RU

“Burada yanaşma tarixi şəhər toxumasının qorunmasını və müasir funksiyalarla uyğunlaşdırılmasını nəzərdə tutur”

Bizimyol saytına istinadən ain.az xəbər verir.

Azərbaycanda 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib. Bizimyol.info xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Prezident Administrasiyası Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı tədbirlər planına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması hansı əsas prioritetlərə fokuslanacaq?Regionlarda memarlıq irsinin qorunması, yeni şəhərsalma konsepsiyalarının tətbiqi və müasir memarlığın inkişafı istiqamətində hansı konkret addımlar atılması planlaşdırılır?Digər şəhərlərdə - Sumqayıt, Gəncə, Mingəçevirdə – şəhərsalma və memarlıq baxımından hansı çağırışlar var?

Mövzu ilə bağlı Bizimyol.info xəbər portalına AzMİU-nun Memarlıq fakültəsinin dekanı, professor Zahidə Məmmədova bildirib ki, “Şəhərsalma və Memarlıq İli” Azərbaycanın şəhər mühitinin keyfiyyətcə yeni inkişaf mərhələsinə keçidini hədəfləyir: “2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması strateji mahiyyət daşıyan bir qərar olmaqla, Azərbaycanın şəhər mühitinin keyfiyyətcə yeni inkişaf mərhələsinə keçidini hədəfləyir. Bu təşəbbüs çərçivəsində əsas prioritetlər sırasında insan mərkəzli planlaşdırma (human-centered design), dayanıqlı şəhər inkişafı (sustainable urban development), şəhər funksiyalarının rasional təşkili və memarlıqda milli-mədəni identikliyin müasir dizayn yanaşmaları ilə inteqrasiyası xüsusi yer tutur. Eyni zamanda ekoloji tarazlığın qorunması, yaşıl infrastruktur, enerji səmərəliliyi və iqlim dəyişikliklərinə adaptasiya olunan şəhərsalma modellərinin tətbiqi dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirilir. Bu yanaşma şəhəri yalnız fiziki məkan deyil, sosial, mədəni və ekoloji sistemlərin qarşılıqlı əlaqədə olduğu canlı urbanistik mühit kimi dəyərləndirən müasir şəhərsalma fəlsəfəsinə əsaslanır.

Regionlarda memarlıq irsinin qorunması istiqamətində əsas hədəf tarixi-memarlıq mühitinin kompleks inventarlaşdırılması, mühafizə zonalarının hüquqi-status baxımından dəqiq müəyyən edilməsi və bərpa-reabilitasiya proseslərinin elmi-metodoloji əsaslar üzərində qurulmasıdır. Burada yanaşma yalnız fərdi memarlıq abidələrinin deyil, bütövlükdə tarixi şəhər toxumasının (urban fabric) qorunmasını və müasir funksiyalarla uyğunlaşdırılmasını nəzərdə tutur. Paralel olaraq yeni şəhərsalma konsepsiyalarının tətbiqi çərçivəsində regionlar üçün yerli coğrafi, sosial-iqtisadi və mədəni xüsusiyyətlərə uyğunlaşdırılmış baş planların yenilənməsi, ictimai məkanların inklüziv və funksional dizayn prinsipləri əsasında yenidən təşkili, nəqliyyat-logistika sistemlərinin optimallaşdırılması və mühəndis-kommunikasiya infrastrukturunun kompleks inkişafı prioritet kimi çıxış edir. Müasir memarlığın inkişafı isə innovativ layihələndirmə texnologiyaları, rəqəmsal modelləşdirmə (BIM), enerji effektiv materiallar və gənc memarların yaradıcılıq potensialının stimullaşdırılması ilə bilavasitə bağlıdır”.

professor Zahidə Məmmədova

Professor Zahidə Məmmədova vurğulayıb ki, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərində şəhərsalma və memarlıq baxımından spesifik problemlər mövcuddur: “Sumqayıt, Gəncə və Mingəçevir kimi iri şəhərlərdə şəhərsalma və memarlıq baxımından spesifik problemlər və çağırışlar mövcuddur. Sumqayıtda əsas çağırış sovet dövründən miras qalmış sənaye şəhəri strukturunun postindustrial şəhər modeli əsasında transformasiyası, köhnə yaşayış fondunun mərhələli yenilənməsi və ekoloji reabilitasiyanın təmin edilməsidir. Gəncədə əsas vəzifə tarixi şəhər mərkəzinin memarlıq simasının qorunması ilə şəhərin genişlənməsi arasında tarazlaşdırılmış urbanistik inkişafın təmin olunmasıdır. Burada tarixi-mədəni irs zonaları ilə yeni yaşayış və ictimai məkanların funksional əlaqəsinin düzgün qurulması mühüm əhəmiyyət kəsb edir. Mingəçevirdə isə enerji şəhəri statusundan irəli gələn funksional planlama, su hövzəsi ətrafında rekreasiya və ictimai məkanların səmərəli təşkili, şəhər məkanının vizual və ekoloji keyfiyyətinin yüksəldilməsi əsas prioritetlər sırasındadır.

Bu baxımdan 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” yalnız simvolik bir təqvim ili deyil, uzunmüddətli urbanistik strategiyanın və institusional islahatların başlanğıc mərhələsi kimi qiymətləndirilməlidir. Xüsusilə azad edilmiş ərazilərdə tətbiq olunan ağıllı şəhər (smart city) və yaşıl şəhərsalma modelləri ölkənin digər regionları üçün konseptual nümunə rolunu oynayır. Paralel olaraq ali təhsil və elmi-tədqiqat sahəsində həyata keçirilən təşəbbüslər, o cümlədən Dünya Şəhərsalma Forumu (WUF) çərçivəsində aparılan fəaliyyətlər bu prosesin elmi-intellektual və kadr təminatını gücləndirir. Azərbaycan Memarlıq və İnşaat Universiteti kimi ixtisaslaşmış ali təhsil müəssisələri bu strategiyanın həyata keçirilməsində kadr hazırlığı, elmi araşdırmalar və innovativ ideyaların formalaşdırılması baxımından aparıcı rol oynayaraq, ölkədə şəhərsalma və memarlıq mədəniyyətinin davamlı inkişafına töhfə verməyə hazırdır”.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
36
2
icma.az

3Источники