RU

Küçədə qadının gözləri qarşısında oğlunu öldürmək istəyən şəxs: “İrad bildirdi ki, söyüş söymüşəm...”

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə və xuliqanlıqda təqsirləndirilən Fuad Rəcəbzadənin cinayət işinin bəzi detalları məlum olub.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.


İbtidai istintaq materiallarına görə, Fuad Rəcəbzadə əvvəllər dəfələrlə məhkum olunmasına baxmayaraq islah yoluna qədəm qoymayıb.


Belə ki, o, Nəsimi Rayon Məhkəməsinin 11 oktyabr 2013-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin (CM) 185.1-ci maddəsi üzrə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, CM-nin 70-ci (şərti) maddəsi tətbiq olunmaqla cəzası 1 il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunub. Daha sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2015-ci il tarixli hökmü ilə CM-nin 29, 120.1 və 228.4-cü maddələri üzrə 10 il 8 ay müddətinə azadlıqdan məhrum edilib, Bakı Apellyasiya Məhkəməsinin 26 noyabr 2015-ci il tarixli qərarı ilə ona qəti olaraq 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub və 05 noyabr 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilib. Lakin məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda yenidən ağır cinayət əməli törədib.


İttihama görə, 05 iyul 2024-cü il tarixdə saat 20 radələrində Fuad Rəcəbzadə kirayədə yaşadığı ünvanın yaxınlığında mobil telefonla yüksək səslə danışaraq nalayiq ifadələr işlədib. Həmin vaxt həmin evdə yaşayan, əvvəllər tanımadığı zərərçəkmiş Təbriz Rəhimov anası ilə birlikdə özünə məxsus “Mercedes C180” markalı avtomobillə işə getmək üçün evdən çıxıb və təqsirləndirilən şəxsə söyüş söyməməsi barədə irad bildirib.


İstintaq materiallarında göstərilir ki, Fuad bu iradı cüzi səbəb kimi bəhanə edərək, zərərçəkmiş şəxsin ünvanına daha ağır nalayiq ifadələr işlədib, ictimai qaydanı kobud şəkildə pozub, cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirib. Daha sonra üzərində gəzdirdiyi bıçağı çıxararaq küçədə, yaşayış evlərinin əhatəsində, ətrafdakı sakinlər və yoldan keçən şəxslər üçün real təhlükə və təşviş yaradıb.


Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə, Təbrizi qəsdən öldürmək qərarına gəlib, hadisə zamanı onun anasının gözü qarşısında xüsusi əzab-iztirab verəcəyini dərk edərək, bıçaqla zərərçəkmişin həyatı üçün mühüm olan baş nahiyəsinə ardıcıl olaraq 3 zərbə endirib. Nəticədə Təbriz yerə yıxılıb, başın gicgah–təpə nahiyəsində çoxsaylı deşilmiş-kəsilmiş yaralar, həmçinin müxtəlif nahiyələrdə sağlamlığa yüngül zərər vuran xəsarətlər alıb.


Qadının müdaxiləsi nəticəsində Fuad cinayət niyyətini tam başa çatdıra bilməyib. Buna baxmayaraq, zərərçəkmiş şəxs ayağa qalxaraq onlara tərəf gəldikdə, təqsirləndirilən şəxs qəsdini davam etdirərək yenidən bıçaqla zərbə endirib. Lakin ətrafdakı şəxslərin köməyə gəlməsi və zərərçəkmişin vaxtında tibbi yardım alması nəticəsində iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilməyib.


Beləliklə, istintaqın qənaətinə görə, Fuad xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıq göstərməklə qəsdən adam öldürməyə cəhd edib, eyni zamanda silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud şəkildə pozan xuliqanlıq hərəkətləri törədib.
 

Məhkəmə iclasında Fuad Rəcəbzadə ittiham üzrə özünü qismən təqsirli bilərək, zərərçəkmişi əvvəllər tanımadığını, hadisə zamanı söyüş söymədiyini və bıçaqdan istifadə etmədiyini deyib. O, yaranmış dava zamanı yerə yıxıldığını, yerdən daş götürərək zərərçəkmişə zərbə endirdiyini söyləyib, onu öldürmək niyyətinin olmadığını qeyd edib.


Lakin iş üzrə toplanmış sübutlar, şahid ifadələri və ibtidai istintaq zamanı verdiyi əvvəlki ifadələr təqsirləndirilən şəxsin xüsusilə təhlükəli, təkrar və qəsdən cinayət davranışını təsdiq edib.

 

Məhkəmənin hökmü o, 16 il müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov 

Tarix: 25 Dekabr 2025, 08:52   
Избранный
8
pravda.az

1Источники