RU

İqlim dəyişikliyinin Azərbaycan florasına təsirinin azaldılması kompleks elmi yanaşma tələb edir professor

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 24 dekabr, AZƏRTAC

Qlobal iqlim dəyişikliyi bitki örtüyünün strukturuna, funksional xüsusiyyətlərinə və yayılma areallarına ciddi təsir göstərən əsas ekoloji amillərdən biridir. Temperatur rejiminin yüksəlməsi, yağıntıların paylanma xarakterinin dəyişməsi və ekstremal iqlim hadisələrinin artması nəticəsində bitkilərin areal sərhədlərində yerdəyişmələr müşahidə olunur. Bu proseslər xüsusilə dağ və yarımsəhra ekosistemlərində daha qabarıq şəkildə özünü göstərir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Botanika İnstitutunun baş direktoru biologiya elmləri doktoru professor Səyyarə İbadullayeva söyləyib.

Alim bildirib ki, iqlim dəyişmələri bitkilərin fenoloji fazalarına – çiçəkləmə, tozlanma və meyvəvermə mərhələlərinə bilavasitə təsir edir. Fenoloji uyğunsuzluqlar tozlandırıcı orqanizmlərlə bitkilər arasında əlaqələrin pozulmasına, nəticə etibarilə reproduktiv prosesin azalmasına səbəb olur. Quraqlıq və istilik stresinin artması su rejiminin pozulmasına, bitkilərin fizioloji proseslərinin zəifləməsinə və bəzi növlərin lokal populyasiyalarının sıradan çıxmasına gətirib çıxarır.

Professorun fikrincə, iqlim dəyişikliyinə uyğunlaşma qabiliyyəti zəif olan növlərin azalması bioloji müxtəlifliyin tənəzzülünə və ekosistemlərin funksional dayanıqlığının zəifləməsinə səbəb olur. Bu isə trofik zəncirlərin pozulması və ekosistem xidmətlərinin azalması ilə nəticələnə bilər.

Müsahibimiz bildirib ki, Azərbaycanda iqlim dəyişikliyinin flora və faunaya mənfi təsirlərinin azaldılması məqsədilə bir sıra institusional və elmi tədbirlər həyata keçirilir. 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və COP29 kimi beynəlxalq əhəmiyyətli tədbirin ölkəmizdə təşkili bu istiqamətdə atılan mühüm addımlardandır. Botanika İnstitutu iqlim dəyişmələrinin floranın vəziyyətinə təsirinin öyrənilməsi istiqamətində müntəzəm elmi tədqiqatlar aparır. Hər il bu mövzuda beynəlxalq və respublika səviyyəli elmi tədbirlər təşkil olunur. Bu il iyunun 17–19-da keçirilmiş “Meşə tiplərinin tədqiqi və davamlı inkişafı” mövzusunda beynəlxalq konfransın əsas məqsədi respublika ərazisində bitki örtüyünün və meşə ekosistemlərinin mövcud vəziyyətinin qiymətləndirilməsi, biomüxtəlifliyin qorunması və ekoloji tarazlığın saxlanılmasında meşələrin rolunun elmi əsaslarla müəyyənləşdirilməsi olub.

“Nəticə etibarilə iqlim dəyişikliyinin Azərbaycan florasına təsirinin azaldılması kompleks elmi yanaşma, davamlı monitorinq və mühafizə tədbirlərinin inteqrasiyasını tələb edir. Bu istiqamətdə botaniklərin, ekoloqların və digər müvafiq sahə mütəxəssislərinin birgə fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir”, deyə S.İbadullayeva fikrini yekunlaşdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
50
1
azertag.az

2Источники