RU

Amazon-un robotaksilərində avtopilot problemi: Zoox proqram təminatını təcili geri çağırıb...

Şirkət yol hərəkəti zamanı avtopilotda  təhlükəsizlik standartlarına uyğun olmayan davranışlar aşkar etdiyini etiraf edib...

Poliqon xəbər verir ki, Amazon-a məxsus Zoox şirkəti robotaksilərin yol hərəkətində davranışı ilə bağlı aşkar edilən problemlərə görə proqram təminatının könüllü geri çağırılmasına başlayıb. Interesting Engineering yazır ki, qərar ümumi istifadədə olan yollarda avtonom hərəkət edən nəqliyyat vasitələrinin təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır.

Məlumata görə, geri çağırma ABŞ-nin müxtəlif şəhərlərində, o cümlədən San-Fransisko və Las-Veqasda istismar olunan 332 tam avtonom robotaksini əhatə edir. Həmin avtomobillər Zoox-un avtomatlaşdırılmış idarəetmə sistemi (ADS) ilə təchiz olunub və şirkət bu şəhərlərdə artıq pulsuz avtonom taksi səfərləri təqdim edir.

Problem ilk dəfə avqustun sonunda qeydə alınıb. Belə ki, robotaksilərdən biri kəsişmədə dönmə manevri edərkən qismən qarşı zolağa çıxıb və qarşıdan gələn nəqliyyatın yolunu kəsərək dayanıb. Aparılan məlumat təhlilindən sonra Zoox avqust–dekabr ayları arasında 62 hal müəyyən edib ki, bu hallarda avtomobillər zərurət olmadan davamlı və ya sarı yol xəttini keçə, yaxud piyada keçidlərinin üzərində dayanaraq hərəkəti bloklaya bilib.

Şirkət etiraf edib ki, bu cür manevrlər onun daxili təhlükəsizlik standartlarına uyğun deyil. Bildirilib ki, indiyədək heç bir yol-nəqliyyat hadisəsi qeydə alınmasa da, belə davranışlar qəza riskini artırıb.

Zoox fiziki olaraq avtomobillərin geri çağırılmasına ehtiyac duymayıb. Bunun əvəzinə, proqram təminatına düzəlişlər edilib. Yeniləmələr ilkin olaraq noyabrın 7-də, daha sonra isə 2025-ci ilin dekabr ayının ortalarında yayımlanıb. Geri çağırma 13 mart–18 dekabr 2025-ci il tarixləri arasında quraşdırılmış proqram versiyalarını əhatə edir və bütün yeniləmələr məsafədən, yəni “hava üzərindən” tətbiq olunub.

Şirkət bildirib ki, yeni proqram təminatı daxili analiz zamanı aşkarlanmış yanlış davranış modellərini aradan qaldırır və hazırkı versiya daha stabil və təhlükəsiz işləyir. Zoox-un açıqlamasında vurğulanır ki, şəffaflıq və təhlükəsizlik onun fəaliyyətinin əsas prinsipləridir və bu cür geri çağırmalar avtonom idarəetmə sistemlərinin daim təkmilləşdirilməsi prosesinin tərkib hissəsidir.

Mütəxəssislər qeyd edirlər ki, bu hadisə şəhər mühitində, xüsusilə ənənəvi yol hərəkəti ilə paralel fəaliyyət göstərən avtonom nəqliyyat vasitələri üçün təhlükəsiz proqram təminatının hazırlanmasının nə qədər mürəkkəb olduğunu bir daha göstərir.

Poliqon.info

Избранный
95
poliqon.info

1Источники