RU

Şəkidən Naxçıvana baxış...

ƏZİZ QARDAŞIM HÜSEYN HAQQINDA

 

Bir neçə aydır müasir texniki imkanlar səmərəsinə mən Şəkidə Naxçıvan televiziyasının verlişlərinə baxıram. 13 dekabr  2025-ci il tarixdə Naxçıvan televiziyasında efirə gedən “Bu da bir ömürdür” sənədli oçerk məni çox təsirləndirdi. Bu verlişə heç  gözümü qırpmadan axıra kimi baxdım. Ona  görə ki, həmin verliş mənim əziz dostum,  qardaşım Hüseyn Əsgərova həsr edilmişdi. 1972-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakultəsində oxuyanda tələbə yataqxanasında mən  Hüseynlə bir otaqda qalmışam. Bizim dostluğumuz həmin illərdən indiyədək davam edir. Mən Hüseynin fitri istedadının şahidiyəm. O, hər bir hadisəyə, yeniliyə və geriliyə Mirzə Ələkbər Sabir və Cəlil Məmmədquluzadə sayağı baxırdı. Bir-iki gün sonra görürdüm Hüseyn maraqlı bir yazı yazıb. Həmin yazı ya fakultəmizin divar qəzetində, ya da fakultəmizdə nəşr edilən “Jurlanilist”qəzetində , sonralar hələ tələbə olanda onun yazıları respublikanın nüfuzlu qəzetlərində çap edilirdi. Hüseyni yazısı çıxan divar qəzetini və başqa mətbuat orqanlarını fakultə tələbələrindən başqa müəllimlərimiz və dosentlər, professorlar da həvəslə oxuyurdular. Dərs vaxtı   hörmətli  müəllimlərimizdən dekanımız Şirməmməd Hüseynov, yazıçı – professorlar Mircəlal Paşayev, Qulu Xəlilov, Famil Mehdi, Əzizə Cəfərzadə, Şamil Qurbanov, Nəsir İmanquliyev və başqaları Hüseynin yazılarındakı  mövzu aktuallığından və onun fikirlərinin ifadəsindəki fərqli üslubdan həvəslə danışırdılar.Bu böyük şəxsiyyətlər Hüseynin yaradıcılığını yüksək qiymətləndirir, bu istiqamətdə ona uğurlar arzulayır və hərdən də öz tövsiyyələrini verirdilər.

Hər şeydən əvvəl mən Naxçıvan televiziyasının rəhbərliyinə və “Bu da bir ömürdür” rubrikasında çalışan hər kəsə öz təşəkkürümü, minnətdarlığımı bildirirəm. Onlar Hüseyn Əsgərovun 70 illik yubileyinə çox dəyərli bir verliş hazırlamışdılar. Mən bu verlişi çox bəyəndim və Hüseyn Əsgərov haqqında səmimi sözlər deyən hər kəsə Hüseyn müəllimin yaxın dostu kimi öz təşəkkürümü bildirirəm.

Hüseyn Əsgərovun jurnalistlikdən çox vətənpərvərlik, millilik  xüsusiyyətlərindən  də mən danışmaq istəyirəm.  Belə ki, mən  və mənim kimi çoxları vətənpərvərliyin, milli mentaliteti, adət-ənənələrə sadiqliyi Hüseyndən öyrənmişik.

Tələbəlik illərindən indi şair, professor kimi tanınan Adil Cəmil, Ucaqlı mərhum Ələkbər Hüseynov, Naxçıvanlı Hüseyn Əsgərov və mən bir otaqda qalırdıq. Dünyada azərbaycanlıların nə qədər olması, itirilmiş torpaqlar, Azərbaycan hökmdarıarının tarixi səhvləri, milli mentalitet,  tarixi abidələrin qorunmasının vacibliyi, özümüzü dərk etmək, millətimizi   dünyaya tanıtmaq mövzularında həmişə otaq yoldaşlarımla maraqlı söhbətlərimiz olardı. Belə söhbətlərlə məndə vətənpərvərlik hisslərinin formalaşmasında Hüseyn daha böyük rol oynamışdır. Bizim bu mövzularda çox uzun və həmişə maraqlı diaqloqlarımız olurdu. Hər bir azərbaycanlıya Şimal-Cənub həsrətini andıran Şəhriyarın “Heydər babaya salam” şeirini ilk dəfə Hüseyndən eşitmişdim. Mən də Bəxtiyar Vahabzadənin Gülüstan poemasını ona və bütün tələbə yoldaşlarıma paylamışdım.

  • 1973-cü ilin yazında Azərbaycan Dövlət Unversitetinin Jurnalistika fakultəsində təhsil alan əsasən bizim kursun tələbələri Novruz bayramını qeyd etmək fikrinə düşdük. Müəllimlərimizdən yazıçı – professorlar Qulu Xəlilovu, Mir Cəlal Paşayevi, Əzizə  xanım Cəfərzadəni və  fəlsəfə müəllimimiz Qəmbər Əsgərovu  da bu tədbirə dəvət etdik. Görüş yerimiz Fəxri Xiyaban oldu. Dəvət etdiyimiz qonaqların hamısı tədbirdə iştirak etdi. Əlimizdə gül – çiçək dəstələri var idi. Yataqxanada qızlar səməni yetişdirib gərtirmişdilər. Fəxri Xiyabanda Şıxəli Qurbanovun, Həsən Bəy Zərdabinin, Cəlil Məmmədquluzadənin,Üzeyir bəy Hacıbəyovun və başqa milli dəyərləri yüksək tutan şəxsiyyətlərin məzarlarını ziyarət etdik. Hər məzar başında 10-15 dəqiqəlik çıxışlar oldu. Müəllimlərimiz də burada çıxışlar etdilər. Tədbir başa çatdıqdan sonra heç bir insident baş vermədi.1974-cü ilin Novruz bayramı da maraqlı oldu. Amma bu əvvəlki ildəkindən daha geniş və əhatəli idi. 1975-ci ildə hazırlıq işlərinə daha erkən başlamışdıq. Son anda bunun xəbəri yuxarılara gedib çatmışdı. Universitetin rektoru Faiq Bağırzadə özü qızlar yataqxanasına gedib otaqları bir–bir gəzib nə qədər səməni var idisə hamısını  pəncərədən çölə atdırmışdı. O gedəndən sonra axşam  qaranlıq düşəndə biz həyətə atılmış səməniləri yığıb təmir – bərpa işləri aparıb sabaha hazırladıq. Sabahı gün müəyyən edilmiş görüş yerlərini və vaxtı dəyişdik. Bir neçə dəstələrlə yenə fəxri xiyabanda görüşdük. Bu dəfə tələbə və müəllimlərin sayı ötən ildəkindən 10-15 dəfə çox idi. Təxminən 350-400 nəfər olardı. Həm də bu dəfə jurnalistika fakultəsinin tələbələrindən başqa filologiya, tarix fakultələrindən və başqa ali məktəblərdən də gələn qonaqlar var idi. Tədbirdə Naxçıvanlı Hüseyn Əsgərov və bizdən aşağı kursda oxuyan bir qız                 (adını unutmuşam) aparıcılıq edirdi. Müəllimlərimizdən ötən illərdə iştirak edənlərdən bir neçəsi gəlməmişdi. Sonralar bizə məlum oldu ki, müəllimlərimizi öz evlərində saxlayıblar, onlara küçəyə çıxmağa icazə verməyiblər. Ətrafımızda mülki geyimli tanımadığımız adamlar gəzişirdi. Biz yenə Şixəli Qurbanovun məzarından başladıq. Ziyarət etdiyimiz məzarların və çıxış edənlərin sayı artmışdı. Bizə fəlsəfədən dərs deyən  Qənbər  Əsgərovun, tələbə yoldaşlarımızdan mərhum Qəzənfər Rüstəmovun, Ağamalı Sadiq Əfəndinin Üzeyir bəy Hacıbəyovun məzarı yanında saz çalıb türk ləhcəsində oxuması, Mehman Cavadoğlunun, Aqil Abbasın, Adil Cəmilin, Şəmsəddin Şəbiyevin, Adil İrşadoğlunun, Şərif Kərimovun, Yaşar Vəliyevin, Flora Xəlilzadənin, Amalya  Məhərrəmovanın və başqalarının milli ruhlu, məntiqli, məzmunlu çıxışları uzun müddət yaddaşlarda qaldı.Sovet hakimiyyəti devrildikdən sonra, müstəqillik illərində Azərbaycanın bir çox mətbuat orqanlarında o cümlədən tələbə yoldaşımız Ağamalı Sadiq Əfəndinin redaktoru olduğu “Müxalifət” qəzetində1996-cı ildə bu mövzuda yazılar dərc edilib.

    Fəxri Xiyabanda Novruz bayramı adı ilə keçirilən tədbirdən sonra təkcə bizim fakultədən 40 nəfərə qədər tələbəni ayrı – ayrı yerlərdə saxlayıb Dövlət Təhlükəsizliyi Komitəsinin qarşısındakı Djerziniski adına kuluba gətirmişdilər. Burada da hərəni bir otaqda saxlayıb sorğu – sual etmişdilər. Iş elə  təşkil edilmişdi ki, tələbələrin biri – birindən xəbəri yox idi. Bizə müxtəlif suallar verilir və izahatlar yazdırırdılar. Təxminən gecə saat 1-dən sonra birdən – birə vəziyyət dəyişdi. Tələblərin hamısının alınmış sənədlərini geri qaytardılar və əvvəlkindən fərqli olaraq mülayim rəftarla bizi buraxdılar. Dedilər ki, burada saxlanılmağınızı heç yerdə heç kimə deməyin.

    Təbii ki, jurnalistika fakultəsi tələbələrinin saxlanılması barədə bizim dekanımız  Şirməmməd Hüseynovun məlumatı olmuşdu. Bir neçə gün sonra Şirməmməd müəllim tədbirin təşkilatçıları olan Əjdər Kazımovu, Hüseyn Əsgərovu, Ağamalı Əfəndiyevi, Qəzənfər Rüstəmovu və məni yanına çağırdı. O, söhbəti həmin hadisə üzərinə gətirdi. Və dedi ki, həmin məsələ ilə əlaqədar Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevə gecə saat 1 radələrində bu barədə məruzə edilib və o ciddi tapşırıq verib ki, təcili olaraq tələbələri buraxın. Onlara mənim tövsiyyəmi çatdırın ki, onlar  tələbədirlər. Onların indi ən vacib işi dərsləri ilə məşğul olmaqdır və bilsinlər ki, Azərbyacanın gələcəyi, sürətli inkişafı, milli mentaliteti, mənəvi dəyərləri haqqında düşünən insanlar var və mən buradayam. Hər işin öz vaxtı var. Eşitdiniz bala,gedin dərsinizi oxuyun. Bir daha belə işlər olmasın. Biz Şirməmməd müəlimin kabinetindən çıxıb küçədə söhbət edəndə Hüseyn gülə-gülə demişdi:

          -Mən indi Azərbaycanın səmasında parlayan qeyri-adi  işıq görürəm !

Neçə illər sonra biz Bakıda görüşəndə Hüseyn mənə danışdı ki, Ulu öndər, Moskvadan qayıdandan sonra Naxçıvanda onunla tez-tez görüşürdüm. Dedi,                  o vaxt mən Naxçıvan televiziyasında ictimai-siyasi verlişlərin və xəbərlərin aparıcı jurnalisti idim. Heydər Əliyevlə demək olar ki, hər gün görüşürdük. Biz çox səmimi söhbətlər edirdik. Hər görüşdən sonra məndə Ulu Öndərə inam və sevgi artırdı. O ictimaiyətlə tez – tez görüşür, şəhərdə,bazarda sərbəst gəzirdi. Mən də fürsətdən istifadə edib sadə insanlarla onun görüşlərini, toplantılardakı çıxışlarını televiziya vasitəsilə daha geniş ayditoriyaya çatdırırdım. Səmimi görüşlərin birində Ulu Öndərə dedim ki, 1975-ci ildən mənim və bir çox tələbə yoldaşlarımın sizə təşəkür etmək borcumuz var. İcazə verin gec olsa da yoldaşlarımın adından və özümün sizə çox böyük təşəkkürlərimizi çatdırım.

      Soruşdu ki, nəyə görə?

Mən həmin il Novruz bayramında başımıza gələnləri Ulu Öndərə danışdım. Heydər Əliyev adəti üzrə məni çox diqqətlə və axıra qədər dinlədi. Və sonra Şirməmməd müəllimin bizə dediklərini təsdiq etdi. Bu fikirin təsdiqi bizdə Azərbyacanın uğurlu və xoşbəxt gələcəyinə inamı daha da artırmışdı. Allahdan Ulu öndərə sonsuz rəhmətlər diləyirik.

Fədakar jurnalist,  gözəl insan, səmimi dost, millətin böyük ziyalısı Hüseyn Əsgərovu daha yaxından tanımaq üçün onun kitablarını oxumaq kifayətdir.

Mən əziz dostumun, mehriban qardaşımın dünyaya gəlməsinin 70 illiyi münasibətilə onu bir daha təbrik edir, ona daha böyük yaradıcılıq uğurları arzulayıram.

 

                                                                            Çingiz Nağıyev,

“Qızıl qələm” mükafatı laureatı

                                                                             Şəki

Избранный
25
1
adalet.az

2Источники