RU

Yusif Səmədoğlunun qızı: Atam həmin hadisədən sonra şəkər oldu... Müsahibə

ain.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün Xalq yazıçısı Yusif Səmədoğlunun doğum günüdür.

Kulis.az “Atamın xatirəsi” layihəsindən yazıçının qızı Mehriban Ziyadova ilə müsahibəni təqdim edir.

- Yusif bəy necə ata idi?

- Çox unikal, həddindən artıq mülayim insan idi. Bizim ailədə anam daha sərt idi. Atam isə hər şeyə demokratik yanaşırdı. Bizimlə dost kimi davranırdı. Yumor hissi çox güclü idi. Hamımızı çox sevirdi. Anam rusdilli idi. 70-ci illərdə çoxu övladını rus bölməsinə qoyurdu. Anam Azərbaycan dilini bilmirdi deyə bizim rus bölməsində oxumağımızı istəyirdi. Atam özündən çıxdı, dedi ki, nə rus dili? Sonra hamımız Azərbaycan dili bölməsində oxuduq. Hətta bizim övladlarımız da. Sadəcə heyfsilənirəm ki, vaxtsız getdi. 63 yaş nədir ki? Heç nə! Bilsəydim, daha çox vaxt keçirərdim onunla. Yeganə təsəllim budur ki, atam ailəmizdə həmişə nömrə bir olub. Hamımız qulluğunda dururduq. Yaxşı ailəmiz var idi.

- Onu yadınıza salanda daha çox hansı xatirə canlanır gözünüzün önündə?

- Milli Məclisdən gələndən sonra mütləq yatırdı. Eldar Quliyev qonşumuz idi. Oyanandan sonra ondan filmlər götürüb baxırdı. Hamımızı da başına yığırdı. Qorxulu filmləri çox sevirdi. O "xəstəlik" bizə də keçib. Bizim övladlarımız da film həvəskarıdır.

- Azərbaycan ailələrində adətən ata və övlad arasında görünməz bir pərdə olur, bir sözü deyirlər, beşi qalır. Yusif bəylə sizin münasibətləriniz necə idi?

- Atamın bir baxışı bizə bəs idi. Biz məsələləri o həddə çatdırmırdıq ki, o bizə irad tutsun. Belə məsələlərlə anam məşğul olurdu. Atamla münasibətimiz çox yaxşı idi. Bəzi şeyləri bacım da, mən də anama yox, atama deyirdik. Demokratik insan idi. Bu da Səməd Vurğundan gəlirdi. Düzdür, kənddə doğulmuşdu, atam danışırdı ki, biz caza qulaq asırdıq, öyrənirdik. Səməd Vurğun buna qarşı çıxmırdı. Halbuki onda caza münasibət birmənalı deyildi. Ona “Qərb musiqisi” deyirdilər. Ancaq Səməd Vurğun deyirdi ki, sazın öz yeri var, cazın öz yeri. Bu xüsusiyyət atama da keçmişdi.

- Bəs atası Səməd Vurğun barədə nələr danışırdı?

- Az danışırdı. Çünki ona pis təsir eləyirdi. Hiss eləyirdim ki, ona ağırdı. Deyirdi ki, atam bizimlə çox mülayim davranırdı. Atasının vaxtsız dünyadan köçməyi atamı incidirdi. Yadıma gəlir, 50 illiyində ondan müsahibə aldılar, dedi ki, xoşbəxtəm ki, atamın ölüm yaşını keçdim. Onda həmişə 50 yaş xofu olub. Bir dəfə təzə kamera almışdıq. Onda bacımın qızı Ayan hələ balaca idi. Atamdan müsahibə alırdım. Soruşdum ki, Yeni ildən ən böyük arzun nədir? Dedi ki, Ayanın toyunu görmək. Təəssüf ki, nəsib olmadı.

- Əvvəllər Qorkidə oxuyurdu, atası xəstələnəndən sonra Bakı Dövlət Universitetinə keçdi.

- Atamı ora babam aparmışdı. Orda qəbul üçün imtahan vermək lazım idi. Atam auditoriya qarşısına keçdi, babam da arxada onu gözləyirdi. Sonra rektor rus dilində babama dedi ki, sənin oğlun instituta girməməlidir, sənin oğlun institutu bitirməlidir. Bir il orada oxudu. Sonra babam xəstələndi, ona görə də atam bura qayıtdı və təhsilini burada davam etdirdi.

- Ananız haralıdır?

- Anamın atası dağlı, anası qazaxlı idi.

- Necə tanış olublar?

- 1959-cu ildə anamın böyük bacısının toyu imiş. Toyu da o vaxtlar evdə keçirirdilər. Anamın ailəsi nənəm Xavər xanımı tanıyırdı. Onu da toya dəvət eləmişdilər. Xavər gəlib atama deyib ki, Yusif, gəl mənim toya gedək. O da deyib ki, getmirəm. Xavər də təkid eləyib ki, Səməd də üç ildir rəhmətə gedib, heç yerə gedə bilmirəm, gəl, gedək. Atam danışırdı ki, heç üzümü də qırxmadım, eləcə geyinib getdim. Orada anamı görüb, bir könüldən-min könülə aşiq olub. Təsəvvür eləyin ki, anama yeddi gündən sonra üzük gətirdilər. Sonra da 32 il xoşbəxt həyat sürdülər.

- Ananız da təhsilli idi?

- Anam hüquqşünas idi. Atam dedi ki, qadın nədir, hüquq nədir? Onu filologiyaya keçirtdi. Ancaq işləmədi. Bir müddət babamın muzeyinin açılışı olandan sonra orada işlədi, sonra oradan da çıxdı.

- Sizə qarışmayıb, ancaq ananıza qadağalar qoyub.

- Hə, bizə qarışmayıb. Ancaq anamı qısqanırdı. Çünki çox gözəl qadın olub. Həm də hüquqda ancaq oğlanlar oxuyurdu. Anam deyirdi ki, bir mən idim, bir də başqa bir qız. Atam da bunu görəndən sora deyib ki, yox, buradan çıxmalısan. Keçiriblər filologiyaya.

- 32 il... Bu uzunmüddətli evliliyin sirri nədə idi?

- Sevgidə. Sevgi olan yerdə hörmət də olur, güzəşt də. Atam da, Vaqif əmim də qadınlarına qarşı çox həssas idilər.

- Ananız sonradan işləmədiyinə görə peşman oldu?

- Xeyr. Bir gün də peşman olmadı. Anamın işi evdə atama qulluq eləmək idi.

- Qazaxa tez-tez gedib-gəlirdiniz?

- Yubileydən-yubileyə. Əvvəllər Heydər Əliyevin vaxtında atamın yubileyini daha geniş, dəbdəbəli şəkildə keçirirdilər. Hər il yazıçılar, şairlərlə birgə qatarla Qazaxa gedirdik. Yeri gəlmişkən, gələn həftə Qazaxa yola düşürük. Orada atamın 90 illiyi qeyd olunacaq.

- Axırıncı dəfə nə vaxt getmisiniz?

- 6-7 il olar. Bir neçə gün qaldım. Sonra əmimin həyat yoldaşı Nüşabə xanımla da getmişdim. Orada babamın adına poeziya evi var. Nüşabə xanım Səməd Vurğun Muzeyinin direktoru idi. Mən də ona qoşulub getmişdim.

- Yazıçılar şairlərdən daha təmkinli olurlar. Bəs Yusif bəyi nə əsəbiləşdirə, özündən çıxara bilərdi?

- Çox əsəbiləşdiyini görməmişəm. Ancaq onu bir dəfə ağlayan görmüşəm. 20 Yanvar günü. Evə girib hönkür-hönkür ağladı ki, milləti qırırlar. Elə ondan sonra şəkər oldu. Ancaq belə çox sakit adam idi. Bəlkə də, elə bu pis idi. Hər şeyi ürəyinə salırdı. Danışsaydı, daha yaxşı olardı, daha çox yaşayardı.

- 20 Yanvar demişkən... Xalq Hərəkatına necə qoşuldu?

- Danışırdı ki, kabinetdə oturmuşdum, uşaqlar yanıma gəlib dedilər ki, Yusif müəllim, bizim fikrimiz budur. Onların proqramını oxudum, çox bəyəndim. Atamdan sonra İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə də qoşuldu hərəkata. Təzə-təzə çox yaxşı başlamışdılar.

- Ən yaxın dostları kimlər idi?

- Elə qardaşı Vaqif. Anar, İntiqam Qasımzadə. Emin Sabitoğlu bizə tez-tez gələrdi. Eldar Quliyevlə, Maqsud İbrahimbəyovla da dost idi. Polad Bülbüloğlu, Elçin də bizə tez-tez gələrdi. Ancaq atam çox ailəcanlı idi. Məsələn, toya gedirdilər, uzağı 40 dəqiqəyə qayıdırdı. Bacıma “anam” deyirdi. Toydan gələn kimi deyirdi ki, anam, mənə yemək ver. Toy yeməyini sevmirdi. Özü az-az gedirdi harasa, daha çox onlar bizə gəlirdilər.

- Bir sözlə, məclis adamı deyildi.

- Yox, deyildi. Biz onu məcbur toya, şənliyə aparırdıq. Milli Məclisə, Yazıçılar Birliyinə gedirdi, ancaq qalan vaxtlarda evdə olmağı sevirdi. Müsahibə verməyi də xoşlamazdı.

- Heç çox müsahibəsi də yoxdu.

- Yoxdu. Biz də bu sarıdan ona oxşamışıq.

- Şair nəslindən idi. Onu nəsrə nə gətirdi?

- O, heç vaxt şeir yazmayıb. Ta cavanlıqdan nəsr yazıb. Çox mütaliə edirdi. Ən çox sevdiyi yazıçı Bulqakov idi. Markesi də sevirdi. Yavaş-yavaş hekayələr yazmağa başladı. Axırda da “Qətl günü”nü yazdı. “Deyilənlər gəldi başa”nı da başladı, ancaq bitirə bilmədi. Ancaq biz onu elə vəziyyətdə çap etdirdik.

- Elə “Qətl günü” haqqında da deyirlər ki, Bulqakovun “Master və Marqarita”sından təsirlənib.

- Bəli. Orda da üç epoxa birləşir. Heç şübhəsiz ki, təsirlənmələr var. Yadıma gəlir, “Qətl günü” çap olunanda dedilər ki, oxuduq, ancaq heç nə başa düşmədik. Elə “Master və Marqarita”nı da hər adam başa düşə bilmir.

- Ancaq az yazırdı...

- Hə, çox az yazırdı. Ancaq yazanda günlərlə kabinetindən çıxmırdı. Bəzən də bir-iki ay heç nə yazmırdı. Bir də görürdük ki, bir kibrit qutusunun və ya salfetin üstünə nələrsə yazır. Yazıçıya ilham gəlməlidir. Darya Dantsova adlı bir rus detektiv yazıçı var idi. Deyirdi ki, mən hər gün 9-da ofisə gedirəm, başlayıram işləməyə, 6-da evə gəlirəm. Mənə təəccüblü gəlirdi ki, yazıçı necə belə işləyə bilər? Yazıçıya ilham gəlməyini mən atamda gördüm. Yadımdadır, “Qətl günü”nün son hissəsini on günə yazdı. On gündə atam evdən çölə çıxmadı. Gecə-gündüz dayanmadan yazırdı.

- Daha çox gündüzlər yazırdı, yoxsa gecələr?

- Gecələr. Ümumiyyətlə, gecə adamı idi. Təkcə yazmırdı, filmlərə də baxırdı. Böyük, divarboyu akvariumu var idi. Balıqları çox sevirdi. Səhər durub Milli Məclisə gedirdi, günorta gəlib yatırdı. Sonra da oyanıb yazmağa başlayırdı.

- Əllə yazırdı?

- Əllə də yazırdı, ancaq daha çox makinada işləyirdi. Kompüterə keçə bilmədi. Alıb verdik ki, belə daha rahatdır, burda yaz. Dedi ki, yox, mən bununla işləyə bilmirəm. Deyirdi ki, o makinanın səsi, iyi bunda yoxdur. İndi o makina muzeydədir.

- Əsər üzərində işləyəndə səsdən narahat olurdu, yoxsa fərqi yox idi?

- Mütləq nəzarət eləyirdik. O, ailəmizin nömrə biri idi. Hamımız onun rahatlığını gözləyirdik.

- İnanclı adam idi?

- Allaha inanırdı, ancaq dinlərə yox.

- Siz ona daha yaxın idiniz, yoxsa bacınız?

- İkimiz də atama oxşamışıq. Mənim mülayimliyim, utancaqlığım ondan keçib. Məsələn, anam çox emosionaldır, ancaq atam çox təmkinliydi. O təmkin bizə də keçib.

- Bacınız atanızın vəfatından sonra ona məktublar yazıb. Sanki o atanızın yoxluğunu daha dərindən yaşayıb.

- Atamın 40-ı heç çıxmamışdı, anamgildə qalırdıq. Birdən gəlib oturdu, dedi ki, mənə tez qələm-vərəq ver. Sinədəftər idi. Atama bir məktub yazdı, sonra da şeirlər yazmağa başladı. Ancaq sonra keçib-getdi. “Azərbaycan” jurnalında çap olunmuşdu. Çox yaxşı qələmi var idi. Bir dəfə atam sağ olanda ona məktub yazdım, qoydum stolun üstünə. Soruşanda dedim ki, kimsə qoyub. Oxuyub qurtarandan sonra mənim yazdığı öyrənəndə dedi ki, sənin yaxşı qələmin var.

- Yusif bəy xeyli vəzifələrdə işləyib. Məhsuldar olmamağının səbəbi bu ola bilər?

- Ola bilər. Ancaq tənbəlliyi də var idi. İstəsəydi, daha çox yazardı. Ancaq o elə yazıçı deyildi. Az yazırdı, yaxşı yazırdı. Qrafoman deyildi.

- Kinostudiyada da işləyib. Sizi çəkilişlərə aparırdı?

- Hə. Bir dəfə “Yeddi oğul istərəm"ə apardı. Onda biz lap balaca idik. Bir dəfə də Eldar Quliyev yaşadığımız evin qabağında film çəkirdi. Ora da apardı məni.

- Dolanışığınız necə idi?

- 90-cı illərdə çətinlik var idi. Ancaq bacımla mən hiss etməmişik. Sonra hər şey yavaş-yavaş düzəldi. Əvvəlcə maşın, sonra ev verdilər. Milli Məclisdə olandan sonra lap yaxşı oldu.

- Səməd Vurğunun nəvəsi, Yusif Səmədoğlunun qızı... Böyük məsuliyyətdir.

- Hə. Anam bəzən mənə deyir ki, sən, deyəsən, kimin nəvəsi olduğunu yadından çıxarırsan. Ancaq bu mənə heç vaxt mane olmayıb, əksinə, mənim üçün böyük şərəfdir.

- Səməd Vurğun haqqında o vaxt da, bu vaxt da ziddiyyətli yazılar yazılıb, yazılır. Atanızın buna münasibəti necə idi?

- İnanırsınız, biz anamla hirslənirdik, gəlib deyirdik ki, ata, bax gör nə yazıblar baba haqqında? Deyirdi ki, boş verin, xalq onların cavabını verəcək. Heç vaxt onlara baş qoşmazdı, cavab yazmazdı. Qətiyyən onların səviyyəsinə enməzdi. Bizə də ondan keçib. Fikir vermirik. Sosial şəbəkələrə baxıram, insanlar onların cavabını verirlər. Bəzən deyirlər ki, məhkəməyə verin. Niyə o cılız insanların səviyyəsinə düşək?

- Özünün ən çox sevdiyi əsəri hansı idi?

- “Qətl günü”nü çox sevirdi. Bir dəfə ondan soruşdum, dedi ki, Humayla səni sevirəmsə, onları da elə sevirəm. Ancaq mən “Bayatı-Şiraz” hekayəsini daha çox sevirəm.

- Bəs baba kimi necə idi?

- Uşaqları üçün ürəyi gedirdi. Ata kimi necə idisə, baba kimi onun yüz qatı. Bir hadisə yadıma düşdü... O vaxt atam oğul gözləyirdi ki, nəslim davam eləsin. Tibb bacısı çıxıb qışqırdı ki, Yusif müəllim, təbrik eləyirəm, oğlunuz olub. Sonradan dedilər ki, nə oğlan, qızdır. O da qayıdıb ki, bəs yaxşı-yaxşı yoxlayın, bəlkə, oğlandı. Ancaq sonra xəstə vaxtında həkimə demişdi ki, mən iki qızımı min oğla dəyişmərəm. Birinci nəvəsi qız, ikinci nəvəsi oğlan oldu. Mənim də iki oğlum oldu. Artıq xəstəxanada idi, arıqlamışdı. Dedim ki, ata, uşaqlar səni görmək istəyir. Qoymadı. İstəmədi ki, onu belə görsünlər. Yadıma gəlir, oğluma hamilə idim. Əmimlə oturmuşdular. Otağa girib dedim ki, biriniz Xalq şairi, biriniz Xalq yazıçısı. Mənə yaxşı bir oğlan adı deyin. Atam da dedi ki, sənin onun adını Yusif qoymalısan. Mən də oğlumun adını Yusif qoydum.

- Deputat kimi daha rahat idi, yoxsa yazıçı kimi?

- Onun xarakterində zərrə qədər də bürokratiklik yox idi. Milli Məclisə gedirdi, çıxış eləyirdi, ancaq onun üçün əsas həmişə yaradıcılıq idi. Elə ona görə də az işlədi. Ümumiyyətlə, o heç vaxt işə 9-da gedib 6-da gəlməyib. Rahat işləyib.

- Deyilənə görə, “Qətl günü”ndə hansısa hissəni çıxarmaq istəyiblər. Reaksiyası necə oldu?

- Çox pis. Zəng eləyib dedilər ki, o hissəni çıxarıb bu şəkildə yazmalısan. Ona elə şey demək olar? Dedi ki, mənim romanım olduğu kimi çap olunmasa, mən çıxıb gedəcəm Almaniyaya. Ondan sonra olduğu kimi çap olundu. Yazıçıya elə şey demək olmaz. Ondan çox stres keçirirdi, büruzə verməsə də.

- Səhhəti necə pisləşməyə başladı?

- Anamın səhhətində problem var idi. Almaniyaya getdilər. Orada atam da çek-ap etdirdi, gəldilər. Almaniyadan epikriz gəldi. Mən də onu tərcümə etdirdim. Oxuyanda xərçəngin dördüncü mərhələsində olduğunu öyrəndim. Bacıma dedim. Sonra təzədən Almaniyaya getdik. Onun bütün müalicə xərclərini Heydər Əliyev qarşılayıb. Almaniyada kimyaterapiya etdirdik. Sonra dedi ki, ölərəm, bir də kimyaterapiya etdirmərəm. Martda diaqnozu qoydular, avqustda rəhmətə getdi.

- Həmin vaxt evdə qalırdı, yoxsa xəstəxanada.

- Xəstəxanaya gedib-gəlirdi. Anam ondan ayrılmırdı. Xəstə idi deyə gecələr işıqlar söndürülmürdü. Anam yazıq bütün günü onun başında keşik çəkirdi. Xəstəliyi çox ağır keçirdi. Ömür boyu xəstəlikdən qorxdu, axırda başına gəldi. Sonra da Vaqifdə, Aybənizdə.

- Vəsiyyət etmişdi?

- Yox. Tibbdən başı çıxırdı, başa düşmüşdü özü. Biz ondan gizlədirdik, o da bizdən. Ona görə də, demirdi ki, mən olmayanda sonra elə eləyin, belə eləyin. Bizi qoruyurdu.

- Vəfat edəndə yanında idiniz?

- Hə, yanıda idim. Əlindən tutmuşdum. Hamımız yanında idik.

- Özündə idi?

- Yox. Hiss eləyirdim ki, əli soyuyur. Hamı yanaşı otaqda oturmuşdu. Dedim ki, gəlib, az qalıb. Əlindən tutub qulağına deyirdim ki, ata, qorxma yanındayıq.

- Yusif Səmədoğlusuz dövr necə keçdi?

- Çox ağır. Əsas da anama çox ağır idi. Ətrafıma baxırdım, rəfiqələrimin ataları rəhmətə gedirdi. Heç biri bizim kimi keçirmədi. Düzgün hərəkət deyildi, ancaq mən uşaqlarımdan gizlətmişdim babalarının vəfatını. Sonra haradansa eşitmişdilər. Dedilər ki, baba rəhmətə gedib, bizə niyə deməmisən? İndinin özündə də anam o haqda danışa bilmir. 27 il keçib, hələ də ağır gəlir. Çünki qəbul eləyə bilmirəm. Həyatı bu qədər sevən insan niyə belə tez getdi. Elə gözəl geyinib-keçinirdi ki... Peşəkar fotoqraf idi.

Yadıma gəlir, Vaqif küçəsində qalırdı. Balaca mətbəximiz var idi. Axşamları o mətbəx laboratoriya olurdu. Pəncərə bağlanırdı. Atam həm şəkil çəkirdi, həm də onları çap eləyirdi. Mayeləri-filan soyuducuda saxlayırdı. O vaxt fotoqrafların sərgisi olanda biz də onun şəkillərini ora verdik.

- Bəs ova necə, marağı var idi?

- Qətiyyən! Heyvan öldürməklə arası yox idi. Vaqif sevirdi babam kimi. Amma atam yox. Bir dəfə də olsun əlinə tüfəng almayıb. Vaqif babama daha çox oxşayırdı. Atam fərqli idi. Adam var 30 yaşındadır, baxırsan ki, artıq qocalıb. Atam insanları, təbiəti sevirdi.

- Yusif bəy xüsusən gənclər tərəfindən çox oxunur. Sizcə, bu aktuallığının səbəbi nədir?

- Təbii ki, yazdığı əsərlərin ideyası. Mövzuları xüsusi seçirdi. Hansı əsərini oxuyursan, elə bil bu dövr haqqındadır.

- Ona deyə bilmədiyiniz, ürəyinizdə qalan çox şey oldu?

- Hə, lap çox. Atam rəhmətə gedəndən sonra yasda o qədər adam mənə dedi ki, mənim oğlumu işə düzəldib, mənim bu problemimi həll eləyib. Bacımla bir-birimizə baxırdıq. Atamıza başqa rakursdan baxmağa başladıq. Çünki o bunların heç birini bizimlə bölüşmürdü. Bizə görə heç kimə ağız açmırdı. Onsuz da hamı bilirdi ki, Səməd Vurğunun nəvəsiyəm. Hamıya eyni gözlə baxardı. Vəfat etdiyini birinci akvariumu düzəldən adam bildi.

- Hazırda yaşasaydı, ona nə demək istəyərdiniz?

- Heç nə. Onu bərk-bərk qucaqlayardım. Buraxmazdım…

Foto: İlkin Nəbiyev

Sonsuz intizar - Frensis Fitsceraldın hekayəsi

Səlim Babullaoğlunun kitabı Danimarkada nəşr olundu

Bakıda “Boşluğa xütbə” filminin premyerası keçiriləcək

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
12
2
kulis.az

3Источники