşlə düzgün təminat mümkün olmur. Bu problem biznes sahəsində də əksini tapır. Bakıdakı bizneslə məşğul olan şəxs gedib rayonda hesabat verməli olur”.

O vurğulayıb ki, “kupca”sı olmayan evlərin həm dövlət büdcəsinə, həm də sadə vətəndaşlara zərəri var: 

“Evi sənədsiz olan insanlar çox çətinlik çəkirlər. Bəzilərinin işığı, suyu yoxdur, məcburiyyətdən orada yaşayırlar və heç bir sosial yardımdan istifadə edə bilmirlər. Hansısa qohumun evində, ya əvvəl yaşadıqları rayonda qeydiyyatdadır. Bu, dövlət büdcəsinə də hər il milyonlarla zərər vurur. Çox yaxşı olardı ki, hər problem birdəfəlik həll edilsin. İnsanların əmlakları, torpaqları çıxarışla təmin olunsun. 

Daha sonra bu sahəyə güclü nəzarət mexanizmi tətbiq oluna bilər. Həm insanlar rahat yaşayar, kommunal xidmətlərdən istifadə edər, seçmək və seçilmək hüququndan yararlana bilər. Hazırda yaşadıqları yerə qeydiyyata düşə bilmədikləri üçün sığortadan, səsvermə hüququndan istifadə edə bilmirlər. “Kupca”sı olmayan evlər sığortalanmır, gələcəkdə təbii fəlakət, yanğın olsa, vətəndaşın ziyanı dövlət tərəfindən qarşılanmır. 

Kompensasiya ala bilmir, çünki ev sənədsizdir. Sənədsiz evlərin sığortalanması həm vətəndaş, həm də dövlət büdcəsi üçün faydalı olardı. Sənədsiz evlərin bu vəziyyətdə qalması vətəndaşlara və dövlət büdcəsinə böyük zərərdir. Məsələn, insan var ki, 10 il əvvəl evini satıb, amma hələ də köhnə evində qeydiyyatdadır, çünki buna məcbur qalır. 

Bu, alan və satan arasında problemlərə səbəb olur. Yəni satan şəxs yeni evi çıxarışsız olduğu üçün köhnə evdə qeydiyyatda qalmalıdır. Bəzən bu məsələlər məhkəməyə çıxır”. 

Ekspert qeyd edib ki, evini kirayəyə verən şəxslər vergi ödəmək istəyirlər, amma kirayə verilən evin “kupca”sı olmadığı üçün onlara notariat qaydada müqavilə bağlamaq hüquqi olaraq mümkün olmur: 

“Buradan açıq görünür ki, hər il milyonlarla pul dövlət büdcəsinə ödənilmir. Hazırda olsan 500 000 sənədsiz ev və torpaq sənədləşdirilsə, bu, dövlət büdcəsinə milyonlarla vəsaitin daxil olması deməkdir. Yeni yollar axtarmaqdansa, dövlət büdcəsindəki vəsait artırmaq üçün 500 000 yaxın ev sənədləşdirilərək vergi sisteminə cəlb oluna bilər. 

Sənədsiz torpaq və evləri vergiyə cəlb etmək məsələnin həlli yoludur. Bunun üçün əlavə yollar axtarmağa ehtiyac yoxdur. Alqı-satqı zamanı dövlət rüsum istəyir və bu, büdcəyə daxil olur. Hazırda qanuna görə, əgər ev 3 ildən tez satılırsa, əlavə rüsum alınır. 

Notariat və digər xidmətlərdə ödənilən pullar dövlət büdcəsinə daxil olur. Yəni bir evi satdıqda, vətəndaş tərəfindən ödənilən pul dövlət üçün gəlir deməkdir. Bu pulları leqallaşdırmaq üçün evlərin sənədləşdirilməsi vacibdir. 

Qısa və konkret desək, büdcəyə əlavə vəsaitin daxil olması üçün yeni metodlar axtarmağa ehtiyac yoxdur, sənədsiz evlərə və torpaq sahələrinə çıxarış vermək hər il dövlət büdcəsinə milyonlarla vəsaitin daxil olması, dövlətin vətəndaşdan daha çox qazanc əldə etməsi deməkdir. İllərdir milyonlarla pul dövlət büdcəsindən yayınır”. 

Избранный
14
2
cebheinfo.az

3Источники