Bakı, 24 dekabr, AZƏRTAC
Milli Məclisin Azərbaycan və Türkiyə müdafiə qurumları arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumunu təsdiqləməsi iki ölkə arasında müttəfiqlik münasibətlərinin institusional baxımdan yeni mərhələyə keçdiyini göstərir. Sənəd Şuşa Bəyannaməsi ilə müəyyən edilmiş müttəfiqlik çərçivəsini praktik mexanizmlərlə dərinləşdirir və regional təhlükəsizlik arxitekturasında Azərbaycanın mövqelərini daha da gücləndirir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli söyləyib.
O bildirib ki, səkkiz bənddən ibarət Memorandumun əsas məqsədi Azərbaycan və Türkiyə arasında hərbi sahədə qarşılıqlı fəaliyyətin sistemli və davamlı əsaslar üzərində qurulması, birgə təhlükəsizlik mühitinin formalaşdırılması və mümkün risklərə koordinasiyalı cavab mexanizmlərinin yaradılmasıdır. Sənəd klassik hərbi əməkdaşlıq çərçivəsindən kənara çıxaraq təhlükəsizlik anlayışını daha da genişləndirir və siyasi, hərbi, texnoloji və institusional müstəvilərdə nəzərdə tutur.
Memorandum Azərbaycan–Türkiyə münasibətlərində təhlükəsizliyin artıq ikitərəfli deyil, qarşılıqlı və bölünməz xarakter daşıdığını təsbit edir. Bu yanaşma potensial hərbi təhdidlərə qarşı çəkindiricilik effektini artırır və tərəflərdən birinə yönəlmiş risklərin digəri tərəfindən də strateji təhlükə kimi qiymətləndirilməsinə hüquqi-siyasi zəmin yaradır. Beləliklə, sənəd faktiki olaraq kollektiv təhlükəsizlik məntiqini ikitərəfli müttəfiqlik formatında möhkəmləndirir.
“Anlaşma Memorandumunun mühüm cəhətlərindən biri müdafiə nazirlikləri arasında planlaşdırma, qərarqəbuletmə və operativ fəaliyyət sahələrində koordinasiyanın gücləndirilməsidir. Bu, böhran vəziyyətlərində vaxt itkisini minimuma endirən, informasiya mübadiləsini sürətləndirən və qərarların sinxron qəbulunu təmin edən institusional mexanizmlərin formalaşdırılmasını nəzərdə tutur. Nəticədə tərəflərin hərbi idarəetmə sistemləri arasında funksional uyğunluq artır.
Sənəd çərçivəsində birgə hərbi təlimlərin, komanda-qərargah məşqlərinin və ixtisasartırma proqramlarının genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu proses Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazırlığının yüksəldilməsinə, şəxsi heyətin müasir döyüş doktrinalarına uyğun hazırlanmasına və NATO standartlarına inteqrasiya imkanlarının genişlənməsinə xidmət edir. Praktiki baxımdan bu, real döyüş şəraitində interoperabelliyin təmin olunması deməkdir”, - deyə A.Kərimli vurğulayıb.
Deputatın sözlərinə görə, Memorandumun dolayı, lakin strateji baxımdan mühüm nəticələrindən biri müdafiə sənayesi və hərbi-texnoloji əməkdaşlığın dərinləşməsidir: “Türkiyənin inkişaf etmiş müdafiə sənayesi təcrübəsi Azərbaycanın hərbi-texniki potensialının artırılmasına, yerli istehsal imkanlarının genişlənməsinə və xarici asılılığın azaldılmasına töhfə verir. Bu isə uzunmüddətli perspektivdə milli hərbi sənayenin formalaşması və dayanıqlı müdafiə qabiliyyətinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Sənəd Cənubi Qafqazda formalaşmış yeni geosiyasi reallıqlar fonunda region üçün də mühüm mesaj xarakteri daşıyır. Memorandum regional təhlükəsizlik balansının qorunmasına yönəlmiş faktor kimi çıxış edir, eyni zamanda, Azərbaycanın təhlükəsizlik maraqlarının daha geniş strateji platformada müdafiəsini mümkün edir. Bu kontekstdə sənəd yalnız ikitərəfli münasibətlərin deyil, bütövlükdə regional sabitliyin möhkəmləndirilməsinə xidmət edir”.
O əlavə edib ki, Milli Məclis tərəfindən Memorandumun ratifikasiyası sənədə daxili hüquqi legitimlik qazandırır və onun icrasını siyasi öhdəlikdən praktik icra müstəvisinə keçirir. Bu addım Anlaşma Memorandumunun, sadəcə, niyyət bəyanatı deyil, konkret fəaliyyət mexanizmlərini ehtiva edən hüquqi-siyasi sənəd kimi qəbul olunmasını təmin edir.
Ümumilikdə Azərbaycan və Türkiyə arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu Azərbaycanın milli təhlükəsizlik strategiyasının mühüm tərkib hissəsi kimi çıxış edir. Sənəd ölkənin hərbi modernləşmə prosesini sürətləndirir və Azərbaycanın regional və beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi mövqelərini daha da möhkəmləndirir. Bu Memorandum müttəfiqlik münasibətlərinin real məzmunla doldurulduğunu və strateji əməkdaşlığın institusional əsaslar üzərində davam etdirildiyini nümayiş etdirir.